EN

İkinci məğlubiyyət...

Makronizm iflasa uğrayır

Ayrı-ayrı ölkələrdə bir çox siyasətçilər pafoslu vədlərlə hakimiyyətə gəlməyə nail olsalar da, çox keçmir ki, zaman öz korrektələrini edir və onların yaratdıqları sabun köpüyü dağılaraq sulara qərq olur. Makronun bugünkü acınacaqlı siyasi aqibəti bunun əyani təzahürüdür. “Hazırda Fransada Makron erasının qürub çağı yaşanır” fikrini tam qətiyyətlə ifadə edə bilərik. Onun rəhbərliyi altında Fransa tarixinin, bəlkə də, ən pis dövrünü keçirir. Ölkənin Avropa İttifaqında (Aİ) və bütövlükdə, qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə zəifləyib. Eyni zamanda, daxildə də təbəddülatlar yaşanır, vətəndaşların hakim komandaya inamı getdikcə aşağı düşür. Makron Yelisey Sarayını iflasla üz-üzə qoyur.

Avropa Parlamentindən sonrakı məğlubiyyət

Bu günlərdə Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) keçirilən seçkilərinin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəlib.

Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası, üçüncü yeri 20,76 faiz səslə Makronun koalisiyası, dördüncü yeri isə 6,56 faiz səslə respublikaçılar tutub. Digər siyasi qüvvələr isə seçicilərin yalnız 3,67 faizinin etimadını qazanıb.

Seçkilərin birinci turunun nəticələrinə görə, “Milli birlik” parlamentdə 39 deputatla, “Yeni Xalq Cəbhəsi” 32 deputatla, Makronun koalisiyası cəmi iki deputatla, respublikaçılar bir deputatla, digər partiyalar isə iki deputatla təmsil olunacaqlar.

Fransa qanunvericiliyinə görə, birinci turda qalib gəlmək üçün namizədlər 50 faizdən çox səs toplamalı və səslərin sayı dairə üzrə qeydə alınan seçicilərin ümumi sayının ən az 25 faizini təşkil etməlidir. Əlli faizlik baryeri keçə bilməyən namizədlər seçkilərin iyulun 7-nə planlaşdırılan ikinci turunda iştirak etməli olacaqlar.

Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir. Bundan əvvəlki seçkilərdə Makronun koalisiyasını Milli Assambleyada cəmi 250 deputat təmsil edirdi. Buna görədə bu və ya digər qanunun qəbulu zamanı koalisiya dəstək üçün digər partiyaların təmsilçilərinin səsini almaq üçün dəridən-qabıqdan çıxmaq, hətta hansısa sövdələşmələrə getmək məcburiyyətində qalırdılar.

Milli Assambleyaya seçkilərin ilk turunda qeydə alınan nəticələr Makronun son vaxtlarda üzləşdiyi ikinci sarsıdıcı məğlubiyyətdir. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində, Makronun revanş cəhdi idi. O, ümid edirdi ki, daxili seçkilərdə koalisiyası qalib gələcək və bununla da sağçıların Avropa Parlamentinə seçkilərdəki qələbəsinə kölgə salmaq mümkün olacaq. Ancaq Milli Assambleyaya son seçkilər bir daha təsdiqlədi ki, Makron qənaətində yanılır. Onun siyasəti artıq qürub çağındadır və hansısa bir reanimasiya cəhdi heç nəyi dəyişməyəcək.

Marin Le Penin revanşı

“Milli Birlik” partiyasının lideri Marin Le Pen Avropa Parlamentinə seçkilərdəki qələbədən dərhal sonra hakimiyyət iddiaları barədə danışmağa başladı. O, dövləti idarə etməyin məhz onun partiyasının haqqı olduğunun anonsunu etdi. “Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad edərsə, biz Fransada hakimiyyəti ələ almağa hazırıq” - deyə Le Pen bildirib.

