EN

Elman Cəfərli: “Məsud Pezeşkian İran prezidenti ola bilər”

“İranda ikinci tura qalan prezident seçkiləri ölkə tarixində yeni mərhələnin başlanğıcı ola bilər”.

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebhe.info”ya açıqlamasında deyib.

O xatırladıb ki, İranda 2009-cu ildə keçirilən prezident seçkilərində də azərbaycanlı namizəd Mirhüseyn Musəvi favorit sayılırdı:

“Lakin onun yolunu kəsdilər. Seçkidən sonra “yaşıl inqilab” meyili davam etsə də, aksiyalar yatırıldı, hərəkatın liderlərinin siyasi fəalliyyətinə isə qadağa qoyuldu. İslahatçı namizəd bu günə qədər ev dustağıdır. Həmçinin, 2009-cu il seçkilərində qeyri-fars millətlərinə ana dilində təshil hüququnun verilməsi tələbi ilə prezidentliyə namizəd Mehdi Kərrubi çıxış edirdi. O da hazırda ev dustaqlığındadır.

Belə bir taleh birinci turda ən çox səs toplamış Məsud Pezeşkianı da gözləyir. 

Əslən Qərbi Azərbaycanın Soyuqbulaq mahalından olan Məsud Pezeşkian təcrübəli siyasətçidir. Əvvəllər İranın səhiyyə naziri olub. Son illər parlamentdə Təbrizi təmsil edirdi”.

Həmsöhbətimiz hesab edir ki, prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian uğur qazana bilər: 

“Lakin bəzi Azərbaycan çevrələri bilməyərəkdən, bəzən qərəzlə bu adama qarşı fikirlər səsləndirirlər. Avropada, Amerikada oturmuş dərnək səviyyəsində təşkilat rəhbərləri Güney Azərbaycanı boykota səsləyirlər. Məsud Pezeşkian haqqında bəzi “millətçilərin” səsləndirdiyi əsas arqumentlər nədir?

İddia edirlər ki, o kürddür. Onu daha çox “sistemin adamıdır” deyib gözdən salmağa çalışırlar. Bu adamlar anlamır ki, Sovet İmperiyasının dağılması ilə nəticələnmiş aşkarlıq və yenidənqurma siyasətini gətirən Mixail Qorbaçov, Boris Yeltsin də sistemin adamları idi. Yəni İran kimi dövlətdə başqa sistem yoxdur.

Namizədlər belə Eksperlət Şurasının süzgəcindən keçirlər. Bu baxımdan Güney insanı, İranın demokratikləşməsini istəyən bütün insanlar seçkiyə getməli və Məsud Pezeşkiana səs verməlidirlər”.

Elman Cəfərli qeyd edib ki, Tehran rejimi seçkidə Azərbaycan türkləri faktorundan yetərincə istifadə etmiş Məsud Pezeşkianın prezidentliyə yolunu kəsəcək: 

“Amma onun seçkiqabağı təşviqat kampaniyası belə Güney Azərbaycanda milli oyanış və ana dili hərəkatını gücləndirəcək.

Ola bilər ki, molla rejimi hicab qiyamından sonra etdiyi kimi güşətlərə getsin. 

Həmçinin, Təbrizdə və Güney Azərbaycanın başqa şəhərlərində türk dilində məktəblər açıla bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
32
cebheinfo.az

10Sources