EN

Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi -ŞƏRH

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Son illərdə ölkəmiz daha bir təşkilat­la əməkdaşlığa xüsusi önəm verməkdə­dir. Bu, ölkəmizin mü­hüm siyasi və iqtisadi tərəfdaşlarının da üzv olduqları Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Bu təşkilatın əsas məqsədləri üzv dövlət­lər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükə­sizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisa­di beynəlxalq düzənin yaradılması üçün addımların atılmasıdır. Odur ki, ölkəmiz ŞƏT-ə də böyuk önəm verir. Bu təşkilatın Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nun qəbul olunması da bunu bir daha sübut edir.

Bəyannamədə qeyd olunur ki, 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib. Belə ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Bəyannamədə daha sonra bildirilir ki, tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Öz növbəsində Çin tərəfi də Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Bəyannamədə tərəflərin terrorizmin, separatizmin və ekstremizmin qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsinin vacibliyi də əksini tapıb. Həmin sənədin 1.4 maddəsində isə deyilir:  “Tərəflər milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar”.

Bəyannamədə, həmçinin tərəflərin Azərbaycan və Çinin siyasi və ictimai strukturları arasında mübadilə və əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına və daha da dərinləşməsinə töhfə verdiyini vurğulayırlar. Eləcə də Azərbaycanın hakim siyasi partiyası ilə Çin Kommunist Partiyası arasında mübadilə və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyirlər. Bunlardan başqa Bəyannamədə iki ölkə arasında  siyasi əməkdaşlığın daha da inkişaf etdirilməsi,  siyasi dialoqun gücləndirilməsi və digər məsələlər də əksini tapıb.

Sənəddə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafı yüksək qiymətləndirilməklə yanaşı, ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət etmələri  vurğulanır. Eyni zamanda, tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləməklə bərabər “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycanın tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Elə bu səbəbdən Azərbaycan–Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində indiyədək çoxsaylı tədbirlər həyata keçirilib.

 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) Azərbaycanda keçirilməsini alqışlayan Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əks istiqamətdə Cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrutboyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir.

Yeri gəlmişkən qeyd edək ki,  bir müddət  əvvəl bəzi Qərb dairələri, xüsusilə Fransa Azərbaycanın qlobal proseslərdən təcrid edilməsi istiqamətində iş aparmağa çalışdılar. Amma Azərbaycanın Avropa, ABŞ-la yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və s. ilə əlaqələrini inkişaf etdirməklə və möhkəmlətməklə onların planlarını alt-üst etdi.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın haqq işi uğrundakı mübarizəsini dəstəkləyən, hətta 2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda Çin Azərbaycanın yanında olduğunu bəyan edən  Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Çinin böyük dostu adlandırılan Prezident İlham Əliyev ilə bu ölkənin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. İki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib. Şübhəsiz, Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Təkcə bir faktı qeyd edək ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Şübhəsiz, bu əsası Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan-Çin əməkdaşlığının yeni bir səhifəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
1
ikisahil.az

2Sources