EN

Seçkilərdə mühafizəkarların davamı olan namizəd: “Bu təfəkkür İrana yeniliklər vəd etmir”

“İranda prezident seçkilərinə namizədliyini verən Səid Cəlili mühafizəkarların davamı deməkdir və eyni təfəkkürdən heç də kənar şəxs deyil. O, bu günə qədər yürüdülən fars şovinizmi siyasətinin davamçıları və tərkib hissəsindən biridir və bu təfəkkür, bu şüur İrana hansısa yeniliklər vəd etmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O, İranda keçirilən prezident seçkiləri ərəfəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkədə prinsipiallığını gücləndirməsi ehtimalından söz açıb.

“Ancaq Məsud Pezeşkianın yanaşma tərzində fərqliliklər mövcuddur, çünki Məsud bəy daha çox toplumun sadəcə farsları deyil, türkləri, ərəbləri, eyni zamanda, digər etnosların qucaqlanmasını özündə ehtiva edir ki, bu da cəmiyyətin bütünlüyü və dövlətin güclü olması anlamına gəlir. Bu gün İran dövlətində olmayan, çatışmayan məsələ bundan ibarətdir. Ayrıca, bir də din dövləti olması məsələsi çox böyük suallar yaradır. Çünki İslam hər zaman İslam dövləti anlayışından zərər görmüşdür. Yəni İslam və dövlət anlayışları yan-yana gələndə, bu məsələdən zərərli çıxan İslam olmuşdur. Bu baxımdan, İran dövlətində İslam adına kimsə, nə isə görə bilirmi?”

Politoloq əlavə edib ki, İslam, eyni zamanda, İslamın tərkib hissəsi olan müqəddəs Quran insanı deməkdir:

“İslamda ən böyük fəth ediləcək bir zirvə varsa, o da insandır və ondan yuxarı mərtəbə mövcud deyil. Bu gün İranda bu anlayış mövcuddurmu? Əgər deyilsə –deyil – demək ki, İslam adına İranda heç nə mövcud deyil, olanlar sadəcə uydurulmuş bir dindən ibarətdir. Bu çətir altında həyata keçirilən bir siyasət var ki, indiki siyasət də məhz buna xidmət göstərir və hərbiləşdirilmiş bir siyasətdir”.
“Bu gün məhz ali ruhani Seyid Əli Xamneyinin istəyi ilə bütün idarəetmə hərbiləşdirilmiş rejim olan SEPAH-ın əlindədir. Ən kiçik idarəetmə kadrları belə SEPAH vasitəsilə regionlarda təyinat alır. Yəni SEPAH-ın razılığı olmadığı heç bir kadr təyinatı yoxdur. Əgər bu hərbiləşdirilmiş bir sistem deyilsə, onda nədir? Sadəcə, bu, İslam çətiri altında həyata keçirilir. Ona görə də, indiki vəziyyətdə güc faktorunun SEPAH-ın əlində olması İran dövlətini, cəmiyyətini gücləndirmir, əksinə, əgər güc ədalətdən bəslənmirsə, bu bir dövlətin zəif olan tərəfidir. Bunun üçün də həmin güc idarəolunmaz vəziyyətə gəlib çıxıb”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
yenicag.az

1Sources