EN

"Fürsət var ki, bu seçkilər nisbətən normal keçirilsin"

Sərdar Cəlaloğlu: "Parlamentdə müxalif qüvvə adlandırılanlar hökuməti YAP təmsilçilərindən daha radikal şəkildə müdafiə edirlər"
Sentyabrın 1-də Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən şəxslər və partiyalar hərəkətə keçiblər. Bir neçə partiya deputatlığa namizədlərini müəyyənləşdirib, sənədlər prosedura uyğun şəkildə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilir.
Torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyünü bərpa etmiş ölkədə budəfəki parlament seçkilərinin fərqli, daha demokratik və şəffaf keçiriləcəyi gözləntiləri var. Amma siyasi partiyaların tam şəffaf seçki keçiriləcəyinə ümidləri azdır.
Növbədənkənar seçkilərdə iştirak etmək qərarı verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu seçkilərlə bağlı fikirlərini AYNA-ya müsahibəsində bölüşüb. Deyib ki, 44 günlük müharibədən sonra Azərbaycan cəmiyyətinin, siyasi qüvvələrin daxili siyasətlə bağlı çox ciddi gözləntiləri var idi:

- Bunun da əsas mahiyyəti ondan ibarət idi ki, nəhayət, biz düşmənimizin üzərində qalib gəlmişik, ərazi bütövlüyümüzü bərpa etmişik, bundan sonra siyasi meydanda, cəmiyyətdə sağlamlaşdırıcı addımlar atılmalıdır. Bunun da əsas əlamətlərindən biri qanunverici orqanın – Milli Məclisin yeni bir tərkibdə seçilməsi idi. 2020-ci ildə parlament özünü buraxdı, növbədənkənar seçki keçirildi və eyni tərkibdə qaldı. İndi də hakim YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etdi, parlament buraxıldı, növbədənkənar seçki təyin olundu. Uzun müddət siyasi dairələrdə müzakirələr aparıldı ki, referendum keçiriləcək, proporsional seçki sistemi bərpa olunacaq, deputat sayı artırılacaq və s. Amma bunlar olmadı, köhnə qayda ilə yeni növbədənkənar seçkiyə gedilir. Bilirsiniz, onsuz da bu ilin payızında,noyabr ayında qanunun tələbinə uyğun seçkilər keçirilməli idi. Sadəcə bunu hökumət iki ay qabağa çəkdi, əsas da gətirildi ki, noyabrda COP29 adlı beynəlxalq tədbir keçiriləcək, xarici qonaqlar çox olacaq. Təbii ki, COP29 elə böyük tədbirdir ki, bunun keçirildiyi zaman seçkilərin keçirilməsi məqsədəuyğun deyil. Demək istədiyim odur ki, növbədənkənar seçkilər təyini sürpriz olmadı.
- Bu seçki əvvəlki seçkilərdən fərqli ola bilərmi?
- Fürsət var ki, bu seçkilər bir qədər normal keçirilsin və növbəti çağırış Milli Məclis dünyanın hər yerində olduğu kimi, siyasi qüvvələrin fikir çəkişməsi meydanına çevrilsin. Baxın, Rusiya Dövlət Dumasında kifayət qədər müxalif qüvvələr təmsil olunur. Ermənistanda, Gürcüstanda, hətta İran kimi sərt rejimli ölkənin parlamentində müxalif qüvvələr var. Azərbaycanda isə hökumətə müxalif olan qüvvələrin təmsilçiliyi yoxdur. Hesab edirəm ki, bu seçkilərin qismən də olsa demokratik, şəffaf keçirilməsi vacibdir. Hökumət də normal seçki keçirilməsində maraqlı olmalıdır. Ona görə də, müxalif qüvvələrin parlamentdə təmsilçiliyinə imkan verilməlidir, onlara seçki prosesində maneələr yaradılmamalıdır, seçilən müxalif şəxsin mandatı tanınmalıdır. Yenə deyirəm, bu, qismən də olsa, normal seçki keçirmək fürsətidir ki, bu fürsəti əldən vermək olmaz. Parlament siyasi mövqelərin toqquşduğu yerdir. Bizim parlamentdə siyasi mövqelər, ideyaların toqquşduğunun hələ ki, şahidi olmamışam. Mən demirəm ki, parlamentdə siyasi qüvvələrin qol güləşi olsun, iqtidarla müxalifət bir birini söysün, xeyr. Amma parlamentdə real iqtidar-müxalifət mövqeyi savaşmalıdır. Bu zaman cəmiyyət daha da inkişaf edəcək.
- Amma parlamentdə müxalifət partiyalarının deputatları var. Buraxılan Milli Məclisdə təkcə hakim YAP və bitərəflər deputat deyildilər...
- Onlar özlərini müxalifət partiyaları adlandırırlar. Əslində isə çıxışlarında, məsələlərə yanaşmalarında hökuməti YAP təmsilçilərindən daha radikal şəkildə müdafiə edirlər. Belə mövqeli deputatı müxalifətin deputatı adlandıra bilmərəm. Hökumət desə də ki, bu şəxslər müxalifətdir, biz də, cəmiyyət də həqiqəti bilir. Mən ad çəkmək istəmirəm, bəziləri ad çəkəndə inciyir. Onların hər birinə də ayrı-ayrılıqda hörmətim var, amma həmin şəxslərin timsalında “parlamentdə müxalif qüvvələr var” deməyi doğru saymıram.
Ümumiyyətlə, bizim parlament müstəqillik dövründə öz funksiyasını həyata keçirməyib. Deputatın vəzifəsi qanun layihələri təşəbbüsü ilə çıxış etmək, vətəndaşın xeyirinə olan qanun layihələri hazırlamaq və onun qəbuluna çalışmaqdır. Sual edirəm, son beş il müddətində hansısa deputat vətəndaşın xeyirinə olan bircə dənə qanun layihəsi təşəbbüsü ilə çıxış edib, onun qəbuluna nail olubmu? Belə nümunə yoxdur.   
- Sizcə, bu dəfə dediyiniz müxalifət təmsil olunacaqmı?
-Açığını deyim ki, böyük gözləntilərim yoxdur. Deyə bilmərəm ki, demokratik, şəffaf seçkilər keçiriləcək, fraksiya yarada biləcək qədər müxalif qüvvələr mandat alacaqlar. Bunu demək üçün əlimdə əsas da yoxdur. Yenə deyirəm ki, normal seçki keçirilməsi üçün fürsət var. Amma ola bilsin ki, seçkilərdən sonra köhnə tərkib Milli Məclisin yerində qaldığının şahidi olaq. Yaxud da, bir neçə nəfər, dəyişsin, məzmun əvvəlki kimi qalsın. Yəni ki, böyük gözləntim yoxdur.
Bilirsiniz, hökumətin özü də parlamentin güclü olmasında maraqlı olmalıdır. İslahatlardan danışırıqsa, anlamaq lazımdır ki, islahatların mərkəzi parlamentdir. Parlament ölkədə islahatların həyata keçirilməsində əsas rolu oynamırsa, o ölkədə islahatın həyata keçirildiyini söyləmək olmaz. İslahatların həyata keçirilməsində parlament müstəsna rol oynamalıdır ki, islahatlar düzgün yolla yerinə yetirilsin.
- ADP seçkilərdə iştirak edəcəkmi?
- Təəssüf ki, qanuna uyğun şəkildə, demokratik, şəffaf seçkilərin keçirilə biləcəyinə inamımız azdır. Qanun pozuntuları ilə keçirilən seçkilər vətəndaşların demokratiya, seçki anlayışı haqqında təsəvvürlərini korlayır. Azərbaycan xalqı ona görə apolitikdir, seçkiyə maraqsızdır ki, seçkiyə inanmır. Seçkilərin  nəticələri o qədər dəyişdirilib ki, vətəndaşların seçkiyə inamı itib. Partiyalar isə seçkiyə vətəndaşların dəstəyi ilə gedirlər. Təbii ki, ADP seçkidə iştirak edəcək. Bizim partiyanın İdarə Heyətinin iclası keçirilib və seçkilər müzakirə olunub. Prosesdə iştirakla bağlı qərarı ADP Məclisi verməlidir. Qərar qəbul olunub ki, həftə sonuna Məclis çağırılsın. Demək olar ki, 25-dən artıq şəxsin namizəd olacağını müəyyənləşdirmişik. Amma müsbət nəticələrlə bağlı, seçki perspektivi ilə bağlı o qədər də nikbin deyiləm.
Şəxsən mənim namizədliyimə gəlincə, namizədliyimi irəli sürmək fikrindəyəm. Amma namizədliyin irəli sürülməsi, qeydiyyat kimi proseslər zamanı seçkilərin necə keçiriləcəyi təsəvvürü yaranacaq. Görsəm ki, seçki saxtakarlığına, nəticələrin tanınmamasına yönəlik addımlar var, o zaman demək olar ki, iştirak etməyəcəm. Söhbət mənim şəxsimdən gedir. Mən hər dəfə seçkilərdə iştirak edib, qələbə qazanıb, amma qələbəm tanınmadığı üçün öz ölkəmi Avropa Məhkəməsinə vermək istəmirəm. Deputat mandatı mənim üçün nə qədər önəmli ola bilər ki, gəncliyimi, ömrümü həsr etdiyim dövlət barədə Avropa məhkəmələri qərarlar qəbul etsin, bundan erməni də, rus da əleyhimizə istifadə etsin?! Amma partiya olaraq bu seçkilərdə iştirak edəcəyik.   

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
ayna.az

1Sources