İstanbul, 4 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyədə qanunsuz miqrasiya ilə mübarizə davam edir. Bu tədbirlər çərçivəsində bu ilin ilk altı ayı ərzində İstanbulda 130 əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Valiliyindən bildirilib.
Məlumata əsasən, bu əməliyyatlar nəticəsində miqrant qaçaqçılığı ilə məşğul olduğu ehtimal edilən 289 nəfər saxlanılıb. Onlardan 76-sı həbs edilib, 48 nəfər isə məhkəmə nəzarətinə alınıb.
Bu müddət ərzində şəhərdə yerləşdirilən 100 mobil miqrasiya məntəqəsi tərəfindən 510 mindən artıq xarici vətəndaş yoxlamadan keçirilib.