EN

İsrail seçim qarşısında

Xaqani CƏFƏRLİ


İsrailin Hizbullaha qarşı müharibəyə hazırlaşdığı və iyulun ikinci yarısında əməliyyatlara başlaya biləcəyi barədə məlumatlar artır. Ən son olaraq Almaniyanın "Bild" qəzeti Qərb diplomatlarına istinadən məlumat yayıb ki, İsrail iyulun üçüncü və ya dördüncü həftəsində Livanın Hizbullah qruplaşmasına qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır. Bu məlumatın nə qədər səhih olduğunu söyləmək çətin olsa da, Rusiya, Kanada, Küveyt, Niderland, Şimali Makedoniya, ABŞ, İrlandiya, İordaniya, Avstraliya, Qətər, Almaniya və Səudiyyə Ərəbistanının öz vətəndaşlarını Livanı tərk etməyə çağırması İsrailin müharibəyə başlayacağı ilə bağlı məlumatların əsassız olmadığı qənaətini yaradır. Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyinin yaydığı məlumat vəziyyətin nə qədər həssas olduğunu göstərir. Səfirlik Livanın cənubunda baş verən hadisələri diqqətlə izlədiyini bəyan edərək, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa, həmçinin orada olan vətəndaşlarını dərhal Livan ərazisini tərk etməyə çağırır. Belə görünür ki, Səudiyyə Ərəbistanı müharibənin çox yaxın olduğu qənaətindədir. Almaniyanın "Lufthansa" aviaşirkətinin iyulun 1-dən Beyruta bütün gecə reyslərini ləğv etdiyini açıqlaması da müharibə ehtimalının yüksək olduğunu göstərir.

ABŞ kəşfiyyatının məlumatına görə, çox yaxın zamanda İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs razılaşması əldə olunmasa, bir neçə həftə ərzində İsrail və Hizbullah arasında genişmiqyaslı müharibə qaçınılmaz olacaq. Bu məlumatı isə "Politico" ABŞ kəşfiyyatındakı mənbələrinə əsasən yayıb. Eyni zamanda məlumatda o da qeyd edilir ki, iyunun 27-də ABŞ vətəndaşlarını Livana səyahət etməməyə çağırıb.

İsrail ilə HƏMAS arasında atəşkəs isə mümkün görünmür. İyunun 30-da Cənub Hərbi Dairəsində keçirilən görüşdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın terrorçu ordusunun məhv edilməsinin son mərhələsinə yaxınlaşdıqlarını bildirib. Bir gün sonra Milli Təhlükəsizlik Kollecində çıxışı zamanı isə xəbərdarlıq edib ki, Qəzza zolağında döyüşlər terrorçu silahlı qrupların qalıqları məğlub olana qədər davam edəcək. Baş nazir qeyd edib ki, SAXAL Qəzza zolağında müharibənin üçüncü mərhələsinə keçidə hazırlaşır. Rəfahdakı "terror yuvaları" hələ dağıdılmadığını qeyd edən Benyamin Netanyahu SAXAL-ın həyata keçirdiyi əməliyyatların mahiyyətində köklü dəyişiklikdən danışmağın hələ çox tez olduğunu bildirib.

Müdafiə naziri Yoav Qalant, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Tzaçi Haneqbi, Baş Qərargah rəisi Herzi Halevi, Hərbi Kəşfiyyatın (AMAN) rəhbəri, general-mayor Aharon Haliva və təhlükəsizlik sisteminin digər rəhbərlərinin iştirak etdiyi görüşdə, həm əməliyyat tapşırıqları, həm də müharibənin üçüncü mərhələsinə keçid vaxtı ilə yanaşı, Livanla sərhəddəki vəziyyət də müzakirə olunub.

Qeyd edək ki, bu toplantıdan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-da bir neçə günlük səfərdə olmuş, Vaşinqtonda bir neçə yüksək səviyyəli görüş keçirmişdi. Məlumatlara görə, Qalant ABŞ rəsmiləri ilə müzakirələrdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün Hizbullahla münaqişənin diplomatik yolla həllinə tərəfdar olduğunu, İsrailin təhlükəsizlik tələblərinə cavab verəcəyi halda sülh yolu ilə nizamlanmaya üstünlük verəcəklərini bildirib.

Vaşinqtona səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Yoav Qalant İsraillə Livan arasında olan məsələlərin diplomatik yolla həllinə tərəfdar olduqlarını bildirsə də, müharibə olacağı halda Livanı geri, daş dövrünə göndərəcəkləri ilə bağlı da sərt xəbərdarlıq edib. Müdafiə naziri deyib ki, İsrailin buna imkanları və gücü var.

Son iki gündə İsrail mediası SAXAL-ın Livanla sərhəddə qüvvələrini gücləndirdiyi, əsgərlərin dağlarda və şəhər mühitində döyüş məşqi keçdiyi haqqında məlumat yayılmağa başlayıb. Belə görünür ki, SAXAL Hizbullaha qarşı müharibəyə hazırlaşır. İsraildə bir çoxları belə fikirləşir ki, müharibə gec-tez baş verəcək. Müharibənin ləngiməsi isə yalnız Hizbullahın və İranın maraqlarına cavab verir, onlar müharibəyə daha yaxşı hazırlıq üçün vaxt qazanırlar. Bir sıra təhlilçilər İranın İsrail ətrafında tor hördüyünü, bir neçə ildən sonra müqavimətin çox baha başa gələcəyi ilə bağlı xəbərdarlıq edir. İranın regionda qüvvələr nisbətini asta-asta öz xeyrinə dəyişdiyi artıq əksər müşahidəçilər tərəfindən etiraf olunur. Bu mənada Hizbullaha qarşı əməliyyatların təxirə salınması İsrailin maraqlarına cavab vermir. Lakin elə vəziyyət yaranıb ki, Hizbullaha qarşı əməliyyat da İsrailin maraqlarına cavab vermir. Belə görünür ki, İsrail yaxşı və pis variantlar arasında deyil, pis və daha pis variantlar arasında seçim etməli olacaq. Çünki İsrail Hizbullaha qarşı əməliyyatlara başlasa, bu, İranla birbaşa münaqişə riski yaradacaq. Belə olacağı halda İran öz marionet təşkilatlarına İsrailə hücum əmri verə bilər ki, bu da regionda böyük müharibəyə səbəb olar.

Hizbullahın lideri Seyid Həsən Nəsrullah İsraillə "hərtərəfli müharibə" istəmədiklərini, lakin belə bir ssenariyə də hazır olduqlarını bildirib. Nəsrullah xəbərdarlıq edib ki, müharibə başlasa, Aralıq dənizindəki vəziyyət tamamilə dəyişəcək, Hizbullahın "qaydalar və məhdudiyyətlər olmadan" mübarizə aparacağını bildirib. Nəsrullah bildirib ki, müharibəyə qoşulmaq istəyən Hizbullah döyüşçülərinin sayı 100 mini keçib.

Hizbullahla yanaşı, İraqın İsami Müqavimət hərəkatı da İsraili böyük müharibə ilə təhdid edir. Livanın "Əl-Məyad"in telekanalı xəbər verir ki, İraqın İslami Müqaviməti hərəkatına daxil olan şiə silahlı birləşmələrinin Koordinasiya Komitəsi Hizbullah ilə gərginliyin genişmiqyaslı müharibəyə çevriləcəyi təqdirdə İsrailə hücumları gücləndirəcəklərini vəd ediblər. İslami Müqaviməti Vaşinqtonu təhdid edərək bildirib ki, İsrail və Hizbullah arasında müharibə baş verəcəyi təqdirdə, ABŞ-ın Yaxın Şərqdəki bütün obyektləri onlar üçün qanuni hədəfə çevriləcək. İran da öz növbəsində Hizbullaha qarşı mharibənin İsrail üçün məhvedici olacağı ilə bağlı xəbərdarlıq edib. Belə bir vəziyyətdə İsrailin çox çətin seçim qarşısında olduğu aydın görünür. Aydın görünür ki, İsrailin yaxşı və pis variantlar arasında seçim etmək imkanı yoxdur. Pis və daha pis variantlar arasında seçim etmək lazımdır.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
525.az

1Sources