EN

Fərid Namazov: “Qəbələ"nin büdcəsi başqalarından çox yüksəkdi” - MÜSAHİBƏ

“İmişli” ötən həftə yeni baş məşqçisini ictimaiyyətə açıqladı. Növbəti mövsüm komanda oyunlara Fərid Namazovun başçılığı altında çıxacaq. 1-ci liqa təmsilçisi ötən mövsümün sonlarında çempionluğun biraddımlığında olsa da, məqsədinə çata bilmədi.

Bəs gənc məqçinin qarşısına hansı hədəflər qoyulub? Kluba heç də yad sima olmayan, ötən ildən “İmişli”nin üzvünə çevrilən Fərid Namazovla söhbətləşdik.

- Fərid bəy, yeni baş məşqçi kimi iddianız nədi?
- İşə başlamamış çox danışmaq istəmirəm. Çünki adam böyük danışıb, sonra bacarmamaqdan çəkinir. Yəqin ki, yuxarı yerlər üçün oynayacağıq. Çempionluq demək istəmirəm, amma yüksək pillələr üçün çalışacağıq.

- Bəs “İmişli”nin hədəfi nə olacaq? 1-ci liqada nə üçün mübarizə aparacaq?
- Yuxarı pillələr üçün oynamaq istəyəcəyik, amma bunu zaman göstərəcək. Qarşıdakı mövsümdə 1-ci liqaəvvəlkindən yaxşı səviyyədə olacaq. Əvvəl üç komanda yuxarı pillələrə iddialıydısa, bu il ən azı 5 namizəd var. Amma biz də iddialıyıq. İstəyirik ki, pillə-pillə gedək. Daha çox iş görmək istəyirik.

- Yəni hansı yerlərə uyğun komanda formalaşdıracaqsız?
- Yanıla bilərəm. Çünki "Qəbələ" premyer-liqadan düşdüyü üçün büdcəsi başqalarından çox yüksəkdi. Orda olan oyunçular da elita təcrübəsi görüb. Məşqçi də təcrübəlidi. “Qəbələ”nin hədəfini bilirik. Biz də istəmirik onlarla müqayisədə zəif olaq. Başabaş mübarizə apara biləcək kollektiv quracağıq.

- Sizə baş məşqçilik təklifi gələndə qarşıya hansı məqsəd qoyuldu?
- Biz infrastrukturu yaxşılaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Bu vəziyyətdə elitaya yüksəlsək də, işimiz çətin olacaq. Ötən il rəhbərlik komanda üçün həm stadion, həm baza ilə bağlı xeyli iş görüb. Yenə də təkmilləşdirmək lazımdı. Futbolçular üçün yaxşı şərait qurmağa, lazım olan şeyləri təmin etməyə çalışırıq. Yaxşı səviyyəyə çatdırmaq niyyətindəyik ki, əsas liqada bununla bağlı çətinliliyimiz olmasın. Əslində "İmişli"nin yaxşı bünövrəsi var. Stadion, baza və futbol üçün müəyyən səviyyədə şərait qurulub. Əsas amil də azarkeşlə bağlıdı. Tək-tük rayonlardandı ki, hər oyuna iki-üç min azarkeş gəlir. Bu da bizim üstünlüyümüzdü. Planımız təkcə növbəti illə bağlı deyil ki, tələm-tələsik premyer-liqaya çıxaq. Elitada möhkəmlənməyib, yenidən 1-ci liqaya düşmək də yaxşı olmaz. Yəni bu bir ilə də, üç ilə də baş tuta bilər. Rəhbərliyin də şərti odu ki, bir yox, iki ilə olsun, amma strukturlu şəkildə olsun. Bünovrəni sağlam qoymaq istəyirik ki, iki ildən sonra problemlərlə üzləşməyək. Həm baza baxımından, həm də akademiya baxımından arzulanan səviyyədə olaq. Həmçinin əsas komanda ilə bərabər akademiya da diqət ayırırıq. Ora da yenicə əlaqələndirici təyin olunub.

- Heyətlə bağlı dəyişikliklərə başlamısız?
- Bəli, transferlərə başlamışıq. Ötən ildən komandada qalan uşaqlar var. Yenilərlə danışıqlar aparırıq. Amma tələsmək istəmirik. Seleksiya elədi ki, burda səhv etsək, mövsümün yarısında başımız ağrıya bilər. İstəyirik ki, detallı şəkildə futbolçuları, onların keçmişini araşdıraq. Yəni oynayıblarmı, zədəsi olub, ya yox. Bu şəkildə araşdırandan sonra istədiyimiz transferləri gətirmək niyyətindəyik. Gətirəcəyimiz oyunçular həm klubun, həm də bizim fəlsəfəmizə uyğun olmalıdı. İstər insani, istərsə də futbolçu keyfiyyətləri baxımından bizə uyğun futbolçular axtarırıq.

- Bundan sonra "İmişli"nin yetirmələrinə önəm verəcəksiz, yoxsa “fərqi yoxdu, güclü gəlsin” prinsipinə?
- Biz də istərdik ki, "İmişli"nin yetirəmləri, yerli oyunçular daha çox olsun. Eləcə də legionerlərin ən yaxşısını seçmək fikrindəyik. Məsələn, Xəyal Tomarov kimi əslən İmişlidən olan oyunçularımız var. Komandada bölgədən olan futbolçular var və yeniləri də gələcək. Haralı olduğuna yox, futbolçu keyfiyyətlərinə daha çox onəm verəcəyik.

- Bəs bu işləri görərkən büdcə probleminiz olmayacaq?
- Bu məsələlərə çox qarışmıram. Sadəcə, siyahını rəhbərliyə verirəm. Maliyyə məsələləsini onlar həll edir. Biz də oyunçuları kiminsə məsləhətinə görə yox, detallı araşdırıb seçirik. Bu məsələdə rəhbərlik də arxamdadı, mənə dəstək verir. Amma hər istədiyimiz futbolçunu da gətirə bilmirik. Rəqib komandalar daha çox maaş, daha sərfəli təklif edə bilir.

- Növbəti mövsüm üçün komandanı yenidən quracaqsız?
- Belə deməzdim. Könül istərdi ki, hər kəs komandada qalsın. Amma bu futboldu. Bəzi oyunçular premyer-liqada çıxış etmək istəyir, bəziləri ailəvi səbəblərə görə rayondan şəhərə gedir. Səbəblərə görə proses fərqli olur. Ötən il oynayan, indi getmək istəyənlərlə də oturub şərtləri müzakirə edirik. Razılaşmadıqda yollarımızı ayırırıq. Yəni bizim fəlsəmizə uyğun oyunçularla təkrar danışığa keçirik. Ola bilər ötənilki futbolçulardan bəziləri bizə yarayır, ola da bilər həmin mövqedə bizi qane etmir. Biz də bunun üzərindən qiymətləndiririk. Ötən mövsüm olan heyətin hardasa 60-70 faizi bizimlə olmayacaq.

- Komanda nə vaxt toplanacaq?
- İyulun sonuna doğru yığışacağıq. Yəni ayın 22-nə planlaşdırırıq. Tarix bir-iki gün dəyişə bilər. İmişlidə toplaşacağıq. Amma kənarda da toplanış ola bilər.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources