Fələstinin rəsmi VAFA xəbər agentliyinin yaydığı məlumata görə, Ərəb Liqası Fələstinin tələbi istiqamətində daimi nümayəndələr səviyyəsində fövqəladə iclas keçirəcək.
İclasda İsrailin Fələstin xalqına qarşı hücumları və qeyri-qanuni yaşayış məntəqələrinin sayını artırmaqla bağlı planları müzakirə olunacaq.
Fələstinin Ərəb Liqasındakı daimi nümayəndəsi səfir Muhenned Akluk deyib: “Bu iclas İsrailin Fələstin xalqına hücumlarını davam etdirdiyi və müstəqil Fələstin dövlətinin qurulmasına mane olduğu bir dövrdə keçiriləcək''.
İyunun 28-də İsrail Təhlükəsizlik Kabineti İordan çayının qərb sahilinin “B bölgəsində” yerləşən 5 qeyri-qanuni yaşayış məntəqəsinin leqallaşdırılmasını təsdiqləmişdi.
İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 15694-ü uşaq, 10 279-u da qadın olmaqla 37 953 fələstinli həyatını itirib, 87 266 nəfər isə yaralanıb.