EN

Bahalı və qaynar yay turizmi

Bahalı

Çindən, Hihdistandan və Cənubi Koreyadan gələnlərin sayı artıb

Azərbaycan yay turizminin qaynar dövrüdür. Sərhədlər bağlı olduğundan, təyyarə ilə xarici səfərlərə çoxlarının maddi imkanı çatmadığından insanlar yay tətili günlərini ölkə daxilində keçirməyə üstünlük verirlər. Ölkə daxilində də turizmin yüksək qiymətləri diqqət çəkir. Adamlar rayonlardan bir meçə gündən artıq istirahət eləyə bilmirlər. Çünki otellər, hətta şəxsi kirayə evlər əhalinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Müşahidələrimizə görə, 1 nəfərin gündəlik turizm xərcləri ortalama 150-200 manatdır. Bu xərclə orta gəliri olan azərbaycanlı Quba, Qəbələ, Göygöl və s. turizm bölgələrində 1 həftə, 10 gün necə istirahət eləsin?

Pandemiya Azərbaycanda turizmə böyük zərbə vurdu. Ölkədə turizm hələ də özünə gələ bilməyib, pandemiyadan əvvəlki dövrün rəqəmlərinə çatmamışıq. Belə ki, 2019-cu ildə respublikaya 3 milyondan artıq turist gəlsə də, bu rəqəm keçən il hələ 2 milyona çatıb. Amma artım meyilləri var. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşlarıdır. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlardır. Gələnlərin icərisində Rusiyanın 1-ci yerdə olması bu ölkədəki müharibə vəziyyəti ilə bağlıdır, azərbaycanlıların ölkəyə qayıdışında artım qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Bəhreyndən - 1,7 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Türkmənistandan - 42,6 faiz, Pakistandan - 42,4 faiz, İtaliyadan - 42,4 faiz, Küveytdən - 41,2 faiz, Yəməndən - 39,7 faiz, İordaniyadan - 36,0 faiz, Misirdən - 33,5 faiz, Polşadan - 33,4 faiz, Almaniyadan - 25,2 faiz, Ukraynadan - 23,3 faiz, Türkiyədən - 23,1 faiz, Özbəkistandan - 23,0 faiz, Rusiyadan - 20,3 faiz, ABŞ-dan - 19,5 faiz, Fransadan - 15,9 faiz, Gürcüstandan - 12,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 12,0 faiz artıb.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 31,1 faiz artaraq 37,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 24,0 faiz artaraq 367,8 min nəfər olmuşdur. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 27,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Maraqlıdır ki, pandemiyadan sonra ölkədən xaricə gedənlərin də sayında da artım müşahidə olunur. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə bu il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,5 faiz artaraq 808,1 min nəfər olmuşdur. İrana gedənlərin sayı 39,4 faiz, Türkiyəyə gedənlərin sayı 27,1 faiz, Gürcüstana gedənlərin sayı 21,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,9 faiz artmışdır. Azərbaycan vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiyaya, 8,9 faizi Gürcüstana, 8,6 faizi İrana, 21,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir. Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Bəs daxili turizmdə nə baş verir? Bu il də bizi regionlarda bahalı yay həyacanı qarşılayır. Regionlarda hələ də qiymətlər yüksək, xidmətlərin kefiyyəti aşağıdır. Quru sərhədlərinin bağlı olması səbəbindən insanlar ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Bahalı təyyarə bileti alıb, yayı xaricdə keçirmək hər adamın cibinə və imkanlarına uyğun deyil. Kasıblar yayı evində keçirir, orta təbəqə isə ölkə daxilində turizmin imkanlarından yararlanmağa çalışır. Aviabiletlərin fantastik qiymətləri şəraitində Azərbaycanın bölgələrində istirahətdən başqa alternativimiz də yoxdur.

Regionlarda bu il qiymətlər əlverişli deyil. Otellərdə qiymətlər 50 manatdan 300 manata qədər dəyişir. Xidmətin keyfiyyəti də aşağıdır. Sezon vaxtında maksimum qazanc əldə etmək əsas hədəfdir. Bizdə turizm hələ də mövzümü xarakter daşıyır, ilboyu davam edən turizm formalaşmır. Bunda həm sahibkarların günahı var, həm də əhalinin gəlirlərinin turizmə pul xərcləmək üçün yetərli olmamasının. Sahibkarlar yay aylarında sanki turistləri soymağa girişirlər, müştəri məmnunluğu, növbəti aylarda onları yenidən qonaq kimi cəlb etmək strategiyaları yoxdur.

Ümid Qarabağda turizmin inkişafı nəticəsində rəqabət mühitinin yaranmasınadır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. İndiyədək regionda həyata keçirilən layihələrə dövlət 12 milyard manat xərcləyib. Əvvəl 2023-cü ilin dövlət büdcəsindəb işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına 3 milyad manat ayrımışdı, sonradan büdcəyə dəyişiklik edilməklə bu məbləğ daha 2,260 milyard manat artırılaraq 5,3 milyard manata çatdırıldı. 2024-cü ildə bu məbləğ 4,2 milyard manatdır. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Regionda böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək. Artıq bunun ilk işartıları görünür.

Ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Sözügedən prioritetlərin icrasının təmin edilməsi məqsədilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur. Strategiyada 4-cü Milli prioritetin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı” çərçivəsində icrası nəzərdə tutulmuşdur.

Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır. Bütün bunlar isə regionda turizmin də inkişafına təkan verəcəkdir. Qarabağda turizm sektoru iqtisadi baxımdan ən əlverişli və gəlirli sahələrdən biri olacaq. Bunun üçün yüksək potensial imkanlar mövcuddur.

Mahir Həmzəoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources