EN

MÜVƏQQƏTİ DAYANMIŞ AVTOBUSUN İNADKAR SƏRNİŞİNİ - Rafael Hüseynov yazır

Rafael HÜSEYNOVAkademik


Onun həyatında əksliklər həmişə qol-boyun irəlilədi, sadəcə yanaşı addımlamadı, məhz bir-birinin içində oldu. 1907-ci il yay ağzı Mirzə Cəlil bir tərəfdən xoşbəxt idi, nəhayət ki, əsl "ömür-gün yoldaşı", ruhdaş, məhrəm sirdaş sayılası qəlb hayanı ilə qovuşmuşdu - Həmidə xanım Cavanşirlə izdivaca girirdilər, digər tərəfdən, ürəyindən qara qanlar axırdı, ən əziz övladını girdab sovururdu - "Molla Nəsrəddin"i rəsmən bağlamışdılar.

Başqa, sıradan olan insanlar kimi onun və vaxtı, nə macalı vardı ki, bir müşkülün həllini gözləyərək sonra arxayınca digər rahat işinə əncam çəkməyə başlasın. Onunku belə gətirmişdi və bu, Mirzə Cəlilin taleyi idi ki, gərək həmişə acı ilə şirin bir-birinə qatışsın, onu qarabaqara izləyən sarsıntılar kiçik yaşlarından ta son saatınacan həyatındakı ən böyük fərəhə çevrilməli hadisələrə də öz soyuğunu-sazağını ötürərək onları könül dolusu sevinməyə macal vermədi, hər şadlığı bir cür ovsanadan çıxartdı.

1907-ci il iyun ayının 15-i. Mirzə Cəlilin daxilən nə qədər gərgin olsa da, hər halda əhvalı yüksəkdir. Həmidə xanımla birgə Qarabağda, Kəhrizli kəndindədir, bir xeyli qonaqları da var, onları yola verib Quzanlıya, kəbin kəsdirməyə gedəcəklər. Təntənəsiz, hay-küysüz, yalnız ən yaxın adamların iştirak etdiyi xudmani bir şadlıq məclisi qurulacaq. Evlənənlərin əsla sadə adamlar olmamasının ən tutarlı sübutu həmin günün yadigarı olan bir əhvalatdır. Mirzə Cəlil o gün Həmidə xanım Cavanşirə onun öz xahişi ilə toy hədiyyəsini vermişdi. O toy hədiyyəsi də nə olmuş ola? Həmidəxanım Mirzə Cəlildən rica etmişdi ki, məclisdə Məmməd Səid Ordubadinin atası Hacağa Fəqirin "Çul" şeirini deklamasiya etsin. Mirzə Cəlil o şeiri özünə xas ustalıqla oxumuşdu, Həmidə xanımın da, məclisdəkilərin də könlünə çox yatmışdı. Bir-birinə belə sovqat verib bunca da məmnun qalmaya köhnələri demirəm, yeni zamanın başqa hansı Azərbaycan ailələrində rast gəlmisiniz?

Buna qoşa alma kimi bənzəyən hadisəyə bir neçə il əvvəl rast gələndə istər-istəməz Mirzə Cəlillə Həmidə xanımın şərti olaraq toyları deyə biləcəyimiz həmin gün yadıma düşdü. Söz az qala gününəcən düppədüz üst-üstə düşür. 2009-cu il iyunun 16-sı idi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi təqribən üç il çəkən əsaslı təmir və yenidənqurmadan sonra qapılarını tamaşaçı üzünə yenicə açmışdı və gələn qonaqlardan biri Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Ənn Dörsi idi. O, elə muzeyi gəzməyə başlayınca ilk sözü bu olmuşdu ki, mənim səfirlik müddətim artıq bir neçə aydır başa çatıb, ancaq haçandır muzeyin açılışını gözləyirdim, qət etmişdim vətənə qayıtmazdan öncə mütləq bu gözəl muzeyin zallarını doyunca gəzim. Və Mirzə Cəlilgilin izdivac gününü xatırladan riqqət oyadan əhvalat xanım səfir Xaqani zalına gəlib çatanda baş vermişdi. Təcrübəli bələdçimiz Tomris Babanlı xanım Dörsiyə ölməz şairin mübarizəli həyatından, yaratdıqlarından bəhs edəndən sonra Xaqaninin ingiliscəyə çevrilmiş qəzəlini oxumuşdu:

Canım nə qədər var,

mənə canan sən olarsan,

Candan da əziz olsa bir insan, sən olarsan.

Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,

Bundan sora da canım üçün

can sən olarsan...

Tomris bu şeiri oxuyunca səfir əvvəlcə əl çalmış, sonra da qəfilcə yanında onu müşayiət edən üç nəfərdən birinin boynuna sarılmış, onu öpmüşdü. Hamının onun niyə belə etdiyinə təəccübləndiyini görən Ənn Dörsi mətləbi özü açmışdı: "Bu qucaqladığım mənim həyat yoldaşımdır. Bu gün bizim evliliyimizin düz 25 ili tamam olur, axşam həmin hadisəni restoranda qeyd edəcəyik. Lütfən, bu şeiri mənim poçtuma göndərin, istəyirəm ki, buaxşamkı yubiley gecəmizdə, həmin məclisdə ərim o şeiri mənimçün oxusun".

Sonra da çevrilir həyat yoldaşına sarı: "Mənə belə bir hədiyyəni etməyə hazırsanmı?!"

Yenidən qucaqlaşmışdılar...

Və 1907-ci ilin o xoş iyun günündə Həmidə xanımın xahişi ilə Mirzə Cəlilin ona etdiyi hədiyyə, ümumən həmin məclisin ovqatı indiyəcən olanlardan fərqli hansı yeni Azərbaycan ailəsinin yarandığını göstərirdi. Bu xırda məclisin özü bir güzgü kimi yeni Azərbaycanı, yeni çağın Azərbaycan qadınını göstərirdi. Və o gün yaşananların nişan verdiyi bir başqa həqiqət də ondan ibarətdir ki, Mirzə Cəlil sadəcə onunla bir yastığa baş qoyacaq zövcə ilə birləşmirdi, həm də və daha artıq onu qəlbən duyan, ona həm də mübarizə, məslək yoldaşı olacaq insanla qovuşurdu.

Və ömrünün bu nigaran parçasında tapdığı səadət Mirzə Cəlilin sonra yaşayacağı bütün illəri işıqlandıracaq.

Mirzə Cəlillə Həmidə xanım hazırlaşırlarmış ki, iyun ayının 22-də Ağdama gəlsinlər, ancaq eşidirlər ki, bədxahlar onlara qarşı böyük mərəkə qurmaq niyyətindədirlər, bir dəstə öyrədilmiş adam onlara hücum etməkçün hazırlanıb. Məqsədləri də budur ki, onlara Ağdam bazarında pişik toyu keçirərək məsxərəyə qoysunlar.

Qulağı bu xəbəri alınca Həmidə xanımın qohum-əqrəbası - Cavanşirlər yaraqlanırlar.

Mirzə Cəlillə Həmidə xanımın Ağdama silahlı dəstənin müşayiəti ilə gəldiyini görənlər özlərini yığışdırır, artıq-əskik hərəkətlərə əl atmağa cürət etmirlər. Qaragüruhun bu dəstəsi belə susdurulur, amma o biri tərəfdən də Azərbaycan ziyalılığı ayaq üstə idi.

1907-ci il iyunun 23-də "Bakinskiy den" qəzeti "Molla Nəsrəddin"in müdafiəsinə qalxan iki məktub çap etmişdi. Biri Qubadan göndərilmişdi, digəri Şuşadan. Cavan ziyalılar yazırdı və minnətsiz sevginin nişanəsi olan bu cür köksü irəli vermələr, əlbəttə ki, Mirzə Cəlilə də, mollanəsrəddinçilərə də yeni həvəs, güc, ilham, mübarizələrdə ardıcıl olmaq əzmi bağışlayırdı.

...Payızın axırında görərsən ki, yarpaqları tökülmüş budaqların arasında tək-tək yetişmiş meyvələr qalıb. Dərərsən, dadından, ətrindən doymaq olmaz. Bitən fəslin saxlancı olan o meyvələr həm də ötən günləri yada salar, yaddaşı dəbərdər.

"Molla Nəsrəddin"in köhnə saylarını vərəqləyəndə sanki vaxt ağacının günləri tökülüb çılpaqlaşmış budaqları arasında şirin bir meyvə ilə rastlaşırsan. 1909-cu il  14-də  "Molla Nəsrəddin" 24-cü sayında  işıq üzü görmüş və altında "Dəli" imzası qoyulmuş (bu, elə Mirzə Cəlilin özünün təxəllüslərindən biri idi), amma ağıllı-ağıllı sözlər deyən bu yazının sərlövhəsi "Yol"dur:"Yadındadırmı, əzizim ki, həmişə mən sənə deyərdim "dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşman olarsan". Sən mənə cavab verirdin ki, "yox-yox, gərək bu yol ilə gedəm, bu yol məni aparıb çıxaracaq gülüstana". Mən deyirdim, "getmə, qayıt geri. O yol ki sən gedirsən, gülüstan yolu deyil, o yol səni aparıb çıxardar qəmişliyə. Orda qabanlara rast gəlib puç olarsan". Yadındadırmı ki, sən mənim üstümə hirslənib istəyirdin ki, hələ məni vurub öldürəsən də. Mən deyirdim "getmə", sən deyirdin "gedəcəm". Əzizim, o vədə sənin haqqın var idi mənim üstümə hirslənməyə. O səbəbə ki, sən o yolu gülüstan yolu bilirdin. Çünki bunu yəqin eləmişdin, yolundan geri durmaq istəmirdin. O vədə sənin haqqın var idi. Amma indi gəlib çıxdın qəmişliyə. Dəxi indi sözün nədir?

Nəsihəti-hükəma: "Heyvan heyvanlığı ilə bir yoldan keçib yıxılanda dəxi bir də o yerdən keçmir. Sən ki, Allaha şükür, insansan".

Mirzə Cəliləcən qəzetimizdə-jurnalımızda belə duru, elin içindən gələn, qəliz ərəb-fars kəlmələrindən arıtlanmış dil olmamışdı. "Molla Nəsrəddin" deyişinin, yazısının bu tərziylə xalqa onu anladırdı ki, sənin hər gün danışdığın dilə üstdən aşağı baxaraq onu elə dükan-bazar, çoban-çoluq dili sayanlar, belə bir ifadə tərzinin hörmətə mindirilərək kürsülərə çıxarılmasının, qəzetlərin, dərgilərin səhifələrinə gəlməsinin əleyhinə olanlar, bütün başqa niyyətlərini bir qırağa qoysaq belə, ən azı yanılırlar. Çünki belə yazını oxuyan adamın qarşısına mənasını anlamayıb gözünü döydüyü bircə dənə dəhəndir-hamar, diləyatmaz ərəb kəlməsi, ya dolaşıq izafət çıxmır ki, molla yanına gedib "Ağa, bu nəmənədir" soruşsun, çünki bu dil, hamınızda görürsünüz ki, düşüncədən, ürəkdən nə keçirsə, elliyini asudəcə çatdıra bilən aydan arı, su kimi rəvan bir dildir və sənin göyçək dilini gözdən salmağa cəhd edənlər elə bu dilin gücündən qorxanlardır. Mirzə Cəlil və mollanəsrəddinçilər təkcə dil sevgisi aşılamır, həm də kəlmələri qanad açıb ürəklərə uçan bu sadə dil vasitəsilə yurddaşlarına sərbəst düşüncəni aşılayırdılar, qəlbinə yatmayanlar barədə yalnız susmayıb yeri düşdükcə bu yükdən xilas olmaqçün onu dilə, qələmə gətirməyi də tövsiyə edirdilər. "Məsələ" adlı bu yazı "Molla Nəsrəddin"in 1909-cu il 21 iyunda çıxan 25-ci sayında getmişdi: "Mən, Mərdəkanda bir qəssab hacı iyun ayının 3-də belə bir and içdim ki, bundan sonra əti 16 qəpikdən artığına satmayım ki, kasıb-kusub da barı həftədə bir dəfə ət alıb yeyə bilsinlər. Amma kor şeytan məni yoldan çıxartdı. Mən də yenə başladım 18 qəpiyə satmağa. İndi, cənab Molla Nəsrəddin, soruşuram ki, aya, andı pozmağımın cavabdehliyi mənəmi çatacaq, yainki kor şeytana. Aman günüdür, ay molla, bu məsələmə bir cavab".

İndi o qəssabın mollaya o sualı verdiyi vaxtdan bir əsrdən də çox keçib, dünya çox dəyişib. Amma adamı yoldan çıxaran şeytan yenə işini görməkdədir. İndi haradasa oxşar qəziyyə ilə qarşılaşanda, ağlınıza bənzər sual gələndə cavabı mollada aramayın, şeytana "lənət" oxumağa tələsin.

Amma köhnə "Molla Nəsrəddin"i vərəqləyə-vərəqləyə, qoca və qocalmaz Mirzə Cəlili yada sala-sala lap elə bu günləri də düşünürəm, yenə də MİRZƏLƏRimizin bostanlarına daş atanları görüb kədərlənirəm. Tarixə qiymət verməyə yanıldıqlarındanmı (kaş belə ola), ya qərəz məqsədli kimlərinsə təsirinə düşdüklərindənmi və ya elə məhz bunu qulluq elədikləri hansısa məkrli qüvvənin cizgisinə uyğun olaraq etdiklərindənmi, car çəkirlər ki, Mirzə Fətəli də, Mirzə Cəlil də, onların məsləkdaşları da, sən demə, icazəli cəsarətlə, çar hökumətinin xəfiyyə göstərişi ilə belə yazıb-pozurlarmış. Guya məqsəd bu imiş ki, xalqın beyninə yeritsinlər ki, sən belə avamsan, bunca geridə qalmışsan, bunca miskinsən.



Bu millət naminə canı da qatışıq hər şeylərini qurban vermişlərin xatirəsini belə incitməkdən miskin hansı hərəkət ola bilər?!

"Molla Nəsrəddin"də yer almış və sonunda da "Dəngəsər" imzası dayanan bu yazı, əlbəttə ki, millətin umulmaz qəbahətindən yazırdı. Elə rəzalətdən ki, gərək bu millətin qanında o mərəz əsla olmaya. Bu millət, axırı ki, bir-birinin doğması, əzizi olduğunu sonacan dərk etməli, hikkəni, həsədi, qibtəni bir kənara atmalı, bir-birlərinə dayaq, sipər olmalıdırlar. Ürəyi yana-yana belə yazırdı ki, bu yara sağalsın. İndinin ağzıgöyçəkləri sifət turşudur ki, bunu o səbəbdən yazırmış ki, xalqı özündən çiyrəndirsin, xalqı aşağılasın, gözdən salsın. Mirzə Cəlil zavallının ağlına gələrdimi ki, əsr keçəcək, minilliklər dəyişəcək, kəmsavadlar, patavalılar, korazehinlər deyil, guya yeni zamanın oxumuşları onları ittiham edəcək, millət dərdini belə çəkdiklərini tərsinə yozaraq onları xalq əleyhinə işləmiş casuslar hesab edəcəklər: "Heç yadımdan çıxmaz. Uşaqlıqda kişilər ilə dağlara gəzməyə gedərdim. Yoxuş çıxanda kişilərin dalına düşüb onların izi ilə dırmaşardım. Balaca yoldaşlarımdan bəziləri özbaşına kimi istədiyi yerdən çıxardılar, ayaqları sürüşürdü, dərə aşağı yumurlanırdılar. Kişilər də onları məzəmmət edirdilər, deyirdilər ki, sən də bunun kimi bizim dalımızca gəl, bizim izimizcə gəl ki, yıxılmayasan. İndi də böyüyüb kişi olmuşam. Həmişə fikrim ucalıqdadır. Özümü dərənin dibində, özgələri dağın başında görürəm. Mən də yuxarı dırmaşmaq istəyirəm. Yanımdakı yoldaşlardan biri qolumdan tutur, dördü qılçamdan geri çəkir. Dağın başındakılar da üstümə daş yuvarlayırlar. Xülasə, işim çox çətin olubdur. Əgər belə gedərsə, vay halıma. Yanımdakılar qoysa, yenə bir növ çıxaram. Münasib ikən bir neçə kəlmə də yazım. Elmin, fənnin tərəqqisindən danışıram, deyirlər, sarsaqlayıb. "Yevropeyski" dolanıram, deyirlər, gedə lap xarab olub. Qızımı oxuduram, deyirlər, dindən çıxıb. Odur ki, qoymurlar. Nə yuxarıdakılar qoyur, nə aşağıdakılar. Hər kəs bu mətləbi oxusa, deyəcək ki, dəngəsər oğlu dəngəsər lap dəngəsərləyib".

Mənzərə sizə tanış gəlirmi? Yazmayaydımı, beynimizə döyəcləməməliydimi ki, belə olmayın, hətta yazıbsa da, olanı üzümüzə qarşı deyibsə də, yenə bunca ağır söhbətlər bir qulağımızdan girib o biri qulağımızdan çıxıbsa, məzarında qurcuxmasın, neyləsin?!

Təzə başladığı çağlarda "Molla Nəsrəddin"də "Bu həftə" adlı özü balaca, sözü böyük bir yazı da dərc edilmişdi və sezilirdi ki, bu həftə nələr olub, bir para sütül xəbərlər sadalanırdı və sonda yenə adətkərdə olduğumuz tərzdə xəbər alınırdı ki, "Bu həftə dəxi nələr olub?" Və cavab qısa idi:"Dəxi, canına sağlıq".

Daim düşüncənizə sağlıq gəlməsini istəyirsinizsə, hərdən-hərdən "Molla Nəsrəddin"i vərəqləyin...

...El naminə mübarizə yolunu tutub getmək həmişə çətin olub. Bu yolun yolçularına "sağollar" deyənlər həmişə az olub. Tək-tək "sağollar" söylənməyinə söylənibsə də, çox vaxt bu, həmin insanların artıq həyatda olmadığı əyyamlara təsadüf edib.

...1908-ci il gəlmişdi, artıq xata sovuşmuşdu, "Molla Nəsrəddin" ard-arda çıxmaqda davam edirdi, oxucularının sayı durmadan artır, dərginin yayılma dairəsi genişlənirdi. Jurnalın qapanıb açılması ilk növbədə Mirzə Cəlillə Ömər Faiqin, söz yox ki, həm də bütün mollanəsrəddinçilərin ürəyində şırımını qoymuşdusa da, hər ziyanda həmişə bir fayda da olduğundan bu vaqiə dərginin cazibəsinin güclənməsinə, şöhrətinin artmasına, oxucularının çoxalmasına da ciddi təsir göstərmişdi. "İrşad" 1908-ci ilin 7 fevralında xəbər verirdi ki, Balaxanı və Bibiheybətdə yaşayan dağıstanlı fəhlələr yığışaraq pul toplamış, qiraətxana üçün "Molla Nəsrəddin"ə abunə yazılmışlar və qəzet Bakıda yaşayan dağıstanlıların yardım cəmiyyətinin ianə siyahısını da dərc etmişdi. Yəni sevənlər, oxuyanlar artırdı, müvəqqəti qapanıb açılması "MollaNəsrəddin"i ürküdə bilməmişdi - əksinə, əvvəlkinə nisbətən jurnalın codluğu, dilinin kəsərliyi də durmadan şiddətlənirdi, fikirlərdəki kəskinlik əvvəlkindən də çox idi. Təbii, bu da düşmənləri daha artıq hiddətləndirir, yola gəlməyəni ram etməkçün yollar axtarmağa şitəndirirdi.

"Molla Nəsrəddin"in Bakıdakı dostlarına xəbər çatır ki, buradan Tiflisə, Mirzə Cəlilin ardınca adam göndərmək istəyirlər. Adam deyəndə ki, Mirzə Cəlili aradan götürməkçün muzdlu qatil tədarük edilmişdi. Bundan duyuq düşüncə dostlar qatildən daha əvvəl Tiflisə öz adamlarını göndərirlər ki, xəbəri Mirzə Cəlilə çatdırsınlar. Lap azacıq ötür, elə həmin fevral günlərində vəziyyəti ciddi nəzarətdə saxlayan, Mirzə Cəlilin hər addımını izləyən dostlar İrəvanski meydanın yanında Salalaki küçəsində gözaltı etdikləri, özünü şübhəli aparan bir adamı saxlayırlar. Əyni yapıncılı bu adamın üstündən üç tapança tapılır. Onu polisə təhvil verirlər, məlum olur ki, Mirzə Cəlilə qəsd etməkçün göndərilən elə bu imiş. Dostlar məşvərət eləyirlər ki, yaxşı, bundan xəbər tutduq, qarşısını aldıq, ancaq düşmənlər xirtdəyəcəndir, bəlkə heç qəfildən, gözləmədiyimiz yerdən bir ayrısı pırtlayıb çıxdı ortalığa. Mirzə Cəlilin ömrü boyu - gəncliyindən o yaşınacan, o yaşından da həyatının axırınacan bir silahı oldu - sözü, qələmi. Ancaq indi vəziyyət başqa idi. Tapançanın qabağına qələmlə çıxmaq olmazdı. Həmin qarşısı alınmış sui-qəsddən sonra Mirzə Cəlil dostların təkidli məsləhəti ilə bir brauninq əldə edir və həmin gündən etibarən həmişə o silah üstündə olarmış...

...1910-cu il yetişib. Artıq "Molla Nəsrəddin"in dörd yaşı var. Müəlliflər dairəsi yetərincə genişlənib, silahdaşlar çoxalıb. Ancaq Mirzə Cəlilin öz həyatında burulğanlar cərəyan etməkdədir. Sanki hansısa təhlükələr onu qarabaqara izləyir, həm də bu,yalnız rəqiblərdən, düşmənlərdən, qaragüruhdan gələn təhdidlər deyil. Heç gözləmədiyi tərəflərdən də onu daxilən narahat edən çox hadisələr baş verir. Qardaşı Mirzə Ələkbər azad düşüncəli insandı və qoşulmuşdu İrandakı Məşrutə hərəkatına. Ancaq həbs olunur, onu oradan ayağı qandallı gətirirlər. Mirzə Cəlilin çox sevdiyi Ələkbərin taleyi artıq türkdən asılı idi. Onu ya edam edəcək, ya da ömürlük sürgünə göndərəcəkdilər. Ona görə Mirzə Cəlil hətta bir ara "Molla Nəsrəddin"in işlərini dostlara həvalə edərək özü Qarabağa gedir ki, müəyyən vəsait toplasın, Ələkbərə kömək etməkçün çarələr axtarsın. Ancaq onu qarabaqara izləyən həyat təhlükələri burada da fəsadını törədir. Mirzə Cəlilielə 1910-cu ilin yayında da itirə bilərdik. Həmidə xanım qızıyla Xankəndidə, Şıxıyev bağında dincəlirmiş. Mirzə Cəlil də gedir onların yanına. Dilxorluğunu, onu üzən nigaranlığı dağıtmaqçün tez-tez Ağakərim körpüsünün yanına yollanar, çaya baş vurarmış. Ancaq günlərdən birində çayda çimdiyi əsnada burulğana düşür, ha çapalayır, girdabdan qurtula bilmir. Qəhrəman adlı bir cavan təsadüfdən orada olmasaydı, Cəlil əldən gedəcəkmiş. O gənc suda boğulanı görüncə şığıyır, ustadı girdabın cəngindən dartıb qoparır.

Ölümün soyuq həniri nəsə lap yaxından hiss edilirmiş. Qısaca vaxt kəsiyində Mirzə Cəlil iki dəfə labüd ölüm vahiməsi yaşamışdı. Guya Qarabağa nisbətən toxtamaq, dinclik tapmaqçün sığınmışdı, ancaq qəzavü qədər odlu silah əvəzinə bu dəfə onun üstünə "soyuq silah" çəkmişdi.

Mirzə Cəlilin öldürüləcəyini yəqin etmiş düşmənləri bir qədər tələsərək şayiə də buraxıblarmış ki, artıq redaktor qətlə yetirilib. O şayiələr haqda köhnə mətbuatda izlər də qalmaqdadır. "İrşad" 1908-ci il 19 fevral sayında o şayiələrdən söz açır və bu xəbərin ziyalılar arasında bərk həyəcan oyatdığını xəbər verirdi.

...Hələliksə Cəlil Məmmədquluzadə Qarabağda idi, redaksiya ilə mütəmadi yazışırdısa da, yenə yarı canı Tiflisdə, "Molla Nəsrəddin"in yanında idi. Dözmür, işləri tapşırıb gəldiyi Məhəmmədəli Sidqiyə götürüb qısa, amma təşvişli bir məktub da göndərir: "Səy elə jurnal xarab olmasın".

Dərginin hər sayını alırdı. Buradan özü də yazılar göndərirdi, ancaq səbri çatmır, dekabrın axırında - 1910-cu ilin bitər-bitməzində qayıdır Tiflisə. Ancaq qaynar mühitdən bir müddət aralı düşəndən sonra yalnız dərginin işləri ilə məşğul olmaq ona bəs eləmir. "Molla Nəsrəddin"i daha rövnəqli, daha oxunaqlı etmək üçün buralardan aralı olduğu müddətdə cəmlədiyi düşüncələri yönəldir işə sarı, ancaq ürəyində başqa istəklər də vardı. Jurnalın ətrafında toplaşmış ziyalıları da cəlb edərək Şeytanbazarda, Nəbatat küçəsində "Auditoriya" adlı bir klub açırlar və 1910-cu ilin son dekabr günlərindən başlayaraq həmin məkanda Mirzə Cəlil də, onun silahdaşları da tez-tez müxtəlif bədii gecələr, tamaşalar təşkil edir.

1910-cu il dekabr ayının 30-u idi. Mirzə Cəlil 41 yaşını tamam eləyib 42 yaşına qədəm qoymuşdu.

Və dekabr ayının 30-unda "Molla Nəsrəddin" jurnalının 42-ci sayı işıq üzü görür.

Ömür də, məslək yolu da davam edirdi.

Böyüklük elə keyfiyyətdir ki, ha ört-basdır elə, ha görməzliyə vur, mütləq qabağa dürtülən cılızlıqların hamısını yenərək üzə çıxacaq, üstə qalxacaq, əyan edəcək ki, mən varam, buradayam. Ancaq böyüklüyü görüb, təbii ki, heç də hamı darılmır, buna fərəhlənənlər də az olmur. Böyüklüyün bir özəlliyi də budur ki, görüb heyran qaldıqca istəyirsən onun təkinə enəsən, üzdən görünməyən əzəmətinə də vaqif olasan. Müstəsna şəxsiyyətləri ilk baxışdan görünən hissəsindən suların altında gizlənən parçası qat-qat böyük olan aysberqlərə bənzədənlər haqlıdırlar. Dahilərə daha çox yaxınlaşdıqca, onların daxildə gizlənmiş misilsiz üstünlüklərinə şahid kəsildikcə anlayırsan ki, əslində onları indiyəcən heç görməyən kimiymişsən.