Bu iddialı anonsdan sonra Milli Assambleyaya seçkilərin ilk turunda əldə olunan qələbə  sağçıların hakimiyyətə gəlmək inamını daha da artırıb. Partiyanın lideri və digər təmsilçiləri artıq Makronun yaratdığı koalisiyanın onların hakimiyyət olimpinə yüksəlməsində maneələr yaratmaq iqtidarında olmadığını açıq-aşkar bəyan edirlər. 

“Fransız xalqı “Milli Birlik” partiyasını irəli apardı və Fransa prezidenti Emmanuel Makronun düşərgəsini az qala məhv etdi”. Bu sözləri Marin Le Pen 30 iyunda Milli Assambleyaya keçirilən seçkilərin birinci turunun nəticələrini şərh edərkən deyib.

O, partiyasının Fransanı bərpa edə edə bilməsi üçün seçkilərin ikinci turunda parlamentdə mütləq çoxluğun əldə olunmasının zəruriliyinə çağırış edib. O bildirib ki, ikinci tur həlledici olacaq.

Fransada cərəyan edən proseslər onu deməyə əsas verir ki, ölkədə hər şey ikinci turda da Makron koalisiyasının məğlubiyyətinə aparır. Belə olan təqdirdə Makronun prezidentlik kürsüsünü vaxtından əvvəl tərk edəcəyi ilə bağlı ehtimallar da güclənir. Düzdür, onun özü hələ Avropa Parlamentinə seçkilərdəki məğlubiyyətdən sonra istefa vermək fikrində olmadığını bildirmişdi. Ancaq daxili seçkilərin nəticələri bir daha təsdiqlədi ki, artıq Makronun Yelisey Sarayında birinci şəxs statusunu daşımağa mənəvi haqqı yoxdur.

Ölkəni bürüyən iğtişaşlar

Fransada bu dəfəki seçki kapaniyası cəmi 20 gün davam edib və qızğın müzakirələrlə yadda qalıb. Debatlar, seçicilərlə görüşlər zaman Makronun “Birlik” koalisiyası da daxil olmaqla həm sağçılar, həm də solçular  seçkiqabağı vədlərini reallaşdıra bilməyəcəkləri ilə bağlı kəskin ittihamlarla üzləşiblər.

Parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra isə paytaxtı və regionları iğtişaşlar ağuşuna alıb. Başlayan nümayişdə “Qara blok” (“Black bloc” - red) hərəkatının radikalları xüsusi fəallıqları ilə fərqləniblər.

Hadisələr parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başlayıblar. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Bədbin proqnozlar...

Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə acınacaqlı məğlubiyyət, həmçinin seçkilərdən sonra ölkəni bürüyən iğtişaşlar Makron siyasətinin iflasından xəbər verir. Fransanın daxili və xarici siyasətindəki uğursuzluqlar etimadın aşağı düşməsini şərtləndirən əsas amildir. Son illərdə ölkə tez-tez müxtəlif peşə sahiblərinin kütləvi tətilləri, inflyasiyanın yeni dalğaları ilə silkələnir. Bütövlükdə, statistik göstəricilər Fransa iqtisadiyyatının artımını deyil, dayanıqlığının azalmasını təsdiqləyir. Beynəlxalq reytinq agentlikləri Fransa iqtisadiyyatının hazırkı durumu ilə bağlı bədbin proqnozlar verirlər.

Eyni zamanda, Yelisey Sarayının Afrikada, dənizaşırı ərazilərdə kəskin etirazlarla üzləşdiyinin şahidi oluruq. Fransa getdikcə daha çox sayda keçmiş və hazırkı müstəmləkə ölkələrindən biabırcasına qovulur. Yeri gəlmişkən, Yelisey Sarayının Cənubi Qafqaz siyasəti də adekvat deyil. Makron hökumətinin burada regionun lider dövləti olan Azərbaycanın yaratdığı reallıqları, respublikamızın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfələri nəzərə almaması, birtərəfli qaydada Ermənistanı dəstəkləməsi, məğlub ölkəni revanşizmə həvəsləndirməsi əslində, rəsmi Parisin Cənubi Qafqaz siyasətinin sonunu gətirib.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources