EN

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” təqaüd proqramı çərçivəsində Zəngilan, Laçın və Füzuli rayonlarında “Ümid dolu sabahlar” adlı birgə layihəyə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a verilən məlumata görə, layihədə əsas məqsəd işğaldan azad olunan ərazilərimizdə əhalinin informasiya texnologiyaları (İT) sahəsində bilik və bacarıqlara yiyələnmələrinin dəstəklənməsi, həmin texnologiyalarla işləmək vərdişlərinin yaxşılaşdırılması, qlobal internet şəbəkəsinə çıxış imkanlarının inkişaf etdirilməsidir.

Layihənin Zəngilan, Laçın və Füzuli rayonlarına köçürülən sakinlərdən 12-65 yaş arası 60 nəfəri əhatə etməsi nəzərdə tutulub.

Dərs otağı mühiti yaradılan səyyar konteynerlərdə iştirakçılara informatika anlayışı və ilkin kompüter bilikləri üzrə təlimlər keçiriləcək. Onlara xidmət və məhsulların beynəlxalq əmək bazarına çıxarılması və informasiya texnologiyalarının düzgün tətbiqi üzrə dərslər keçiriləcək. Təlimlərin yekununda iştirakçılara sertifikatlar veriləcək.

Layihə çərçivəsində təlimləri uğurla bitirənlər üçün əlavə olaraq xüsusi proqramlaşdırma və İT kurslarının təşkili nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
2
herbiand.az

3Sources