EN

“Alman maşını” daha bir səddi aşdı - REPORTAJ

1/8 final
N 37. Almaniya – Danimarka 2:0 (0:0)

1. Manuel Noyer
3. David Raum
(20. Benyamin Henriks, 81)
15. Niko Şlotterbek
2. Antonio Rüdiger
6. Coşua Kimmix
8. Toni Kroos
23. Robert Andrix
(9. Niklas Füllkruq, 64)
10. Camal Musiala
(17. Florian Virts, 81)
21. İlkay Gündoğan (k)
(25. Əmrə Can, 64)
19. Leroy Sane
(16. Valdemar Anton, 88)
7. Kay Haverts
Ehtiyat oyunçular
12. Oliver Baumann
22. Mark-Andre ter Ştegen
18. Maksimilian Mittelştadt
24. Robin Kox
5. Paskal Qross
11. Kris Fürix
13. Tomas Müller
14. Maksimilian Bayer
26. Dəniz Undav
Baş məşqçi: Yulian Naqelsmann

1. Kasper Şmeyhel (k)
6. Andreas Kristensen
(17. Viktor Kristiansen, 81)
3. Yannik Vesterqor
2. Yoakim Andersen
5. Yoakim Mehle
23. Pyer-Emil Höybyerq
8. Tomas Dileyni
(15. Kristian Nerqor, 69)
18. Aleksander Ba
(19. Yonas Vind, 81)
10. Kristian Eriksen
9. Rasmus Höylunn
(26. Yakob Brun Larsen, 81)
11. Andreas Skov Olsen
(20. Yussuf Poulsen, 69)
Ehtiyat oyunçular
16. Mads Hermansen
22. Frederik Rennov
4. Simon Kyaer
13. Matias Yorgensen
25. Rasmus Kristensen
7. Matias Yensen
12. Kasper Dolberq
14. Mikkel Damsqor
24. Anders Dreyer

Baş məşqçi: Kasper Yulmann
Qollar: K.Haverts, 53-p. (1:0). C.Musiala, 68 (2:0).
Vərəqələr: Y.Andersen, 57. Y.Mehle, 60 – sarı.
Hakimlər: MAYKL OLİVER, Stüart Bert, Dan Kuk (hamısı İngiltərə).
VAR hakimləri: Stüart Attuell, Devid Kut (hər ikisi İngiltərə), Massimiliano İrrati (İtaliya).
29 iyun. Dortmund. “Siqnal İduna Park” stadionu. 61612 tamaşaçı (66099 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Antonio Rüdiger.

oyunun statistikası
14 (9) qapıya (“çərçivə”yə) zərbə 10 (2)
7 qayda pozuntusu 15
6 künc zərbəsi 6
4 ofsayd 3
0 (0) sarı (qırmızı) vərəqə 2 (0)
55 topa sahibolma (faizlə) 45
548 (491) ötürmə (dəqiq) 447 (377)
117,5 məsafə (km) 116,7


Naqelsmann İsveçrə ilə oyunla müqayisədə start heyətində üç dəyişiklik etmişdi – Ta, Mittelştadt və Virtsin əvəzinə Şlotterbek, Raum və Sane şans qazanmışdı. Oyuna daha fəal başlayan bundestim meydanın rəqibə aid hissəsində “lövbər saldı” və elə ilk künc zərbəsində Şlotterbek qapıya yol tapdı. Ancaq referi Kimmixin qayda pozuntusuna yol verdiyini bildiribalmanların qol sevincini gözündə qoydu. 10-cu dəqiqənin tamamında Şmeyhel Havertsin hiyləgər zərbəsinin qarşısını aldı.

Hissənin ortalarında oyunun mənzərəsi dəyişdi. Hücumun tempini aşağı salan almanlar danimarkalıların nəyə qadir olduğunu görmək istədi. Yulmannın komandası bir neçə perspektivli standart vəziyyəti boşa verdi. Hər halda, danimarkalılar rəqibin təzyiqini aşağı salmağı, oyunu qapısından uzaqlaşdırmağı bacardı. Hissənin sonunda isə Dortmundun havası oyunun axarına müdaxilə etdi. Stadionun üzərində şimşək çaxdı, yağış, tufan başladı. Referi dərhal oyunu dayandıraraq futbolçuları paltardəyişmə otağına göndərdi. Fasilə təxminən 25 dəqiqə çəkdi, hava şəraiti düzələndən sonra oyun canlandı.

Naqelsmannın komandası məcburi fasilədən sonra fəal şəkildə irəli atıldı. Havertsin baş zərbəsindən sonra Şmeyhel növbəti dəfə komandasını xilas etdi. Ardından meydan sahibləri çoxsaylı standart vəziyyəti maddiləşdirə bilmədi.

Birinci hissədən fərqli ikinciyə danimarkalılar daha fəal başladı. Onların yerinə yetirdiyi cərimə zərbəsindən sonra Andersen hesabı açdı. Ancaq epizoda müdaxilə edən hakimlər briqadası Dileyninin ofsaydda olduğunu bildirdi və qolu hesaba almadı. Sonra elə həmin Andersen bəxtsizliklə üzləşdi. O, Raumun asması zamanı topa əllə toxundu, Oliver videotəkrara baxandan sonra “nöqtə”ni göstərdi. Haverts Şmeyhellə dueldən qalib ayrıldı.
Bundestim hesabda irəli çıxandan sonra da tempi aşağı salmaq fikrində deyildi. Meydan sahibləri fəal şəkilfə hücumlar qurur, rəqib müdafiəsini daim gərginlik altında saxlayırdı. Saatın tamamında Haverts təkbətəki boşa verdi. Naqelsmann bir neçə dəqiqə sonra ikili dəyişikliyə əl atdı – Andrixlə Gündoğanı Can və Füllkruq əvəzlədi. Yenilər meydana uyğunlaşmaqda olarkən Danimarka yığması sürətli hücum qurdu, zərbə mövqeyinə çıxan Höylunn topu Noyerin üstünə vurdu. Əvəzində meydan sahibləri cavab hücumunda fərqi artırdı. Şlotterbekin meydanın dərinliyindən ötürməsindən sonra Şmeyhellə randevuya yollanan Musiala sakitcə ikinci qolu vurdu. Yulmann belə kobud səhvdən, 0:2-dən sonra, nəhayət, meydana iki yeni futbolçu buraxdı. Danimarka yığması artıq böyük qüvvə ilə irəli atıldı. Sona 15 dəqiqə qalmış qonaqlar Noyerin qapısı önündə müntəzəm künc zərbələri qazanmağa başladı. Ancaq kəmiyyəti keyfiyyətə çevirmək mümkün olmadı. İnamla qələbə hesabını qoruyan bundestim titul yolunda daha bir səddi aşdı. Naqelsmannın komandası 1/4 finalda İspaniya ilə qarşılaşacaq.

Rəqəmlər və faktlar
* Avropa çempionatlarında 19-cu oyuna çıxan Noyer bu göstəricidə Almaniya yığmasının yeni rekordçusu oldu. 38 yaşlı qolkiper Şvaynştaygerin rekordunu (18) yenilədi.
* Musiala bir Avropa çempionatında üç qol vuran ikinci ən gənc futbolçudu. 21 yaşlı xavbek bu göstəricidə yalnız Runidən geri qalır. İngiltərəli futbolçu 18 yaş 7 ay 28 günlüyündə üç qol həddinə çatmışdı.
* Danimarka yığması Avropa və dünya çempionatlarında keçirdiyi son 8 oyunda qalib gələ bilməyib – 4 məğlubiyyət, 4 heç-heçə. Skandinaviyalılar nəhəng turnirlərdə sonuncu dəfə 2021-ci il iyulun 3-də qalib gəlib (Çexiya – 2:1).

Reaksiyalar
Kasper Yulmann:

“Son illərdə böyük komandalara yaxın olduğumuzu göstərmişik. Ancaq bir çatışmazlığımız da var: daha çox qol vəziyyəti yaratmalı və reallaşdırmalıyıq. Məqsəd aparıcı yığmalarla eyni səviyyədə oynamaqdı. Xorvatiya bir neçə möhtəşəm il keçirdi, biz də həmin səviyyədə olmaq istəyirik. Bir-birini dəstəkləyən oyunçulardan qurulan möhtəşəm komandam var, bu komandanı parlaq gələcək gözləyir”.

Yulian Naqelsmann:

“İlk yarıda elə məqamlar oldu ki, müdafiəmizdə sabitlik çatmadı, Eriksen boş zonalar tapdı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Qapının toxunulmazlığını qorumaq həmişə xoşdu. Komandamla qürur duyuram. Futbolçular əslində nə dərəcədə yaxşı olduqlarını anlamağa başlayırlar”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources