EN

Füzuli şəhərinə 822 ailə qayıdıb – Görüləcək işlərin siyahısı AÇIQLANDI

“822 ailə artıq işğaldan azad olunmuş Füzuli şəhərinə öz dədə-baba yurdlarına qayıdıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə Füzulidə media nümayəndələri üçün təşkil olunmuş brifinq zamanı deyib.

O bildirib ki, Füzuli şəhərində aparılan ən birinci işlərdən biri minatəmizləmə işləridir:

“Bundan sonra ərazidə baza infrastrukturunun qurulması işləri aparılır. Əlavə olaraq, şəhər işıq, su və qazla tam təmin olunub. 822 ailə artıq işğaldan azad olunmuş Füzuli şəhərinə öz dədə-baba yurdlarına qayıdıb. Onların sevincini sosial şəbəkələrdəki videolardan da görə bilərsiniz”.

Ü.İsazadə qeyd edib ki, 1300 kvadrat metrdən çox qeyri-yaşayış ərazisi Füzuli sakinlərinə verilib:

“Onlar həm dövlət, həm özəl müəssisələrdə işləyə, eyni zamanda, fərdi sahibkar ola bilərlər. 1300 kv.metrdən çox qeyri-yaşayış ərazisi Füzuli sakinlərinə verilib. Hazırda 110 sakinin müraciətinə baxırıq. Onlar da yaxında qeyri-yaşayış sahələri ilə təmin olunacaqlar. Ərazidə sənaye zonası da var. Sanaye zonası layihələndirmə prosesindədir. Bitdikdən sonra sahibkarlar orada öz işlərini qura biləcəklər”.

Nümayəndəlik rəsmisi bildirib ki, ərazidə böyük mərkəzi park da tikiləcək:

 

“Ərazidə qardaş ölkə Özbəkistanın tikdirdiyi 960 yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, 600 yerlik uşaq yaradıcılıq mərkəzi yerləşir, 240 yerlik bağça və 180 yerlik xəstəxananın layihələndirilməsi nəzərdə tutulub. Tikilmiş 38 binanın yanında park da yerləşir. Əlavə olaraq, böyük mərkəzi park da tikiləcək. Birinci yaşayış məhəlləsindən əlavə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi də davam etdirilir. 6 kəndin təməli qoyulub. Dövlətyarlı kəndinin torpaq tikinti işləri bitib. İlkin mərhələdə 450 evin tikintisi nəzərdə tutulub. Dədəli kəndində də torpaq işlərinin yaxın zamanda başlanılması nəzərdə tutulur”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
yenicag.az

8Sources