EN

Qızlar ərə getməsin, məktəbə getsin!

İstənilən millətin formalaşmasında, onun dünya xalqları arasında öz yerini tutmasında, əzilən deyil, müstəqil olmasında və inkişaf yolunu sərbəst müəyyənləşdirməsində bir sıra amillərlə yanaşı, təhsil də son dərəcə mühüm, bəzi hallarda hətta həlledici rol oynayır. 

Azərbaycan xalqı özünün qədim və keşməkeşli tarixində çoxsaylı sınaqlardan keçməli olub, müəyyən dönəmlərdə olum, ya qalım dilemması üzləşib. Lakin ağır məhrumiyyətlər və itkilər hesabına bu çətinlikləri dəf edən xalqımız dünyanın sivil millətləri sırasına öz imzasını əbədi həkk etməyi bacarıb. Dünya poeziyasının nəhəngi Nizami Gəncəvidən, dünya elminə bənzərsiz töhfələr verən Nəsirəddin Tusidən başlayaraq, yaxın tariximizdə yaşayıb-yaradan aydınlarımız elm və təhsilin vacibliyini daim önə çəkiblər. 

Təbii, millətin təhsilə yönlənməsinin əhəmiyyətini qeyd edərkən, milli və dini spesifikadan qaynaqlanan nüansları nəzərə almamaq, onları görməzdən gəlmək mümkün deyil. Azərbaycanın yerləşdiyi coğrafiyanın etnik-dini xüsusiyyətləri, regionun tarixi dövlətləri arasında bitməyən savaşlar nəticəsində elmin arxa plana keçdiyi, toplumun heç olmasa, minimum dərəcədə savadlanmasını özlərinin şəxsi maraqlarına böyük təhlükə kimi görən saxta ruhanilərin xalqı qaranlığa sürüklədiyi, aydınların çarmıxa çəkdirildiyi dönəmlər də olub. Ancaq tarixin təkərini dayandırmaq, ziya günəşini qara buludlar arasında əbədi gizlətmək imkan xaricindədir. O baxımdan, Azərbaycan xalqının istər müstəqil dövlətə sahib olduğu, istərsə də müvəqqəti əsarət zolağına düşdüyü vaxtlarda belə millət öz ziyalılarını, ona yol göstərəcək elm sahiblərini yetişdirməyi bacardı. Bu gün müstəqil dövlətimizin varlığı, əslində, nəzərdə tutulan aydınlarımızın fədakarlığı sayəsində sağlam təməllər üzərində təşəkkül tapıb. 

Sözsüz ki millətin təhsili haqqnda danışarkən bu prosesin rəvan, problemsiz getdiyi, cəmiyyətin bütün təbəqələrini proporsional qaydada əhatə etdiyini söyləyə bilmərik. Bu çərçivədə xüsusilə, qadınların təhsilə cəlb olunmalarında qarşıya çıxan maneələr, oxuyub savadlanmaq arzusunda olan zərif cins nümayəndələrinin o istəklərinin önünə çəkilən səddlər yüz il əvvəl olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır və ciddi narahatlıq doğurur. 

Dünyada köklü dəyişikliklərin baş verdiyi XX əsrin əvvəllərində cərəyan edən çoxyönümlü proseslər Rusiya İmperiyasının ucqarı olan Azərbaycana da təsirsiz ötüşmədi. Milli burjuaziya təbəqəsinin, geniş, təəssübkeş zyalı kontingentinin formalaşması qadın hüquqları və onların təhsil məsələlərini geniş planda gündəmə gətirdi, bu istiqamətdə o dövr üçün tarixi sayılacaq addımların atılmasını stimullaşdırdı. Bu sırada ötən əsrin əvvəllərində böyük mesenat, millət atası Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maddi dəstəyi ilə Bakıda Qızlar Məktəbinin açılması müsəlman Şərqi üçün inqilabi xarakter daşıyırdı. Türk dünyasının böyük mütəfəkkiri Ömər Faiq Nemanzadə o illərdə Bakıda olarkən neft şəhərində təhsilin aşağı səviyyəsindən nə qədər məyus olmuşdusa, Qızlar Məktəbinin açılmasına görə keçirdiyi məmnunluq hissini dərin coşqu ilə bəyan etmişdi. 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması azərbaycanlı qadınların təhsil və digər sahələrdə özlərini göstərmək imkanlarını xeyli genişləndirdi. Milli Hökumətin elm və təhsillə bağlı qəbul etdiyi demək olar, bütün qərarlarda qadınların iştirakçılıq nisbətinin artırılmasına xüsusi diqqət ayrılırdı. 

Qadınların təhsilə cəlb olunmaları sovetlər dövründə də fərqli üsullarla davam etdirildi və zərif cins mənsublarının savadlılıq göstəricisi ildən ilə artmağa başladı. Lakin Azərbaycan cəmiyyətində mövcud olan bir sıra sterotipləri sovetlərin zorakılıq maşını da söküb-dağıda bilmədi. Davamlı təzyiq və təhdidlərə baxmayaraq, bir çox ailələr qız övladlarının məktəbin yolunu tanımalarına, oxuyub savadlanmalarına sona qədər imkan vermədilər. Bu yanaşma müəyyən çevrədə 1991-ci ildə keçmiş SSRİ-nin süqutuna qədər dəyişməz qaldı. 

Azərbaycanın həmin ilin 18 oktyabrında Dövlət Müstəqilliyin bərpa etməsi milli və hərtərəfli inkişaf, yeni və dünyagörüşlü cəmiyyət quruculuğu üçün yeni imkanlar açırdı. Ancaq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində işğalçı müharibəyə başlaması və ölkə ərazisinin 20 faizini işğal etməsi, bunun nəticəsində 1 milyona yaxın soydaşımızın öz doğma yurdlarından didərgin düşməsi dövlətin varlığını böyük risk altına almışdı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müharibənin dayandırılması və uzunmüddətli atəşkəsin əldə olunması digər sahələr kimi, təhsildə də vəziyyəti sabitləşdirməyə zaman qazandırdı. 

Ancaq çox təəssüf ki, Azərbaycanın sürətli inkişafı və öz ərazi bütövlüyünü bərpa edərək tamamilə yeni keyfiyyət mərhələsinə daxil olması da ölkədə qızların təhsil almaq problemini ortadan qaldırmadı. 100 il əvvələ xas olan xürafat və cəhalətin əlamətləri bu gün də cəmiyyətin müəyyən təbəqələrində özünə yer edərək qızların təhsilə yönəlmələrinin qarşısında sədd yaratmaqdadır. Bunun nəticəsində bir sıra bölgələrdə müəyyən sayda qızlar artıq aşağı siniflərdən sonra dar dünyagörüşlü valideynlərinin təzyiqi ilə təhsildən kənarlaşdırılır, bu da azmış kimi erkən yaşda evləndirilməklə, uğaqlıq və gənclik arzularını ürəklərində boğmaq məcburiyyətində qalırlar. Etiraf etmək lazımdır ki, dövlətin bu halların qarşısını almaq üçün atdığı addımlar da hələ ki gözlənnilən effekti vermir. Yəni qızların təhsildən məcburi, bir çox hallarda isə zorakı qaydada uzaqlaşdırılması faktlarına müntəzəm rast gəlinir. 

Statistikaya nəzər salsaq, ölkənin həm orta, həm də ali məktəblərində qız şagird və tələbələrin sayı bir sıra parametrlərdə oğlanların sayını üstələyir. O cümlədən, orta təhsil üzrə bilik göstəricilərində də qızların nailiyyətinin oğlanlara nisbətdə daha çox olduğu müşahidə edilir. Həyatın növbəti mərhələlərində isə vəziyyət kəskin dəyişir. Məktəb və universitetlərdə öz uğuru ilə müəllimlərini fərəhləndirən xanımların çoxu bu və ya başqa səbəblərdən statistik evdar qadına çevrilir. 

VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva də bəzi hallarda qızların təhsil sahəsində problemlər yaşadığını təəəsüflə qeyd edib.

“Əvvəlki illərlə müqayisə etsək görərik ki, indi qızlar təhsilə daha çox maraq göstərirlər. Amma təəssüf ki, bu sahədə problemlər tam aradan qalxmayıb. Məsələn, bəzi bölgələrimizdə qızların erkən nikaha daxil olması onların təhsilinə başlıca maneədir. Təbbi ki, burada ədad günahkar valideynlərdir. Hələ də erkən evliliyi təhsildən üstün tutan valideylərə rast gələ bilirik ki, bu da günümüzün qəbuledilməz faktorudur. Doğrudur, qızların erkən nikahının qarşısının alınması üçün dövlət qurumları, QHT-lər və kütləvi informasiya vasitələri tərəfindən maarifləndirmə,  təbliğat işləri aparılır. Amma bu sahədə vəziyyət düzəlməyibsə, təbliğatı gücləndirməliyik. Məcbur deyil ki, qızların hamısı ali təhsil alsın. Onlar kolleclərdə, peşə məktəblərində təhsil almaqıa gələcək karyeralarına istiqamət götürə bilərlər”. 

Deputat cəmiyyətin inkişadı və gələcəyi naminə qızlar üçün səfərbər olmağı vacib sayıb. 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli hesab edir ki, qızların təhsildən yayındırılması kimi aktual problemin həllində administrativ metodlardan istifadə o qədər də effektli deyil:

“Qızların təhsildən yayınmasının başlıca səbəblərindən biri də onların erkən evliliyə cəlb edilməsidir. Təəssüf ki, bu cür hallara qarşı mübarizə gözlənilən nəticəni vermir. Bu mənfi tendensiya ucqar rayonlarda daha geniş yayılıb. Düzdür, son illər dövlət qurumlarının, xüsusilə, polisin belə neqativ hallara müdaxiləsi artıb, təsirli tədbirlər görülür. Amma problemin həlli sadəcə, inzibati resursları işə salmaqdan keçmir. Hesab edirəm ki, bu məsələdə maarifləndirici tədbirlərə də geniş yer verilməlidir. Təcrübə göstərir ki, son illər qanun çərçivəsində tədbirlərin görülməsi bu sahədə bir qədər fərqli vəziyyət yaradıb. Bəzi valideynlər artıq qanunsuzluq etməkdən çəkinərək azyaşlı qızlarını nişanlamaqla kifayətlənirlər. Ancaq bu da yaxşı hal deyil. Çünki nişan mərasimindən sonra qızlar fərqli mühitə daxil olurlar. Evdəki mühitin məktəbə gətirilməsi bütövlükdə tədris prosesinə mane olur, sinifdə uyğunsuz psixoloji atmosfer formalaşır”. 

Müşfiq Ələsgərli medianın qızların təhsili ilə bağlı problemləri işıqlandırmasında son illər daha peşəkar davrandığını bildirib. Onun sözlərinə görə, əvvəllər olduğu kimi, erkən yaşda ərə verilən, nişanlanan, yaxud ailədə şiddətə məruz qalan qızlarla bağlı xəbərlər “Media haqqında” Qanunun tələbləri əsasında hazırlanır. Bu vaxt qızlarla bağlı məlumatlar ictimailəşmir, onların üzü, şəxsi məlumatları gizli saxlanılır. 

Müzakirə olunan mühüm mövzu ilə bağlı fikirlərini bölüşən psixoloq Vüsalə Rüstəmin fikrincə, qızların təhsildən yayınmasının qarşısının alınmasında pedaqoqların üzərinə böyük vəzifə düşür:

“Qızları təhsildən yayındıran əsas qüvvə onların valideynidir. Qız müəyyən yaşa çatdıqda, bəzi valideynlər ondan yaxa qurtarmaq üçün guya öz qızı üçün “gələcək” düşünür. Çox zaman qızı təhsildən yayındırıb yaşca özündən böyük insanlara ərə verir, bununla da övladını sonu görünməyən yola itələyirlər. Təhsilsiz, heç bir peşə sahibi olmayan qızlar isə ya boşanır, ya evdən qaçır, ya da erkən doğuş zamanı ölür. Valideynlər anlamalıdırlar ki, indi sovet dövrü deyil, sənin çörək verə bilmədiyin uşağa kimsə nə normal çörək verəcək, nə də xoşbəxt edəcək. 

Qızların təhsildən yayınmasının qarşısını almaq ilk növbədə müəllimlərin vəzifəsidir. Cəfər Cabbarlı "Almaz" əsərində müəllimin gücünü və bir bölgə üçün qurtuluş işığı olduğunu ustalıqla göstərib. Müəllim həm uşaqlarla, həm də onların anası ilə davamlı iş apararaq atanı belə səhv yoldan çəkindirəcək gücdə olmalıdır. Bunlar mümkün olmadıqda isə müvafiq orqanlardan kömək istənilməlidir. Bu sahədə müəllim, məktəb rəhbərliyi və psixoloq birgə işləməlidir. Müəllim qaranlığa və cəhalətə cəsarətlə savaş açmalıdır. Müəllim işıqdır, kənd uşaqlarının ümididir. Bu ümid öləziyə bilər, amma heç vaxt sönməməlidir”.

Son dövrlərdə qızların təhsilini stimullaşdıran, dövlət tərəfindən də dəstəklənən çox sayda vacib layihələr icra olunmaqdadır. Bu addımlar qızların təhsilə marağının artırılması və onların karyera quruculuğuna yönəlmələri baxımından çox zəruridir. Ancaq bütün bunlarla yanaşı, qızların təhsil almasını əngəlləyən əlverişsiz mühitin aradan qaldırılması prioritetə çevrilməlidir. 

Seymur VERDİZADƏ 

Yazı “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur. 


Telegram kanalımız
Chosen
152
yenisabah.az

1Sources