EN

“Fənərbaxça” hücuma kimi transfer edir?

İstanbul nəhəngi İsveçrədə azarkeş dəstəyindən məhrum olacaq.

Joze Mourinyonu baş məşqçi postuna gətirməklə bütün diqqətləri üzərinə çəkən “Fənərbaxça” yavaş-yavaş transferdə də fəallaşır. Hələ ki, yalnız Ləvənt Mərcanı heyətinə qatmaqla kifayətlənən İstanbul nəhəngi ciddi addımlar atmağa başlayıb. İlk növbədə Çağlar Söyüncü ilə bağlı məsələyə yekun vurulduğunu bildirək. Mourinyonun komandada qalmasını çox istədiyi müdafiəçiyə görə “Atletiko” ilə uzun müddətdi aparılan danışıqlar, nəhayət, bəhrə verib. Madrid nəhəngi türkiyəli futbolçuya görə ən azı 15 milyon avro tələb edirdi. Amma Çağlar özü də “Fənər”ə keçməyə can atınca, “Atletiko” sonda “sarı-lacivərdlilər”in bonuslarla birlikdə 10 milyon avroluq təklifini qəbul etməli oldu. Hazırda İstanbulda olan 28 yaşlı futbolçu ən qısa müddətdə tibbi müayinədən keçərək komandanın düşərgəsinə qoşulacaq.

Xatırladaq ki, Çağlar ötən mövsümün ikinci dövrəsində icarə əsasında “Fənər”də çıxış edərək 16 rəsmi oyuna çıxmış və 2 qol, 1 məhsuldar ötürməlik fayda vermişdi. Bundan başqa, Avropada ötən mövsümün ən diqqətçəkən oyunçularından olan Ayub Əl-Kaabi də “Fənər”in futbolçusuna çevrilmək üzrədi. “Olimpiakos”la müqaviləsinin müddəti bitən və sərbəst oyunçuya çevrilən mərakeşli forvardla ilkin razılıq əldə olunub. Son anda ortaya bir problem çıxmasa, Əl-Kaabi bazar ertəsi İstanbula gələrək “2+1” illik müqaviləyə imza atacaq. Türkiyə mətbuatının yazdığına inansaq, ona 1 milyon avro imza parası veriləcək. İllik qazancı isə 2 milyon avroya bərabər olacaq. 31 yaşlı futbolçu ötən mövsüm “Olimpiakos”un heyətində 50 rəsmi oyunda 33 qol, 3 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyərək bu komandanın Konfrans Liqasının qalibi olmasında mühüm rol oynamışdı. “Fənər”in danışıqlar apardığı digər tanınmış hücumçu isə Əl-Kaabinin həmyerlisi Yussef Ən-Nəsiridi. Klubun idman direktoru Mario Branko bu futbolçuya görə “Sevilya” ilə təmasdadı. Ancaq tərəflər arasında hələ ki anlaşma mövcud deyil.

“Fənər”lə bağlı digər xəbərlərə də nəzər salaq. Komanda Mourinyonun rəhbərliyi altında ilk hazırlıq oyununu iyunun 29-da keçirdi. “Fənər” “Topuk Yaylası” bazasında yerləşən stadionda Mehmet Topalın baş məşqçisi olduğu Rumıniya təmsilçisi “Petrolul” ilə qarşılaşdı. “Sarı-lacivərdlilər” hesabda geri düşsələr də, Ceko və Zaytsın qolları ilə əzmkar qələbə qazandılar. Komanda bu gün ilk toplanış üçün Avstriyaya yollanacaq və orda daha üç hazırlıq oyunu keçirəcək. Bu arada “Fənər”in Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Luqano” İsveçrədə keçiriləcək ilk oyun üçün qonaq fanatlara bilet satılmayacağını açıqlayıb. Komandalar arasında ilk oyun iyunun 23-də baş tutacaq.

“Luqano”nun ev oyunlarını keçirdiyi “Kornaredo” stadionunun tutumu cəmi 6 mindi. Ona görə də komanda “Fənərbaxça”nı “Tyun”a məxsus olan 10 minlik “Stokhorn Arena”da qəbul edəcək. Həmin görüş üçün rəqib tribuna boş olacaq. Çünki UEFA-nın istanbullulara verdiyi cəza hələ də qüvvədədi. Ötən mövsüm Konfrans Liqasının 1/8 finalında “Yunion”a Belçikadakı oyunda fanatların hərəkətləri kluba baha başa gəlmiş və UEFA “Fənər”i növbəti 3 səfər oyunu üçün azarkeş dəstəyindən məhrum etmişdi. 1/4 finalda “Olimpiakos”la səfər oyununda komanda məhz bu azdən dəstəksiz qalmışdı. Bu cəza həm “Luqano”, həm də növbəti rəqib ilə səfər oyununda qüvvədə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources