EN

Kir Starmer: Biz bunu bacardıq!

Bakı, 5 iyul, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın demək olar ki, bütün aparıcı media orqanları bu gün nəşrlərinin birinci səhifələrində Leyboristlər Partiyasının liderinin “Biz bunu bacardıq!” sitatı ilə birlikdə Kir Starmerin fotosunu dərc ediblər.

“The Guardian” İcmalar Palatasına keçirilən ümumi seçkilərin nəticələrini “siyasi sensasiya” adlandırır. Nəşr qeyd edir ki, exit-polların nəticələrinin yekunda yerlərin sayına necə çevriləcəyi ilə bağlı ehtiyatlılığa baxmayaraq, milyonlarla insanın sərt sağçı antiimmiqrasiya partiyasına səs verdiyi aydındır.

“The Times” Rişi Sunakın ümumi seçkilərdə leyboristlərin qələbəsini etiraf etməsindən sonra Kir Starmerin Londonun mərkəzində tərəfdarları qarşısında çıxışından diqqət çəkən məqamları dərc edir. “Biz bunu bacardıq! Siz bunun üçün kampaniya apardınız, mübarizə etdiniz, səs verdiniz, indi də nəticələri oldu. Dəyişiklik bundan sonra başlayır”, - deyə o bildirib.

“Partiyada dəyişikliklər üçün dörd il yarım iş aparılıb. Artıq dəyişmiş Leyboristlər Partiyası ölkəmizə xidmət etməyə, Britaniyanı yenidən zəhmətkeş insanların xidmətinə verməyə hazırdır”, - deyə leyboristlərin lideri bildirib.

BBC isə yazır ki, Rişi Sunak mühafizəkarların uduzduğunu etiraf edib və Starmerə qələbə münasibətilə təbrikini çatdırıb. O, həmçinin Mühafizəkarlar Partiyasının ümumi seçkilərdəki tarixi məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.

Nəşrlər qeyd edirlər ki, müxalif Leyboristlər Partiyası parlamentin aşağı palatasına - İcmalar Palatasına keçirilən seçkilərdə yerlərin mütləq əksəriyyətini qazanıb. Səsvermə bülletenlərinin bir hissəsinin hesablanması nəticələrinə əsasən, leyboristlər cümə günü səhər saatlarına olan 650 parlament mandatının 340-dan çoxunu alıblar, mütləq çoxluq üçün isə 326 yer lazımdır.

Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticəsi o deməkdir ki, Leyboristlər Partiyasının lideri, 61 yaşlı Sir Kir Starmer ölkənin yeni Baş naziri olacaq.

Bu gün, iyulun 5-də Rişi Sunak, daha sonra isə Kir Starmer Kral III Çarlzın qəbulunda olmaq üçün “Bukingem” sarayına gedəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
azertag.az

1Sources