EN

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Bakı, 3 iyul, AZƏRTAC

“Turizm haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana - hotel fəaliyyətə başladığı tarixdən 6 ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin olunub. Onların arasında beş, dörd, üç, iki və bir ulduzlu hotellər mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iyulun 3-də Agentliyin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində deyib.

Fuad Nağıyev bildirib ki, proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellər də az olmayıb. Bir çoxları qüsurları düzəldərək təsnifatdan keçsələr də, hələ də ulduz təsnifatının tələblərinə cavab verməyən hotellər mövcuddur.

"40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib və yenidən audit olunacaqlar. Bu prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi davam edir", - deyə F.Nağıyev diqqətə çatdırıb.

Chosen
52
7
azertag.az

9Sources