EN

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Yaponiyada

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-dən Yaponiya Bankı saxta pul kəsənlərə mane olmaq üçün 20 ildən sonra maliyyə və qadın təhsil müəssisələrinin təsisçilərinin üçölçülü portretləri ilə ilk yeni əsginasların dövriyyəyə buraxılmasına başlayır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, əsginaslarda Yaponiya Milli Çap Bürosunun sözlərinə görə kağız pullar üçün dünyada ilk texnologiyadan istifadə edərək və baxış bucağından asılı olaraq müxtəlif istiqamətlərə yönələn portretlərin holoqramlarını yaratmaq üçün çap naxışlarından istifadə edilir.

“Yeni əsginaslarda Yaponiya kapitalizmini, qadınların hüquq və imkanlarının genişləndirilməsi və texnoloji innovasiyaları təmsil edənlərin üzləri təsvir olunub”, - deyə Baş nazir Fumio Kisida təntənəli tədbirdə bildirib. F.Kisidanın sözlərinə görə, Yaponiya hökuməti cari maliyyə ilinin sonuna qədər təxminən 7,5 milyard yeni əsginas çap etməyi, bununla da 2023-cü ilin dekabrınadək dövriyyədə olan ümumi dəyəri 125 trilyon yen olan 18,5 milyard əsginasın sayını artırmağı planlaşdırır.

Dövriyyədə olan əsginaslar dəmir yolu vağzallarında, parkinqlərdə və kafelərdə istifadə olunacaq.

Hökumət iqtisadiyyatın rəqəmsallaşdırılması strategiyası çərçivəsində istehlakçıları və müəssisələri daha az nağd puldan istifadə etməyə sövq edir.

Yeni 10 minlik yen əsginasının üz tərəfində “Yapon kapitalizminin atası” kimi tanınan Eyihi Sibusava (1840-1931) təsvir olunacaq. O, Yaponiyada səhmdar kapitalı olan ilk bankı qurub. Əsginasın arxa tərəfində Yaponiya Bankı Tokio Stansiyasının binasının fotoşəklini çap etmək qərarına gəlib.

Beş minlik əsginasın üzərində ABŞ-da təhsil alan ilk yapon qadın olan Umeko Tsuda (1864-1929) təsvir edilib. O, vətənə qayıdaraq qadınlar arasında təhsilin inkişafına böyük töhfə verib və Yaponiya paytaxtında Tsuda Universitetini təsis edib. Əsginasın arxa tərəfini qlisiniya çiçəkləri bəzəyəcək.

Mininci əsginas üçün Yaponiyanın Maliyyə Nazirliyi həkim və bakterioloq Sibasaburo Kitasatonun (1853-1931) şəklini seçib. Əsginasın digər tərəfində yapon rəssamı Katsusika Hokusainin məşhur “Kanaqavada böyük dalğa” qravürü əks olunacaq.

Chosen
36
azertag.az

1Sources