EN

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksələn xətlə inkişaf edir. Beynəlxalq baxışın yüksək səviyyədə olması Azərbaycana böyük inamın, etimadın göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkələrin dövlət başçılarının şəxsi dostluq münasibətləri də əlaqələrin möhkəmlənməsində, yeni prioritetlər üzrə inkişafında əsas faktorlardan biridir. Bu gün Azərbaycan-Çin münasibətlərinin fonunda həm ölkələrin, həm də liderlərin şəxsi dostluq münasibətlərinin yol açdığı uğurları görürük. Şanxay Əməkdaşlıq təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Astanada səfərdə olan Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər münasibətlərimizin dünəninin, bu gününün və onların əsasında perspektivlərin aydın mənzərəsini yaratdı. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Astana Zirvə görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi dəyərləndirilir. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. 

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Bəyannamənin əsas müddəalarında da qeyd edildiyi kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. 

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, ötən il  Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard  dollar təşkil edib. Həmçinin, hazırda ölkəmizdə 300-dən çox Çin şirkəti  qeydiyyata alınıb ki, onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. İnvestisiyaların həcminə gəldikdə isə,  Çin Azərbaycan iqtisadiyyatına  930,8 mln. dollar, Azərbaycan isə  Çin iqtisadiyyatına  263,3 mln. dollar  həcmində investisiya qoyub. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Ölkəmiz  Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə mühüm addımları ilə diqqətdədir. Belə ki, Azərbaycan  “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Vüqar Rəhimzadə Azərbaycan-Çin münasibətlərinin qısa təhlili əsasında bu qənaətini açıqlayıb ki, qarşılıqlı etimad münasibətlərin yüksələn xətlə inkişafında, həmçinin yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də  rolu böyükdür. Ümumilikdə,  dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü iki ölkə arasında dialoqu daha da intensivləşdirəcək, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.


Telegram kanalımız
Chosen
49
9
yenisabah.az

10Sources