EN

Qərbin təqdim etdiyi dəyərlərin çöküşü - So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Etibar Əliyev, millət vəkili:

- Feysbukda məzmunlu yazılara və informasiyalara maraq artır. Bu, evolyusiyadır. Təhsil, elm, mədəniyyət mental məsələ olduğu kimi, sosial şəbəkələr də mental məsələdir.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix fon Hayekin 1972-ci ildə yazdığı "Azadlığın konstitusiyası" kitabından: "Biz texnoloji imkanların inkişafının şüurumuzun üzərində nəzarəti epoxasının astanasındayıq". Yaşadığımız İnformasiya cəmiyyətində bizim bütün həyatımız İnternetin ətrafında cərəyan edir.

Konkret olaraq feysbuk ünsiyyət vasitəsi deyil, fərqlənmək şansıdır. Başqalarından geri qalmamaq mərəzidir. Feysbukun ən aktiv iştirakçıları bundan "sosial müşahidə" kimi istifadə edirlər. İnformasiya cəmiyyətində qəzetləri feysbuk səhifələri, ənənəvi televiziyaları isə İnternet televiziyalar əvəz etməyə başlayıb. İnternet televiziyaların tam əksəriyyəti ayrı-ayrı şəxslərin ambisiyasının məhsuludur, narsistlərin at oynatdığı məkandır. Cəmiyyətdə bunlara qarşı nifrət formalaşıb. Ənənəvi televiziyalarda evolyusiya qaçılmazdır.

Jurnalistlər, ekspertlər İnternetin təkamülü prosesinin bir mərhələsində anladılar ki, onların yerini blogerlər tutublar. Jurnalist olmaq üçün Ali məktəb bitirmək, analitik düşünmək, oçerklər yazmaq, təhlillər aparmaq lazımdır. Bloger üçün bunların heç biri vacib deyil. O, özü-özünü elan edir. Başqa sözlə, özü-özünün ağasıdır. O, senzurasızlıqdan və nəzarətsizlikdən istifadə edib istənilən məsələyə, bir çox hallarda irrasional, subyektiv, qərəzli münasibət sərgiləyir. Burada ona ruh verən hətta şəxsiyyəti qeyri-müəyyən qalan "şəxslərin " "bəyənmə" işarəsi qoymasıdır. Massaçusets Texnologiya İnstitutunun professoru Şerri Törkl yazır: "FOMO - yaxud itirilmiş imkanlar sindromu təhlükəlidir.  Hər dəqiqə sosial şəbəkədə səhifəmizi yoxlayırıq ki, kim bəyənib, kimlər cavab yazıb, yaxud paylaşıb. FOMO - beyindən silinməyən və o qədər zəhlətökən xarakter alıb ki, artıq patalogiya qaçılmazdır. Artıq ailələr şam yeməyinə əyləşəndə də telefonla qurdalanırlar. Bu, kədərli mənzərədir. Gənclərlə vəziyyət isə daha acınacaqlıdır. Onların canlı ünsiyyətləri telefon ekranında baş verir". Ən təhlükəlilər narsistlər və nadanlardır.

2012-ci ildə Barak Obama maraqlı bir açıqlama ilə çıxış etdi: "İnternet öz-özlüyündə yaranmayıb. İnterneti alimlər dövlətin sifarişi əsasında yaradıblar. İndi isə dövlətin nəzarətindən çıxıb". Bəli, İnternet, votsapdan istifadə ölkələrə fərqli həyat yaşatdı.

Sosial şəbəkələrdən rasional istifadənin vaxtı çatıb. Hiss olunur ki, bu platformadan istifadəçilərin dünyagörüşü də dəyişir...

Dövlətin nəzarəti isə qaçılmazdır.

 

Eynulla Fətullayev, jurnalist:

- Azərbaycanla Çin Strateji İttifaq bağladılar. Olduqca mühüm sənəddir və ölkəmizin geosiyasi seçimi barəsində tam müfəssəl bilgi verir. Dövlətimiz üçün xeyirli-uğurlu olsun...

Çox düzgün və müdrik seçimdir!

 

Pərvin Abışova, jurnalist:

- Adam evin içində də ayaq saxlamağa qorxur ki, bu dəqiqə AYNA cərimə yazacaq.

