EN

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yeni hərbi yardım paketi ayıra bilər

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatı ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovun Vaşinqtona səfəri fonunda verib.

Bu yardım tranşına tank əleyhinə silahlar, “Patriot” və digər hava hücumundan müdafiə sistemləri üçün tutucular və sursatlar daxil olacaq.

Yeni yardım paketinin açıqlanması, V.Zelenskinin dünya liderlərinə yardımların yeni dalğası barədə çağırışından sonraya təsadüf edib. 

Zelenski Rusiya ilə aparılan müharibənin həlledici mərhələsində olduqlarını, bu mərhələdə əldə olunacaq uğurların bütün qitənin xoşbəxt gələcəyi üçün böyük rol oynayacağını deyib. 

Ukrayna liderinin sözlərinə görə, Rusiya təkcə son həftə ərzində Ukraynaya 800-dən çox güclü sürüşmə bombası atıb. 

İyunun sonlarında Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilk dəfə ağır FAB-3000 sürüşmə bombalarından istifadə edərək, Xarkov vilayətinin Liptsi yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti dislokasiya məntəqəsinə güclü zərbə endirib.

Bildirilir ki, bu bombaların istifadəsindən sonra ərazidə olan Ukrayna Silahlı Qüvvələrinin çox sayda hərbiçisi Rusiya qüvvələrinə təslim olub.

Zelenski, xüsusilə HHM sistemləri ilə bağlı ciddi əsksiklərinin olduğunu və Rusiyanın davamlı hücumlarının qarşısını almaq üçün əlavə yardımlara ehtiyac duyduqlarını qeyd edib. 

O, həmçinin, müttəfiq dövlətlərdən Qərb silahlarına qoyulan bəzi məhdudiyyətləri aradan qaldırmalarını xahiş edib.

2,3 milyardlıq bu yardım paketinin də elan edilməsilə, ABŞ-nin 2022-ci ilin fevralından bəri Ukraynaya ayırdığı ümumin yardımın miqdarı 53,5 milyard dollara çatacaq. 

ABŞ-nin vitse prezidenti Kamala Harris, ölkəsinin Kiyevə bu cür nəhəng yardım paketləri ayırmasına dair suallara maraqlı cavab verib.

Harris bildirib ki, Vaşinqton bu yardımları “xeyriyyə məqsədilə ayırmır”, bu yardımlar ABŞ-nin strateji maraqlarına uyğun olduğu üçün edilir. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources