EN

Yeni dəyişikliklər gəlir

Azərbaycanda turizm sahəsində beynəlxalq təcrübə əsasında yeni dövlət standartlarının qəbul edilməsi nəzərdə tutulub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində bildirib. 

"Hazırda Azərbaycanda turizm sahəsində 11 dövlət standartı var. Beynəlxalq təcrübədə isə İSO üzrə 57 standart mövcuddur. Hazırda yeni standartlar hazırlanır. Yəqin ki, onlar bu il qəbul ediləcək", - deyə o qeyd edib.

"Aktual beynəlxalq standartların qəbulu və ölkəmizdə tətbiqi turizm sahəsinin inkişafında mühüm rol oynayır. Dövlət Turizm Agentliyinin yanında turizmlə əlaqəli xidmətlərlə bağlı standartlaşma üzrə texniki komitə fəaliyyət göstərir. Bu texniki komitənin hazırladığı turizm xidmətləri üzrə dövlət standartı, yəni çərçivə standartı Azərbaycan Standartlaşdırma İnstutu tərəfindən artıq qəbul edilib", - deyə rəis əlavə edib.

Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən turizm subyektləri beynəlxalq təcrübəyə əsaslanaraq standartlaşdırma prosesinə başlayıb:

"Hazırda ölkəmizdə fəaliyyət göstərən otellər öz ulduz təsnifatına görə bölünüb. 2, 3, 4 və 5 ulduzlu hostellər də fəaliyyət göstərir və onlar öz iş fəaliyyətinə görə ulduz təsnifatını alırlar, sertifikatını əldə edirlər.

Hesab edirəm ki, qarşıda gələn COP-29 tədbirinin ən yüksək səviyyədə yola verilməsində turizm subyektlərinin mühüm bir rolu olacaq.

Qoyulan standartlar bu kimi tədbirlərdə özünü büruzə verəcək. Düşünürən ki, turizm subyektləri ilbəil təkmilləşməni nəzərə alıb, öz fəaliyyətlərini ən yüksək standartlara uyğun davam etdirəcəklər". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources