Ali Məhkəmənin hakimi Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib. Bizimyol.info xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb. Vidadi Məmmədov 1974-cü ildə anadan olub. 1997-ci ildə Türkiyənin Dokuz Eylül Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələri ilə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan Vidadi Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində hakim, 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib. Vidadi Məmmədov 2022-ci ildən Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb. Azərbaycan Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Bizimyol.info