Arzu Əsəd, şair:

- Vyana mühasirəsinin futbola nə aidiyyəti? Onda belə çıxır ki, növbəti oyunlarda Türkiyə millisi  məğlub olsa, Türkiyə dövləti yeni Çanaqqala döyüşündə darmadağın olunmuş hesab ediləcək? Qalibiyyət həzzi insana normal qürur, dəyərlilik, yüksəliş hissi bəxş etməlidir, daha onda patoloji şəkildə başqalarını alçaltmaq, dəyərsizləşdirmək, şit şovinist duyğular yaratmamalıdır.

 

Ceyhun Əliyev, jurnalist:

- Çığır-bağır yox, keyfiyyətli məhsul təqdim etdi dünən Tural Dadaşov. Zövqlər fərqlidir, mən Vasili Utkinin şərhlərini zirvə saymışam hər zaman. Ötən gecə Azərbaycanımızın Utkinini dinlədim.

 

Aqşin Kərimov, jurnalist:

- Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşü dünyada baş verən sürətli dəyişikliklərin regional təsirlərinə baxış prizmasından önəmlidir.

İkinci önəmli cəhət zirvə görüşünün Şuşada keçirilməsidir, bu o deməkdir ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar "Türk Dünyası 2040" vizyonu üçün əhəmiyyətli istiqamətlər təqdim edir.

Şuşada keçiriləcək sammit Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələrinin beynəlxalq təhlükəsizlikdə yaratdığı qeyri-müəyyənliklərdə TDT-nin davranış modelləri üçün müzakirələrlə yadda qala bilər.

Çünki TDT dünyada tüğyan edən münaqişələrə baxmayaraq, sülh və təhlükəsizlik, əməkdaşlıq modellərinə daha çox yer ayıran təşkilata çevrilib.

Həmin tezisləri Şuşada keçiriləcək sammitlə inkişaf etdirmək TDT-nin gündəliyinə daxildir. Yəni Şuşa zirvəsi TDT-nin regional səviyyədən qlobal miqyaslı ittifaqa çevrilməsi istiqamətinə əlavə stimuldur.

TDT öz proqram və strategiyasını inkişaf etdirməlidir, buna görə isə qlobal dinamikaya əsaslanan ideoloji hab, institusional əməkdaşlıq üçün alternativlər yaratmalıdır.

Bu, o zərurətdən qaynaqlanır ki, dünyada Qərbin təqdim etdiyi dəyər və prinsiplərin çöküşü baş verir. TDT üçün fürsətdir ki, üç güc mərkəzi - NATO-Rusiya və Çin - ilə balanslı dinamikanı saxlamaqla ideoloji cəbhələrdə yaranan boşluqları doldursun.

Hesab edirəm ki, TDT-də təmsilçilik hüququna malik dövlətlərin liderləri görüşlər zamanı bu məsələyə ayrıca vurğular edirlər. İdeoloji çətir üçün ortaq dil, mədəniyyət və siyasi iradə mövcuddur ki, bu da qlobal nizama təsir edə biləcək müştərək ideoloji proqramın yaranması ehtiyacını meydana çıxarır.

Fikrimcə, TDT iqtisadi, sosial və mədəni, ideoloji standartlarını yüksəltmək üçün Şuşadakı zirvə görüşündən yararlanacaq. Bu, qlobal və regional geosiyasi reallıqları dərk edən TDT-nin sülhə, sabitliyə, təhlükəsizliyə nail olmaq şanslarına təkanlar verəcək.

 

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri:

- Rəşad müəllim, biz Tural Dadaşovla bir dəfə səfərə getmişdik. Bilirsiniz o, nə qədər kitab aldı?! Həm də uzun illər "Xəmsə" intellektual verilişinin aparıcısı olub.

Bunu Avstriya-Türkiyə oyunundan iki gün öncə futbol şərhçiləriylə bağlı söhbətdə idman jurnalisti İbrahim Cəfərov söylədi.

Futbol üzrə Avropa çempionatı başlanandan həyəcanla birgə şərhçilərimizlə bağlı ara-sıra iradların da şahidi oluruq. Minlərlə insan diqqətlə qulaq kəsiləndə əlbəttə ki, hansısa söz kiminsə ürəyinə yatmaya bilər. Amma mən şərhçilərimizdən razı qalmışdım. Ümumiyyətlə, idman jurnalistlərimizin üstün səviyyəsi, məlumatlılığı, öz işlərinə içdən sevgisi barədə imkan düşən kimi fikir bildirmişəm. Türkiyənin Avstriyanı məğlub etdiyi möhtəşəm oyunun şərhçisi Tural Dadaşova qarşı sosial şəbəkə istifadəçilərinin rəğbəti və alqışı isə çox təsirləndirdi. Elə bilirəm bu alqışlar və təriflər həm də neçə gündür əziyyət çəkən bütün futbol şərhçilərimizə və idman jurnalistlərimizə ünvanlanıb.

Kitab məsələsini isə elə belə xatırlatmadım. Peşəkarlığın yolu həm də kitab oxumaqdan keçir.

Elə "qəlbidaş" olmamağın da!

 

Ayaz Mirzəyev, jurnalist:

- Tural Dadaşov, sən neylədin qardaş?!

İntellekt, dünyagörüşü, sözün gücü və emosiya.

Bütün standartları yenilədin.

Belə gözəl şərh hələ eşitməmişdim... Əhsən.

 

Xəzər Süleymanlı, qiraətçi:

- Tural Dadaşovun şərhini ayrıca çıxardıb şeir kimi səsləndirmək də olar. Təşbehlər havada uçuşurdu.

 

Aydın Bağırov, jurnalist:

- Çox tənqid olunan Türkiyə millisi bu gün Avro-2024-də ən yaxşı oyununu sərgilədi və 1/4 finala adladı.

Fransa, Niderland kimi komandaların yer aldığı qrupdan lider kimi çıxan güclü Avstriya ilə görüşdə intizamlı, eyni zamanda dəqiq və cəsarətli oyun yalnız alqışlana bilər. Oyunun faktiki son 30 dəqiqəsində rəqib aramsız təzyiqlər etdi. Bir epizodda ani diqqətsizlik Türkiyənin qapısına qolla nəticələndi. Digər məqamlarda müdafiə xəttinin (Kadıoğlu, Merif, Bardakçı, Mert) etibarlı oyunu, qapıçı Mert Günokun gözəl seyvləri və son andakı fantastik qurtarışı - sadəcə bravo!

Mənə görə bu oyunun qəhrəmanı parlaq bir əzmkarlıq göstərən bütün Türkiyə millisidir. Amma əlbəttə, iki gözəl qol vuran mərkəz müdafiəçisi (!) Merih Demiral və qapıçı Mert Günok isə superqəhrəmanlardır.

1/4 finalda rəqib Niderlanddır.

2008-ci ildəki kimi yarımfinala yüksəlmək möcuzə sayılmaz.

 

Sahib Alıyev, millət vəkili:

- İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş prezidenti Karles Puçdemona amnistiyadan imtina edib. Puçdemon Araik Harutyunyan kimi İspaniyanın şəhərlərinə raket zərbəsi endirmək əmri veribmi, dinc insanlara qarşı hərbi cinayət törədibmi? Xeyr.  Robert Vardanyan sayaq vətəndaşı olmadığı bir ölkəyə iznsiz soxulubmu? Onun prezidentliyi bu dələduz ünsürün "dövlət nazirliyi" kimi qanunsuz idimi? Puçdemon hər hansı bir ispanı terrorla hədələyibmi? Yox! Və nəhayət, orta əsrlərdə neçə yüz il dövlətləri olmuş katalonların öz müqəddəratlarını təyin etmək haqları varmı? Bəli, var!

Elə isə təkidlə Qarabağdakı keçmiş separatçı rejimin cinayətkar təmsilçilərinin azadlığa buraxılmasını istəyən "kollektiv qərb"dəkilər niyə səslərini içlərinə salıblar? Nədən "prinsipal" üzvlərindən biri olan İspaniyadan Puçdemonun üzərindən məhkumluğun götürülməsini tələb etmirlər? Həm də bilə-bilə ki, o, sadəcə Kataloniyada keçirilən referendumda müstəqilliyə səs verən 90% seçicinin iradəsinə uyğun hərəkət edib, vəssalam.






















Bizi İnstagramda izləyin

Chosen
134
525.az

1Sources