EN

Azad torpaqlarımız: Füzuli minalardan təmizlənir və yenidən qurulur - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”.

Bəli, biz Füzuliyə qayıtdıq. Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin, rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsinə, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsinə, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəyə, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsinə, Qarğabazar kəndində, Şah Abbas karvansarayından yuxarı, qayanın üstündə füzulililərin Şah Abbas adlandırdığı məscidə qayıtdıq. Biz tariximizi qorumağa, gələcək nəsillərə ərmağan etməyə qayıtdıq.

Füzuliyə qısa bir səyahət

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Rayonun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Bölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.

1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal-Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII–XIX əsrlər) və sair bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.

Füzulinin yüzlərlə şəhidi, itkini, əlili var

23 avqust 1993-cü ildə Füzuli rayonu füzulililərin uzunmüddətli mübarizəsinə baxmayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. 1994-cü ildə isə Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad olundu. 2020-ci ilə qədər rayonun işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. Qəsəbələrdən 12-si (“Qayıdış” qəsəbələri) ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. 2021-ə qədər ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155-i yetim qalmışdır. Müharibənin əsas ağırlığını Füzuli şəhəri, Yağlıvənd, Dövlətyarlı, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Gövşad, Xələfsə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabrda Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Saracıq, 21 oktyabrda Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 28 oktyabrda Mandılı, 7 noyabrda Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 9 noyabrda Qobu Dilağarda, Yal Pirəhmədli, Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən erməni işğalından azad olunmuşdur.

2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur

Füzuli işğaldan azad olunandan sonra burada dərhal minalardan təmizlənmə işlərinə başlandı ki, quruculuq işləri aparıla bilsin. Ərazilər minalardan təmizləndikcə quruculuq işləri də həyata keçirilməyə başlandı. Dövlətimizin başçısının hər dəfə Füzuliyə səfəri yeni bir obyektin, yolun təməlinin qoyulması, istifadəyə verilməsi ilə nəticələnir.

Bu il mart ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Füzuli şəhərinə səfərini həyata keçirən Füzulu Beynəlxalq Hava Limanı da 2020-ci ildən sonra dərhal tikintisinə başlanan və qısa zamanda istifadəyə verilən nəhəng tikinti nümunəsidir.

Səfər çərçivəsində şəhərin Baş planı ilə tanış olan Prezidentlərə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tərəfindən Füzulidə görülən və həyata keçiriləcək işlər barədə məlumat verilərək bildirilmişdir ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.

Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.

Xüsusi vurğulanıb ki, ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu gün isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.

Diqqətə çatdırılıb ki, Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə də məlumat verilib.

Füzuli minalardan təmizlənir və abadlaşır ki, sakinlərini qoynuna alsın

30 ilə yaxın dövrdə daşı daş üstündə qalmayan yurd yerlərimizdəndir Füzuli. Həm də hər qarışı düşmən tərəfindən sıx şəkildə minalanmış ərazilərimizdəndir. İşğaldan azad olunan bu ata-baba ocağını da digər rayonlarımız kimi abadlıq işləri qoynuna alıb. Qoynuna alıb ki, abadlaşsın, hərtərəfli şərait yaradılsın, soydaşlarımız öz doğma evlərinə tezliklə qayıda bilsinlər. Qayıdırlar da. Bugünədək 822 ailə artıq işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdıb. Onların sevincinə hər birimiz şahid olmuşuq və bununla qürur duymuşuq. Köçən əhalinin əmək qabiliyyəti detallı təhlil edilir və onlar məskunlaşdıqları ərazidə müvafiq vakansiyalar üzrə işlə təmin olunurlar:

Şuşanın işğaldan azad olunmasında böyük strateji əhəmiyyətə malik olan Füzuli rayonunda dövlətimizin başçısı tərəfindən 2021-ci ilin yanvarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının, oktyabrın 17-də-Füzulinin azad olunduğu gün isə Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, həmçinin Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməllərinin qoyulması, işğaldan azad olunmasının ikinci ilində Füzuli Beynəlxalq Hava Limanının açılması qısa müddət ərzində Füzulinin bərpası və inkişafı üçün görülən böyükmiqyaslı işlər, sakinlərinin yurd yerlərinə tezliklə qayıdacaqlarını şərtləndirən amillərdir.

Füzulidə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı ölkəmizin başçısı demişdir: “Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir”.

Füzulinin Pirəhmədli və Dədəli kəndləri

Füzuli azad ediləndən bu günədək bərpası və inkişafı üçün görülən işlər bu gün də sürətlə davam etdirilir. Ötən il may ayının 5-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfərləri çərçivəsində Pirəhmədli və Dədəli kəndlərinin təməlinin qoyulması ilə bu yurd yerinin kəndlərinin də bərpasına start verildi.

Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur.

Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaqdoldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb.

Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub.

Necə ki, 44 günlük müharibə dövründə torpaqlarımız-rayon, şəhər və kəndlərimiz bir-bir düşməndən geri alındı, Zəfərdən dərhal sonra bir-bir bərpa olunmağa başlanıb. Hansı ki, onlar arasında eləsi var ki, düşmən tərəfindən izi-tozu silinib. Füzulinin erməni vandalizminin ən çox qurbanı olan yurd yerimiz olduğunu nəzərə alsaq, Dədəli kəndinin mənzərəsini gözlərimiz önündə canlandırmaq bir o qədər çətin olmaz. Odur ki, bu kəndə yeni həyat verildi. Ölkəmizin başçısı ötən il mayın 5-də bu kəndin də təməlini qoydu.

Kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək.

Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək.

Qeyd edək ki, Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.

Hər iki kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Füzulidə bu günədək ümumilikdə 6 kəndin təməli qoyulub. Dövlətyarlı kəndinin torpaq tikinti işləri bitib. İlkin mərhələdə 450 evin tikintisi nəzərdə tutulub. Dədəli kəndində də torpaq işlərinin yaxın zamanda başlanılması nəzərdə tutulur

Füzulidən Hadruta uzanan yol...

30 ildə düşmən tərəfindən daşı daş üstündə qalmayan yurd yerlərimiz kimi, onları bir-biri ilə birləşdirən yollar da sıradan çıxmış, bəzi yerlərdə izləri belə itmişdir. Tarixi Zəfərdən dərhal sonra dövlətimizin başçısının tapşırığına əsasən yolların bərpasına başlanılıb. Füzuli-Hadrut avtomobil yolu da bərpa olunan yollarımızdan biridir ki, ötən il mayın 5-də dövlətimizin başçısının iştirakı ilə istifadəyə verildi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 kilometr olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.

Layihəyə əsasən yolun 6,7 kilometrliyində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.

Gözoxşayan yaşayış kompleksi: 38 bina, 846 mənzil

Füzulidə ötən illərdə təməli qoyulan və inşaatı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən yaşayış kompleksinin ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək.

Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək

Tikilmiş 38 binanın yanında park da yerləşir. Əlavə olaraq, böyük mərkəzi park da tikiləcək. Birinci yaşayış məhəlləsindən əlavə, ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi də davam etdirilir.

Füzuli şəhərinin yol və küçələri abadlaşdırılır

Ötən il mayın 5-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Şəbəkə barədə məlumat verilərək bildirilib ki, şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. İlkin mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır. Birinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 44, ikinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 34, ümumşəhər əhəmiyyətli küçə və yolların eni 24, yerli əhəmiyyətli küçə və yolların eni isə 20 metr olacaq.

Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, ətraf mühitə dəyən zərəri azaltmaq üçün yaşıllıq zolaqları, sağlamlığa faydalı vərdişləri artırmaq üçün velosiped yolları, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Prospektlərin dördzolaqlı, küçə və yolların isə ikizolaqlı olacağı planlaşdırılır.

Füzuli şəhərində daxili yol-küçə şəbəkə sxemi və kommunikasiya xətlərinin layihəsi vahid işçi qrupu tərəfindən bütün qurumların rəyi alınmaqla hazırlanıb. Şəhərdaxili yollar inşa olunarkən piyada səkilərinin altından keçəcək elektrik, qaz, su, rabitə, kanalizasiya və yağış sularının axıdılması xətləri ilə birlikdə həyata keçiriləcək. Bu isə həm vaxta, dövlət vəsaitinin qənaətinə, işlərin optimallaşdırılmasına və yüksək səviyyədə əlaqələndirilməsinə imkan yaradacaq, habelə kommunikasiya şəbəkələrinin paralel çəkilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılmasına imkan verəcək.

