EN

Adi Mehremiç “Səbail”lə vidalaşdı

Bosniya və Herseqovinadan olan mərkəz müdafiəçisi Adi Mehremiç Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”dən ayrılıb.

Arena.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında paylaşım edib.

Mehremiç paytaxt klubuna bu sözlərlə vida edib: “Bura gəldiyim ilk gündən özümü yalnız evdəki kimi hiss etdim. Oğlum burada doğuldu, ona görə də mən “Səbail” və Bakı ilə daha da bağlılıq hiss edirdim. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Klubdakı bütün insanlar mənə və ailəmə sevgi və dəstək verdilər. Vidalaşmıram, “görüşənə qədər” deyirəm. Hamınızı sevirəm”.

Xatırladaq ki, Adi Mehremiç “Səbail”ə 2023-cü ilin yayında Türkiyənin “İstanbulspor” klubundan gəlmişdi. 32 yaşlı mərkəz müdafiəçisi paytaxt klubunun heyətində 35 oyuna çıxıb, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Veles Mostar”, “Rujomberok”, “Sankt-Pölten”, “Jelezniçar”, “Karpatı”, “Aveş”, “Visla”(Krakov), “Makkabi” (Petah-Tikva) və “İstanbulspor” kimi klublarda forma geyinib.

Qeyd edək ki, “Səbail” hələlik Adi Mehremiçin komandadan ayrıldığını rəsmən açıqlamayıb. Paytaxt klubu indiyə qədər Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev və Rafael Məhərrəmli ilə vidalaşıb. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədov “dənizçilər”lə yeni müqavilə imzalanıb. “Səbail” heyətinə üç yeni futbolçu da cəlb edib – Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”) və Vüsal Məsimov (“Kəpəz”) yeni mövsümdən bu klubun uğurları üçün çalışacaqlar.

Chosen
57
arena.az

1Sources