Hər azman kimi, Mirzə Cəlil də üzdə nə qədər təvazökar olur-olsun, öz böyüklüyünü bəlkə hər kəsdən daha artıq anlayırdı. Ancaq onu tanımışların əksəri bir xatirədə yekdildir: sanki Mirzə Cəlil böyüklüyünü qabartmaqdan çəkinirmiş, hətta elə bil bir az utanırmış da - çox tərifləyəndə, alqışlayanda belə sıxılırmış. Ancaq hər halda böyüklüyü dünəndə görünən, bu gün də dərk edilən, sabahlar içərisində də mütləq görünəcək Mirzə Cəlili daha artıq duya bilmək, dərk etmək, bütöv möhtəşəmliyi ilə qavraya bilməkçün hökmən ona daha çox yaxınlaşmaq gərəkdir. Onunla aramızdakı məsafəni qısaltmağın ən etibarlı körpüsü isə xatirələr, Cəlili görmüş insanların canlı yaddaşlarıdır. 3-4 on il öncə, arxada qalmış XX əsrin 60-70-ci illərində, hətta bir az da 80-ci illərin əvvəllərində Mirzə Cəlili şəxsən görmüş, onunla təmasda olmuş insanların bir çoxu həyatda idi. Onda sanki Mirzə Cəlil də bizə məsafəcə daha yaxın idi. Onlar gedib, qələmə aldıqları xatirələr, lentə hopmuş səsləri qalıb. Həmin xatirələrin körpüsündən keçdikcə agah olursan ki, Mirzə Cəlilin əsərlərindən, qələmindən, təfəkküründən duyulan böyüklüyündən bəlkə də daha artıq nəhəngliyielə həmin xatirələrdədir. Həmin tikə-para, xırda cizgilər qovuşaraq zirvə Mirzə Cəlili daha da ucalaşdırır. Və Cəlilə daha çox aşina olduqca bunu da hiss edirsən ki, sonradan böyüklüyünü artıracaq, illərin gedişiylə onun şəxsiyyətinə əlavə olunmuş cizgilər öz yerində, amma bu böyüklük, vaxtasığmazlıq həm də qandan, təməldən, əsldən-kökdən gəlirmiş. Mirzə Cəlil cəsarətli düşüncələri və qələmi ilə inqilab havalı zamanın övladı idi. Ancaq onun qardaşı Mirzə Ələkbər ədib olmasa da, eyni yolun yolçusu idi. İranda o dövrdə məşrutəçilərə qoşulan o qədər dəliqanlı olmuşdu ki... Lakin qardaşı onlarla, yüzlərlə ədib arasından sıyrılıb önə çıxan kimi, Ələkbər də inqilabi hərəkata qoşulan minlərlə cavandan kəskin fərqlənmişdi və gəlib çevrilmişdi Səttarxanın sağ əlinə. Sabir "Molla Nəsrəddin"də Səttarxanı öyərək belə deyəndə çox haqlı idi:

İndi dünyanın təvəccüh nöqtəsi İranədir,

Afərinim himməti-valayi-Səttarxanədir.

Bəli, məhz o təhər idi, İran dünyanın diqqət mərkəzində və bunun belə alınmasının əsas səbəbkarı bir yandan Səttarxan idisə, o biri tərəfdən də yanında sıralanmış mətin Ələkbərlər idi. Eyni yenilməzlik və dönməzlik, bir başqa sayaq inqilabçılıq Mirzə Cəlilin özündəydi.

Əli Razi Şamçızadə Mirzə Cəlilin gənc müasirlərindən idi. O, gəncəli bir cavandı, "Molla Nəsrəddin"in ilk saylarını oxuyaraq öz ürəyi, düşüncələri ilə bu dərgi arasında məhrəm səsləşmə duyunca vəcdə gəlmişdi. Xatırlayırdı ki, 1906-cı ilin aprelində "Molla Nəsrəddin" jurnalının ilk sayının Gəncəyə yüzcə nüsxəsi gəlib çatmışdı. Əldə 12 qəpiyə deyilən o dərgi iki saatın içərisində satılıb qurtardı. Bir həftə keçdi, Gəncəyə dərginin ikinci sayı gəlib çatdı, ancaq satışına imkan vermədilər. Ona görə də eşqi artıq ürəklərə yol tapmış "Molla Nəsrəddin"in üçüncü nömrəsini Gəncəyə gizlicə gətirib əl altından satdılar. "Molla Nəsrəddin"in yolunu kəsmək istəyirdilər, onun xalqla görüşünün qarşısını almağa çalışırdılar, iş tərsinə çönürdü, onlar da istər-istəməz çevrilirdilər jurnalın təbliğçisinə, qısma-boğmalar əksinə, "Molla Nəsrəddin"ə rəğbətləri azaltmırdı ki, artırırdı. Əli Razi bu zümrədəkilərin önündə gedənlərdəndi. "Molla Nəsrəddin"in hər yazısını dönə-dönə oxumuşdu və həmin tərzdə, oxşar üslubda yazılar qələmə alaraq Tiflisə göndərmişdi. "Molla Nəsrəddin" də o yazıları geri qaytarmamışdı, qoymuşdu səhifəsinə, növbəti "Molla Nəsrəddin"lərdən biri Gəncəyə səhifələrindəki Əli Razi imzası ilə çatmışdı. Həvəsi bir az artmışdı, yeni yazılar göndərmişdi, yenə çap olunmuşdu, tanıyanların, onu təqdir edənlərin sayı artmışdı, amma tezliklə qatı əleyhdarları da əmələ gəlmişdi. Həm də o əleyhdarlar sadəcə dodaq büzməklə kifayətlənməmişdilər, hədələrə keçmişdilər və Əli Razi də uşaq deyildi, anlamışdı ki, bunlar yalnız onu qorxutmaq, daha yazmamaqdan çəkindirməkçün xala-xətrin qalmasın söylənən sözlər deyil, növbəti addımlar daha pis nəticələrə gətirib çıxara bilər. Odur ki, işini ehtiyatlı tutmuşdu, Gəncədən Tiflisə qaçmışdı.

Özü xatırlayırdı ki, Tiflisə düşən kimi "Molla Nəsrəddin" redaksiyasının yerləşdiyi Davidovski küçəsindəki 24 saylı binanı axtardım və tezliklə də tapdım. Zəngi dartdım və bir nurlu insan qapını açdı. O mehriban çöhrəli insan məni apardı otağa, qara saqqallı bir adamla tanış elədi, dedi, bu, bizim "Hop-hop"umuzdur.

Əli Razini qarşılayan hələ üzdən yaxşı tanımadığı Mirzə Cəlilmiş. Buna da təəccüblənmişdi ki, o, təqiblərdən baş götürüb Tiflisə pənah gətirdiyi halda Mirzə Cəlilin özü də təqib altındaymış. Yada salırdı ki, Mirzə Cəlil mənzilə uzanan dəhlizdə bir güzgü qoymuşdu ki, öz otağından baxanda qapının ağzını görürdü. Zəngi tanımadığı adamın çaldığını görəndə qapını açmırmış. Mirzə Cəlil özü ifrat ehtiyatlılığının gizlincini Əli Raziyə açır. Deyir ki, Bakıdan Teymur bəy Aşurbəyov onu öldürmək üçün ardınca gəlibmiş.

Əli Razi etiraf edirdi ki, tanışlıqlarının elə ilk dəqiqələrindən yazılarından tanıdığı Mirzə Cəlil ona tamam başqa cilvədə görünür və ona qəlbən bağlanır. Gəncədən Tiflisə canını qurtararaq qaçmış, "Molla Nəsrəddin"i ümid yeri bilib ona sığınmışdı, ancaq çox keçməmiş özü də dönüb olur jurnalın əsas dayaqlarından biri.

Zaman keçəcək, "Molla Nəsrəddin"in yetişdirib qanadlandırdığı mətin gənclərdən olan Əli Razi Şamçızadə yeni yaranacaq Azərbaycan Xalq Cümhuriyyətinin də fəallarından olacaq. Milli Hökumətin Təhlükəsizlik İdarəsinin rəisi olmuş Nağı bəy Şıxzamanlının oğlu Yavuz bəy Şıxzamanlı illər öncə, 1990-cı illərin ortalarında - o hadisələrin üstündən 80 ilə yaxın zaman ötərkən İstanbulda mənə atasının ona əks-kəşfiyyatla bağlı söylədiklərini nağıl edirdi və həmin xatirələrin içərisində Əli Razi Şamçızadə də vardı. Çünki Əli Razi elə vaxtilə həmin təhlükəsizlik idarəsində çalışanlardan biri olmuşdu. Sonra Sovetlər gəlir, siyasi repressiyalar başlananda Əli Razi qəddar və qanlı dalğanın ilk qurbanlarından olur.

Mərdanə səsi "Molla Nəsrəddin"in səhifələrində əbədiləşən gənc Əli Razi Sabirin hayqırışlarına cavab verirdi, o, şamaxılılara üz tutaraq "Əşhədü billahi əliyy ul-əzim qai-ilimanam, a şirvanlılar" deyə and-aman edirdisə, bu da bir az da artıq qətiyyətlə gəncəlilərə müraciət edirdi:

Ey hamıdan dalda qalan gəncəli!

Hər ürəyə qorxu salan gəncəli,

Mollalara quyruq olan gəncəli,

Çiyninə sal beşaçılan, gəncəli.

Döyün məni tində, küçə-dalanda,

Seyid Hüseyn bığlarımı yolanda,

Şirinbəy başıma qapaz salanda

Olmaya bir qəlbi yanan gəncəli.

Mirzə Cəlilin gücü onda idi ki, üzlərini görməyə-görməyə, uzaqdan-uzağa bu cür gənclərin ürəyinə qığılcımlar sala bilmişdi. O gənclər yaxınlaşırdılar Mirzəyə, yaxınlaşdıqca da Cəlil Məmmədquluzadə həmin qığılcımları gur yanan ocaqlara çevirirdi.

...XX yüzilliyin ilk onillərində, Mirzə Cəlilin böyük ədəbiyyatda mövqe qazandığı çağlarda artıq sağkən, hətta bir qismi cavankən ustad mərtəbəsinə dikəlmişlər az deyildi. Meydanda idilər, yazıb-yaradırdılar, sanballarını hər kəs qəbul edirdi, fəqət nədirsə, Mirzə Cəlil onların hamısından ayrılır. Çünki onu müasiri olduğu böyük ədiblərin hamısından seçdirən ümdə bir cəhət də vardı ki, o, hamının gözü qarşısında ola-ola həm də əfsanələşmişdi. "Molla Nəsrəddin"in yetərincə yaşa dolduğu çağların cavanlarından olan Sabit Rəhman 1926-1927-ci illəri xatırlayırdı və bir kiçicik yaddaş qəlpəsində Mirzə Cəlilin o dövrdə yalnız cavanların yox, ümumən oçağkı Azərbaycan insanının düşüncəsində hansı sözəgəlməz maraq və diqqətə malik olduğu aydınca sezilir. O illərdi ki, Şəkiyə rəsmən hələ Nuxa deyilirdi və Sabit də doğma şəhərində müəllim işləyirdi. Eşidirlər ki, Zaqataladakı darül müəllimində oxuyan bir qohumuna baş çəkmək üçün gələn Mirzə Cəlil Şəkidən keçəcək. Bilirlər ki, şəkililər xəbər tutsa, hamısı əlində gül-çiçək dəstəsi axışacaq avtobus vağzalına, ondan da agah imişlər ki, Mirzə Cəlilin belə işlərdən qətiyyən xoşu gəlmir, görsə, sevinmək əvəzinə dilxor olacaq, odur ki, söhbəti məxfi sayırlar, eləcə bunu Sabit başda olmaqla bir neçə cavan bilir. O illərin uzun yol gedən sərnişin avtobusları adətən belə böyük dayanacaqda saatla ləngiyərdi, həm camaat çaydan-çörəkdən yeyib dincələr, ya sadəcə gəzişib ayağını açar, sürücü də qızmış motoru soyudar, maşının suyunu dəyişərdi.

Avtobusun Nuxaya yetişmə vaxtından da xeyli əvvəl gəlib gözləməyə başlayırlar. Nəhayət, maşın gəlib çatır, adamlar yerə tökülüşür, Sabitgil qalxırlar avtobusa, görürlər ki, burada da elə öz daimi təvazökarlığına uyğun bir tərzdə əyləşib: "Ən dalda, çamadanların arasında bir nəfərin büzüşərək oturduğunu gördük. Şəklini yaxşı tanıdığımızdan görən kimi bildik ki, bu, Mirzə Cəlildir".

Yaxınlaşıb özlərini təqdim edəndə Mirzə Cəlil qayıdır ki, yaxşı, bəs mənim maşının içərisində olduğumu haradan bildiniz?

Deyəsən, başqaları avtobusdan enib ətrafda var-gəl eləsə də, onun enməməkdə məqsədi elə gözə görünməməkmiş. Cavanlar bu səfər barədə irəlicədən bildiklərini, onu bir-iki gün qonaq saxlamağı arzuladıqlarını söyləsələr də, Mirzə Cəlil işlərinin çoxluğunu, vaxtının azlığını səbəb gətirərək razılaşmır.

Bunu elə irəlicədən təsəvvür etmiş Sabitgilin bu vəziyyət üçün də irəlicədən tədarükü varmış. Avtobus kontorunun müdiri elan edir ki, benzin olmadığından avtobus bu gün Zaqatalaya getməyəcək.

Belə olanda Mirzə Cəlil naçar qalıb avtobusdan düşəsi olur və deyir ki, mənim burada kitab mağazasında işləyən bir köhnə dostum var, gedək ona baş çəkək.

Ahıl Sabit Rəhman gəncliyinə qayıdaraq yada salırdı ki, Mirzə Cəlilə qoşulub kitab dükanına tərəf yollandıq. Küçə ilə gedirdik və asta-asta bizim arxamızca böyük bir dəstə gəlməyə başladı. Üzdən Cəlil Məmmədquluzadəni tanıyanlar tanımayanlara da deyirdilər, ona görə də bu dəstə get-gedə sıxlaşırdı. Hiss eləyirdik ki, Mirzə Cəlil bundan çox sıxılır. Hətta soruşur da ki, yaxşı, bəs bunlar mənim gəlməyimi haradan bilir? Deyirlər ki, Mirzə, vallah, bizlik deyil, özləri sizi görürlər, dəstəyə qoşulub gəlirlər, burada hamı sizin aşiqinizdir.

Hələ nə radio vardı, nə televiziya ki, adamı bir dəqiqə ərzində bütün Azərbaycan boyu tanıdıb məşhur etsin. O dövrün hansısa başqa tanınmış şairi, yaxud yazıçısı da elə həmin təhər bu şəhərəmi, ya digər bölgəyə səfər edə bilərdi, ancaq çətin ki, onlara 14qarşı Mirzə Cəlilə olan bu cür xalq nəvazişi, belə məftunluq göstərilə idi.

Sabit Rəhman yada salırdı ki, o kitab dükanının pəncərəsinin pərdəsi yox idi. Küçə aydınca görünürdü. Mirzə Cəlil küçədən keçən ayrı-ayrı adamları göstərirdi, soruşurdu, o kimdir, bu biri kimdir, digəri kimdir? Səbəbsiz də soruşmurdu. Çünki küçədən keçib gedənlərin, ya bir qıraqda oturub alış-verişini edənlərin hərəsinin bir tip olduğu elə gendən anlaşılırdı.

Elə bu əsnada tiplərdən biri öz ayağı ilə gəlib girir həmin kitab dükanına, Mirzə Cəlil pıçıltı ilə soruşur ki, bəs bu kimdir? Cavanlar astadan deyirlər ki, bu da Nuxanın zırramasıdır. Gələn adam şəstlə sağa baxır, sola boylanır, dükançıdan soruşur ki, sizdə baş darağı olmaz? Kitabçı da qayıdır ki, görürsünüz burada sağda-solda kitabdı, kitab dükanında baş darağı olmaz ki.

Sabit Rəhman Mirzə Cəlilin o nataraz adama baxaraq mənalı gülümsəməsini də onillər sonra belə unutmamışdı...

...Ustadla həmin bəxtiyar görüş günündə Sabitgil öz aləmlərində sevinirmişlər ki, Mirzə Cəlili yola gətirmişik, yəqin, azı bir-iki gecə burada qalacaq, doyunca dərdləşəcəyik. Ancaq kitab dükanında xeyli söhbətləşəndən sonra Mirzə Cəlil birdən dillənir ki, di durun gedək, yəqin, benzin məsələsi də indiyəcən düzəlmiş olar.

"Biz zarafatla cavab verdik ki, müəllim, bu tezliklə benzin haradan tapılacaq ki, Nuxada məgər neft çıxır?"

Mirzə Cəlil qımışır: "Maşının benzinini necə çıxarmısınız, o cür də geri qaytarıb yerinə tökün".

Yəni kələyinizi başa düşmüşəm.

Mirzə Cəlil artıq yaşlaşmışdı, yolun yorğunluğu vardı, buralara güzarı bir də haçan düşəsiydi ki! Onu da görürdü ki, camaat xətrini necə istəyir, bir gün, iki gün burada qalsa, həm dincələr, həm də ətrafına toplaşanların sayı bəlkə yüzlərlə deyil, minlərlə olar. Ancaq inad edir, "Yolçu yolda gərək" deyirdi.

Hər yazıçının, hər sənət adamının nə qədər "istəmirəm" desə də, belə el məhəbbətinə dərin bir ehtiyacı var. Mirzə Cəlil özünə münasibətdə həmin məhəbbətin olmağına əmindi. Ancaq böyüklüyü onda idi ki, həmin məhəbbətin varlığından agah olsa da, o sevginin aşkar şəkildə göstərilməsini, təmtəraqlı nümayişini heç istəmirdi. Çünki özü də xalqı məhz bu cür sevirdi - hay-küysüz, təntənəsiz, içəridə, çox dərində olan tükənməz, saf, sabit məhəbbətlə.

20 iyun 2024























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
525.az

1Sources