EN

Dünyanın böyüyən gücü Çinlə imzalanan bəyənnamə Azərbaycana nə vəd edir? - TƏHLİL

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyur. 2024-cü ilin iyulun 3-də iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamənin imzalanması münasibətlərin daha da inkişaf etdirilməsinə, eləcə də bütün sahələrdə əlaqələrin gücləndirilməsinə imkan yaradacaq.


Sfera.az xatırladır ki, Azərbaycan və Çin 1992-ci ilin aprelindən diplomatik münasibətlər qurub və bu münasibətlər sayəsində müxtəlif sahələrdə səmərəli nəticələr əldə etmək mümkün olub. İllər ötdükcə hər iki ölkənin regional və qlobal imkanlarının artması münasibətlərin daha da genişləndirilməsini, əlaqələrin strateji səviyyəyə çatdırılmasını tələb edirdi. Bu zərurətdən irəli gələrək hər iki dövlət dünən belə mühüm bir sənədin imzalanmasını lazım bilib. 

 

 

Son illərdə Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı fiquruna çevrildiyi kimi Çin də dünyanın mühüm təsir güclərindən biri rolunu oynamağa başlayıb. 
Hamıya məlumdur ki, Çinin dünyanın böyüyən gücüdür və tədricən bu ölkənin qlobal mövqeyi güclənir. Çinin gücünün artmasında həm iqtisadi, həm də hərbi potensialının genişlənməsi mühüm rol oynayır. İndi Çini sadəcə regional güc kimi təsəvvür etmək, qiymətləndirmək doğru deyil. 


Çin ilk növbədə dünyanın əsas iqtisadi güc mərkəzlərindən birinə çevrilir. 1992-ci ilin aprelində Azərbaycanla diplomatik münasibətlər qurulanda Çinin dünyada mövqeyi indiki kimi güclü deyildi, bu ölkə adi regional güc hesab olunurdu. Çünki həmin dövrdə Çinin iqtisadi imkanları məhdud idi. Bunu bəzi statistik məlumatlar da təsdiqləyir.

 

 

1992-ci ildə Çin nominal qiymətlərlə ümumi daxili daxili məhsul (ÜDM) istehsalı 500 milyard dollar olmaqla dünyanın 9-cu ən böyük iqtisadiyyatına malik idi. Müqayisə üçün bidirək ki, həmin ildə ABŞ-də istehsalın dəyəri 6,54 trilyon dollar olmaqla Çindən 13 dəfə böyük olub. 1990-cı illərin əvvəlində Kanada, İspaniya kimi ölkələr Çindən çox məhsul istehsal edirdi. Bu dövrdə ABŞ-nin ixracı 447 milyard dollar, idxalı 554 milyard dollar olduğu halda Çinin ixracı 85 milyard dollar, idxalı 81 milyard dollar təşkil edirdi. 


Azərbaycanla diplomatik əlaqələrin qurulduğu ilk ildə Çinin dövlət büdcəsi təxminən 120-150 milyard dollar, hərbi xərcləri isə 10-12 milyard dollar həcmində olub. 
2023-cü ilə gəldiyimizdə isə qarşımıza tam başqa bir Çin çıxır. Otuz bir il ərzində Çin sözün həqiqi mənasında tam dəyişib, olduqca güclü bir ölkəyə çevrilib. 
Ötən ilin məlumatlarına görə, Çində nominal qiymətlərlə ÜDM istehsalı 17,66 trilyon dollara çatıb. Dünyada ən böyük nominal ÜDM-ə sahib olan ABŞ-də istehsalın həcmi 27,4 trilyon dollar olub. Otuz bir il əvvəl ABŞ-nin 7,7 faizi qədər məhsul istehsal edən Çin bu nisbəti 64,5 faizə çatdırıb. İndi Çin Kanadadan 8,4 dəfə, İspaniyadan 11,2 dəfə çox məhsul istehsal edir. Proqnozlara görə, ən geci 15 ildən sonra Çin dünyanın ən böyük nominal iqtisadiyyatına sahib olan ölkəsinə çevriləcək. Çin ÜDM istehsalında ABŞ-dən hələlik geri qalsa da, ixracda dünyada lider ölkədir.  


2023-cü ildə Çinin mal və xidmət ixracı 3,38 trilyon dollar olduğu halda ABŞ-də bu göstərici 3 trilyon dollar səviyyəsində olub. İdxal Çində 2,56 trilyon dollar, ABŞ-də 3,83 trilyon dollar təşkil edib. İqtisadiyyatı böyüyən Çinin dövlət büdcəsi və hərbi xərcləri də artıb. 2023-cü ildə Çinin dövlət büdcəsi 4,8 trilyon dollara çatmaqla 1992-ci ildəkindən 38 dəfə çox olub. Çinin hərbi xərcləri isə müxtəlif qiymətləndirmələrə görə, təxminən 400 milyard dollara çatıb ki, bu da 31 il əvvəlki xərclərdən 33 dəfə yüksəkdir. Çin indi hərbi xərclərinə görə yalnız ABŞ-dən geri qalır. Qısa müddətdə belə böyük dəyişikliklərə nail olan ölkə təbii ki, zaman keçdikcə dünyada güclü mövqeyə yiyələnəcək. 


İndiki dövrdə Azərbaycan üçün Çin ilk növbədə böyük iqtisadi tərəfdaş rolunu oynaya bilər. Proqnozlara əsasən, yaxın 10-15 ildə Çinin idxalı 10 trilyon dolları ötəcək və digər ölkələr bu bazarda daha böyük pay almaq uğrunda mübarizə aparacaq. Çin eyni zamanda yeni-yeni məhsul brendləri yaradan iqtisadiyyata çevrilir. O, indi sadəcə Qərbin tanınmış markalarının istehsalçısı və ixracatçısı deyil. Çin həm də özünə aid olan və böyük tələb görən markalara sahibdir. 


Çinin inkişafındakı bu cür keyfiyyət dəyişiklikləri Azərbaycan üçün çox mühüm fürsətlər yaradır. Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri məhz ixracını artırmaqdır. Son 10 ilin təcrübəsi göstərir ki, Azərbaycan neft, qaz və digər xammal məhsulları hesabına ixracını artıra bilməyəcək. İxracın artırılmasının yeganə yolu emal məhsullarının, xüsusilə də yüksək elmtutumlu sənaye məhsullarının istehsalına nail olmaqdır. Bu cür məhsulların istehsalını təşkil etməklə də iş bitmir. Ən vacib məsələlərdən biri istehsal edilən məhsulların yüksək marka dəyərinin olması, yəni tanınmış olması, tələb görməsidir. 


Tanınmış markalar hazırda Qərb ölkələrində və Çindədir. Qərb tanınmış markaları yalnız öz təsir altında olan ölkələrə verir, istehsalı həmin ölkələrdə təşkil edir. Digər ölkələrə isə bu cür jestlər edilmir.


Azərbaycanın tanınmış markalar əldə etməsi üçün indi ən əlverişli olan tərəf məhz Çindir. Çin avtomobil, maşınqayırma, elektronika, kimya, tikinti və digər çoxlu sahədə qlobal səviyyədə tanınan milli markalar yarada bilib. Azərbaycan Çinlə əməkdaşlıq etməklə həmin markalar altında məhsul istehsalını təşkil edə bilər. 
Bu yaxınlarda BYD şirkəti ilə bağlanan müqavilə də buna misaldır. BYD yaxın illərdə Azərbaycanda elektriklə işləyən avtobus, minik və yük avtomobillərinin istehsalına başlayacaq. Eyni zamanda həmin avtomobillərin ehtiyat hissələrinin bir hissəsi Azərbaycanda istehsal olunacaq. Bu cür tanınmış markaların istehsala başlaması ölkəmizin ixrac imkanlarını artıracaq. 


Buna görə də Çinlə yaxınlaşma, qarşılıqlı inamın və əməkdaşlığın formalaşdırılması çox önəmlidir. Tərəflər arasında əməkdaşlıq Azərbaycanın iqtisadi gücünün, istehsal qabiliyyətinin artırılmasına böyük töhfələr verə bilər. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
sfera.az

1Sources