EN

Konte Səudiyyə Ərəbistanında dəyərdən düşməyib

Fransa yığmasının AÇ-yə qatılan heyəti yetərincə güclüdü.

Heyətdə usta oyunçuların sayı o qədər çoxdu ki, çempionatın 2-ci bombardiri Lakazett Almaniyaya aparılmadı. Amma Nqolo Kantenin yığmya dəvət alması hər kəsi təəccübləndirdi. AÇ üçün iştirak ərizəsi açıqlanana qədər bu yöndə söz-söhbət yox idi. Nqolo son iki ildə milli komandada görünməmişdi, Qətərdə keçirilə dünya çempionatını zədə üzündən buraxmış, sonuncu mövsümü Səudiyyə Ərəbistanında keçirmişdi. Amma qayıtdı. Özü də krallar kimi!

Ötənlərə qayıdaq. Kante 2015/16 mövsümündə “Lester”lə çempion olmaqla dünyanı fəth etdi. Ardından “Çelsi”yə keçdi, bu komanda ilə də həm premyer-liqanın qızıl medallarını, həm də iki avrokubok – Çempionlar Liqasının (finalın ən yaxşısı oldu) və Avropa Liqasını qazandı. İdeal dayaq yarımmüdafiəçisidi. Birvaxtlar onu yeni Makelele adlandırırdılar. Ancaq zaman Nqolonun daha güclü olduğunu göstərdi. “FourFourTwo” nəşri mayda Kanteni Fransa tarixinin ən yaxşı yarımmüdafiəçiləri sırasında 4-cü, Makeleleni isə 8-ci pilləyə qoydu.
Nqolo 2022/23 mövsümünü faktiki boşa verdi. İl ərzində 9 oyun ciddi nəticə deyil. Dizaltı vətərin zədəsi avqustdan fevrala qədər onu incitdi, mayda qasıq zədəsi də özünü göstərdi. Yayda ulduzların Səudiyyə Ərəbistanına köçü başladı. Əslində bu axının əsasını hələ 2022-nin dekabrında Kriştiano Ronaldo qoymuşdu, ancaq mövsümlərası dövrdə köç gücləndi. “Əl-İttihad”dan cəlbedici təklif alan Nqolo boyun qaçırmadı. Hətta belə təvazökar birisi də ildə 100 milyon avronun əla təklif olduğunu anlayır. Deyəsən, təkcə onu Şərqə qaçmağa görə qınamadılar. Heç vaxt “xaltura etməyən”, meydanda bütün gücünü qoyan futbolçunu necə qınayasan ki?!

Yeri gəlmişkən, fransalının imici haqda danışaq. Kantenin xarakterini əla təsvir edən çoxlu tarixçə var. Yığmadakı oyundaşları dünya çempionatındakı qələbədən sonra onu əllərində gəzdirəndə, adını qışqıranda futbolçu utanırdı. Həmişə təvazökarcasına gülümsəyir, jurnalistlərə minnətdarlıq edir. Bir dəfə fanatın qonağı olaraq onunla “PlayStation” oynamışdı. Nqoloya mənfi münasibət göstərmək üçün bircə dənə də səbəb yoxdu. Fenomenal futbolçu vərdişlərini də bunun üzərinə gələndə əsl əfsanə alınır.

Bəli, Nqolo əfsanə statusunu qazanıb. Ancaq indi Səudiyyə Ərəbistanındadı, mövsümü 5-ci yerdə bitirən “Əl-İttihad”da oynayır. Bu ölkənin çemoionatında mövsüm ərzində 4000 dəqiqə meydanda olub, bu isə 40 oyundan artıq edir. Və Deşam az qala mələk kimi görünən futbolçunu Almaniyaya aparılan heyətə salmağı lazım bildi.
Kante turnirdə Avstriya ilə oyuna start heyətində çıxdı və matçın ən yaxşısı sayıldı. Sanki yenidən 2010-cu illərin ikinci yarısına döndük. Heç kim ondan (11,8 kilometr) artıq qaçmadı, ondan (3) çox top almadı, onun qədər meydanda can qoymadı.
Yuxarıda vurğuladıq ki, Kantenin AÇ-yə yollanan heyətə salınması çoxlarını təəccübləndirdi. Onun turnirdəki çıxışı isə təəccübləndirmir, sadəcə, heyranlıq doğurur. Hər kəs onun hansı futbolçu vərdişlərinə malik olduğunu bilir. Sadəcə, bir qədər ehtiyatlananlar var idi ki, təkbaşına rəqibin bütün hücum əməliyyatlarını darmadağın edən əvvəlki Nqolonu meydanda görə bilməyəcəyik. Və bütün bu narahatlıqları futbolçu dərhal aradan qaldırdı.

Kante oyundan əvvəl və sonra nə dərəcədə xoşqılıq adamdısa, oyunda, hətta məşqlərdə onunla üz-üzə gəlmək də bir o dərəcədə arzuolunmazdı. Yaxınlarda Markus Türam bu haqda danışmışdı:
“Əvvəllər heç vaxt belə şey görməmişəm. Məşqlərdə ona qarşı oynamaq qorxuncdu. Çox qorxunc! O, rəqib komandada olanda biz normal oynaya bilmirik. O, bizlə olanda isə qalib gəlirik. Nqolo meydanın hər yerindədi”.

Elit futbolda Kantenin yeri görünürdü. Yaxşı ki qayıtdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources