EN

“Şirkətdə korporativ mədəniyyətin pozulması birbaşa rəhbərdən asılıdır”

Korporativ mədəniyyət, şirkətin iş fəaliyyətinə təsir edən mənəvi və əxlaqi dəyərlər, inanclar, davranış normaları və iş etikası kompleksidir. Bu mədəniyyət, şirkətin ümumi atmosferini və iş mühitini şəkilləndirir. İşçilərin davranışlarına, qarşılıqlı münasibətlərinə və şirkətlərin qərar qəbul etmə proseslərinə təsir göstərir. Korporativ mədəniyyət şirkətin missiyası, vizyonu və strateji hədəflərinə uyğun olaraq formalaşır. Şirkətlər də korporativ mədəniyyətə xüsusi diqqət yetirirlər. Amma bəzi hallarda şirkətlərdə korporativ mədəniyyətin pozulması halları ilə rastlaşmaq olur. Bir çox şəxslər ən çox iş mədəniyyətini pozanların yeni nəsil işçilər olduğunu düşünürlər. 

Ümumiyyətlə, iş yerində korporativ mədəniyyəti pozan hallar nələrdir? Bunun işçinin yeni olması və ya gənc nəsil olması ilə əlaqəsi varmı?

Valyuta.az-a danışan Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, insan resursları mütəxəssisi Saleh Həsənov deyir ki, şirkətdə korporativ mədəniyyətin pozulması birbaşa rəhbərdən asılı olur:

“Çünki rəhbər şirkətdə nə qədər iş mədəniyyətini qorumağa meyilli olsa, şirkət də o ab-hava ilə işləyəcək. Şirkətin korporativ mühiti və şirkətin rəhbərinin sayəsində iş mədəniyyəti formalaşır. Bizim etdiyimiz bütün hərəkətlər şirkətdə olan korporativ mühitdən asılı olur. Şirkətdə iş mədəniyyətinin pozulmasında rəhbərlərin davranışından, özlərini aparma tərzindən çox şey asılıdır”.

S.Həsənov bildirdi ki, şirkətin mədəniyyətinin pozulmasında yeni və ya köhnə nəsil olması arasında fərq qoymaq olmaz:

“Demək olmaz ki, iş mədəniyyətini  yeni nəsil işçilər pozur. Köhnə nəsil dediyimiz işçilər ki var, onlar da bir çox hallarda şirkətin korporativ mühitinə uyğunlaşmır. Ümumiyyətlə, təcrübəli adamların korporativ mühitə uyğunlaşması həmişə rahat olmur. Bu baxımdan, bunu nəsil arasında bölmək olmaz. Şirkət rəhbəri iş mədəniyyətini pozmazsa, heç bir işçi bunu istəməz. Ola bilər ki, şirkətin işçi şirkətin korporativ mədəniyyət qaydalarını bilə-bilə pozmur. Yəni, özünün də xəbəri olmadan iş mədəniyyətini pozmuş olsun”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
valyuta.az

1Sources