2021-ci ildə təməli qoyuldu, 2023-cü ildə istifadəyə verildi

Ölkənin elektroenergetika sektorunda texnoloji innovasiyaların tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində inşa edilən Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Belə böyük obyektin qısa zamanda istifadəyə verilməsi Füzulidə işlərin sürətlə həyata keçirildiyinin göstəricisidir.

Ötən il açılışı olan mərkəzin elektrik təchizatı üçün 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Mərkəzin birinci mərtəbəsində birinin gücü 2500 kVA olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə rəqəmsal idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Rəqəmsal şəbəkələrin təməl elementi olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə əlaqələndirilməsini tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir.

Özbək və qazax xalqı adından Füzuliyə hədiyyə

Ölkələr arasında nüfuzumuzun, qarşılıqlı münasibətlərin nəticəsidir ki, Özbəkistan və Qazaxıstan Füzulinin inkişafına öz töhfələrini verdi. Biz Azərbaycan xalqı olaraq bundan qürur duyur və yüksək qiymətləndiririk.

Ötən il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər.

Qeyd edək ki, məktəbə Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adı verilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. 2022-ci ildə başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Bu il martın 12-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Layihəni “BI Group” şirkəti hazırlayaraq həyata keçirib. Tikintidə qabaqcıl texnologiyalardan və şirkətin illər ərzində qazandığı təcrübədən istifadə olunub. Şirkət müasir mühəndis həlləri və təhsil obyektlərinin tikintisi nöqteyi-nəzərindən yüksək səviyyəli peşəkar təcrübəyə malikdir.

Qeyd edək ki, yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır.

Füzulinin perspektiv inkişafına töhfə

Bir ərazinin inkişafı tək inzibati, ictimai yaşayış binalarının, müxtəlif obyektlərin tikintisi ilə məhdudlaşmır. Ərazinin perspektiv inkişafında digər məsələlər də nəzərdə tutulur ki, onlar olmadan gələcək inkişafdan söhbət gedə bilməz. İçməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksi də onlardan biridir ki, dövlətimizin başçısı Füzuliyə səfəri çərçivəsində bu kompleksin də təməlini qoyub.

Layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, eyni zamanda, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur.

Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. İkinci mərhələdə isə Füzuli şəhərinin əhalisinin qalan 20 faizinə xidmət göstərən, tutumu 5 min kubmetr olan su anbarı inşa ediləcək.

Uzun illərin doğma torpaq həsrəti sona çatır

Unudulmayan, bir an belə olsa, yaddan çıxmayan, həmişə qürurla xatırlanan 44 günlük Vətən müharibəsində hər dəfə dövlətimizin başçısının xalqa müraciəti ilə yeni bir qürur yaşayır, dövlət-xalq birliyinə, həmrəyliyinə nail olduğumuz üçün özümüzü xoşbəxt hiss edirdik. Torpaqlarımızın hər birinin düşməndən azad edilməsinə məhz bu birliyimizin nəticəsində nail olduğumuzu bir daha anlayırdıq.

Prezidenti İlham Əliyevin tarixi müraciətindən: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Bu gün isə azad torpaqlarımızda yerləşən rayon, şəhər və kəndlərin dövlətimizin başçısının tapşırığına əsasən bərpa edilməsi, yenidən qurulması ilə fəxr edir, qürur duyuruq. Həqiqətən də çətin və təqdirəlayiq işdir. Bir ölkənin müharibə aparıb ərazilərini işğal azad etməsi və qısa müddət ərzində onlara yenidən həyat verməsi milyonlarla manat vəsait, eyni zamanda böyük zəhmət deməkdir. Odur ki, bütün bunların hər biri tarixin səhifələrinə yazılan anlar olduğu üçün qürur duyuruq. Yaxşı ki, xalqımızı 44 günlük şərəf, namus müharibəsində Zəfərə çatdıran və bu gün azad torpaqlarımızda eyni əzmlə qurub-yaradan müzəffər sərkərdəmiz, dövlətimizin başçısı var. Torpağı azad etmək bir Zəfərdirsə, onu dirçəltmək isə yeni bir Zəfərdir. Həm də düşmənə yaxın bir ərazidə...

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources