EN

Azərbaycan və Ermənistan nazirlərinin NATO-ya dəvətinə Moskvadan cavab- saziş bu sənədlərlə imzalanacaq...

Image

Sahil Kərimli: “Bu gün Ermənistan NATO-ya üz tutursa…”

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin Azərbaycan və Ermənistanın 9-11 iyul tarixlərində Vaşinqtonda NATO sammitinə dəvət olunmasına münasibət bildirib.

Nastasinin sözlərinə görə, Vaşinqton Rusiyanın dostlarını və qonşularını ölkə ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır və Avropa buna göz yumur.

Nastasinin sözlərinə görə, Vaşinqton Rusiyanın dostlarını və qonşularını ölkə ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır və Avropa buna göz yumur:

"Bu, ABŞ-nin öz destruktiv təsirini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin daha bir nümunəsidir. NATO üzvlərinin regional məsələlər üzrə öz yanaşmalarını necə israrla irəli sürdüyünü görürük".

Bundan başqa, Rusiya XİN nümayəndəsi Qərbin Ermənistanın silahlandırması məsələsinə də toxunub. Nastasin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdəki üçtərəfli kompleks razılaşmaları Bakı-İrəvan münasibətlərinin normallaşması üçün universal baza olaraq qalır:

"Ermənistan silahla doldurulur, onun müdafiə sektorunu yenidən qurmağa, KTMT daxilində mövcud olan kollektiv təhlükəsizlik mexanizmlərini sarsıtmağa çalışırlar. Əminik ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik region ölkələrinin özləri tərəfindən regional məsuliyyət çərçivəsində təmin edilə bilər və edilməlidir".

Göründüyü kimi, Rusiyanın bu mövzu ilə bağlı reaksiyası qısa olsa da, çox sərtdir. Onlar qeyd edir ki, sülh sazişi ilə bağlı universal baza rolunu Rusiyanın vasitəçiliyi ilə əldə olunan nəticələlər oynayacaq. Açıq mətnlə deyilir ki, kənar müdaxilələrə imkan verilməyəcək. Bu vəziyyət sülh perspektivinə necə təsir edə bilər?

Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində Rusiyanın da müəyyən qədər təsirləri var:  “Çünki ilk növbədə, Ermənistan hər nə qədər də Rusiyadan qopmağa, Qərbə üz tutmağa çalışsa da, hələ də Rusiya ilə müttəfiqdir. Uzun illər Rusiyanın fortpostu kimi fəaliyyət göstərən ölkə bu gün də Rusiyanın təsiri altındadır. Mən hesab edirəm ki, Rusiya Ermənistanın sülhə məcbur edilməsi istiqamətində öz töhfələrini verə bilər. Xüsusilə də 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kaputiliyasiya aktına imza atması, üçtərəfli bəyanatı imzalaması istiqamətində də Rusiyanın vasitəçiliyini unutmamalıyıq. Həmin dövrdə Rusiya vasitəçilik edərək bəyanatın imzalanmasına öz töhfələrini verdi. Son dövrlərdə də o müəyyən fəallıq göstərir ki, sülh prosesinin irəliyə aparılması istiqamətində nəsə versin. Təbii ki, burada Qərb amili unudulmamalıdır. Bu gün ABŞ, Avropanın müəyyən siyasi dairələri sülh prosesində öz varlıqlarını qoruyub saxlamaq üçün müəyyən addımlar atırlar, planlar hazırlayırlar, Ermənistana təzyiqlər edirlər, ona bu istiqamətdə müstəqil siyasət yürütməyə imkan vermirlər. Belə olduğu təqdirdə, Rusiyanın bölgədə, xüsusilə Cənubi Qafqazda olan nüfuzunu nəzərə alsaq görərik ki, Moskva  sülh prosesinin imzalanması yolunda öz təsir imkanlarından istifadə edəcək. Əgər bu gün Ermənistan NATO-ya üz tutursa, NATO və Avropa İttifaqı xətti götürürsə, bu da, təbii ki, Rusiyanı qıcıqlandırır. Ermənistanın bu oyunları onu daha da dalana aparır. Çünki o, müstəqil siyasət yürüdə bilmir və müəyyən Qərb dairələrinin təsirinə düşür. Nəticədə Azərbaycanla sülh prosesi də uzanır, bizim haqlı və qanuni tələblərimizi Ermənistan yerinə yetirmək istəmir. Ancaq Azərbaycanın mövqeyi sərt, qətiyyətli, haqlı və ədalətlidir. Mən düşünürəm ki, biz tezliklə bu mövqeyimizin üstündə dayanaraq istədiyimizə nail olacağıq. Eyni zamanda da Azərbaycan dəfələrlə bəyan edib ki, sülh prosesində bizə heç bir vasitəçi lazım deyil. Biz Ermənistanla müstəqil, ikitərəfli olaraq dil tapmağı bacarmışıq. Bu istiqamətdə də siyasətimizi qururuq. Ona görə də Rusiyanın, yaxud digər dairələrin bu prosesdə dərindən iştirakına, hər hansısa söz sahibi olmasına heç bir ehtiyac yoxdur. Azərbaycan öz qətiyyətindən, haqlı - ədalətli mövqeyindən istifadə edərək, tezliklə hədəflərinə və vəzifələrinə nail olacaq”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
50
baki-xeber.com

10Sources