EN

Azərbaycan Cənubi Qafqazın sabitləşdirici faktorudur 

Vaşinqton Bakı ilə münasibətlərin inkişafı üçün çalışır

Vətən müharibəsindən ötən 4 il ərzində ortaya çıxan hərbi-siyasi reallıqlar, iqtisadi-ticari imkanlar özünün yeni komponentlərini formalaşdırıb. Belə ki, bölgənin ümumi inkişafı üçün təhdid kimi qiymətləndirilən separatizmin aradan qaldırılması yeni mərhələdə sülh və ümumi iqtisadi dinamizmin artırılması üçün yeni imkanlar yaradıb. Bu mərhələdə isə ən fəal iştirakçı və sabitləşdirici faktor kimi Azərbaycan çıxış etməkdədir. Ölkəmizin ortaya qoyduğu mövqe olduqca şəffaf və aydındır - Azərbaycan bölgədə milli maraqlara və ümumi regional mənafeyə xidmət edən sülhün axtarışındadır. Bölgənin qlobal çərçivədə əməkdaşlıq platformalarının uzlaşma məkanına çevirmək potensialını nümayiş etdirən Azərbaycan böyük oyunçuların da diqqətini Cənubi Qafqaza fokuslayıb. Beləliklə, əhəmiyyətli geocoğrafi və geostrateji məkanda yerləşən Cənubi Qafqaz özünün üstünlüklərini iqtisadi-siyasi dividendə çevirmək şansı qazanıb. Bu mənada, Azərbaycanın yaratdığı yeni mərhələ Cənubi Qafqazın həyatında sabit, inkişafa yönəlik dövrün başlanğıcı kimi tarixə düşmə imkanı yaradıb. Vurğulandığı kimi, regiona artan marağın fonunda aparıcı dünya gücləri prosesin axarı ilə yaxından maraqlanır, Azərbaycanın rolunu yüksək qiymətləndirir, sülh və gələcək əməkdaşlıqla bağlı hədəflərimizi bölüşdüklərini bildirirlər. Bəlli olduğu kimi, Azərbaycanın böyük bir coğrafiyada oynadığı fəal iqtisadi-siyasi rolu görməzdən gəlmək heç bir dövlət üçün uğur vəd etmir - tam əksinə, hər kəs anlayır ki, Azərbaycansız regional maraqların təmini mümkün deyil. Başqa sözlə, Cənubi Qafqaz və ya Mərkəzi Asiya ilə əlaqələrin şaxələndirilməsi, yeni mərhələyə qədəm qoyması yalnız və yalnız Azərbaycanın ortaya qoyduğu strateji yol xəritəsi əsasında baş tuta bilər. Bu fakt təkzibedilməzdir - ötən dövr ərzində həm sülh, həm də regional məsələlərin müzakirəsi ilə bağlı aparılan proseslər bunu təsdiqləyir. 

Azərbaycanın mövqeyi: Ermənistanın hərbiləşməsi təhdid yaradır 

Bu mənada, ABŞ-ın prosesə diqqəti və həssaslığı isə xüsusi qeyd edilməlidir. Mütəmadi olaraq rəsmi Bakı ilə aparılan məsləhətləşmələr, fikir mübadilələri, səfərlər rəsmi Vaşinqtonun sülhlə bağlı mövqeyini ortaya qoymaqla yanaşı, həm də Azərbaycanın prosesdəki öncüllüyünü, liderliyini qəbul etdiyini göstərir. Yeri gəlmişkən, iyunun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər müzakirə edilib. Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əlaqələr və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülhün və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, Konstitusiyaya dəyişiklik edilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülhə və sabitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sülh prosesi - Vaşinqton ikitərəfli təmasları izləyir...

Səfər əsnasında Bakıda jurnalistlərə açıqlama verən ABŞ rəsmisi bir sıra məsələlərə toxunub. Onlardan birincisi ABŞ-ın ikili təmasları yüksək qiymətləndirməsidir - bununla yanaşı, Vaşinqton proseslərdə iştirakçılıq arzusunu da gizlətmir. ABŞ-ın qənaətinə görə, prosesdə iştirak etməsi “fayda” gətirə bilər. Ceyms O’Brayn deyib ki, ölkəsi illərdir Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin dostu olaraq vasitəçilik missiyasından çox məmnundur: “Bu, bizim sülhün əldə olunmasında faydalı ola biləcəyimiz işlərdən biridir”.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtonda görüşəcəklərinə ümidvar olduğunu vurğulayan ABŞ Dövlət katibinin köməkçisi bildirib: “Vaşinqton buna ev sahibliyi etməkdən və ya hansısa başqa rola malik olmaqdan məmnun olar. İki ölkə arasında müxtəlif kanallar mövcuddur və tərəflər arasında çox effektli birbaşa kommunikasiya var. Bunlar regiona sülh gətirmək naminə hər iki ölkənin öz vətəndaşları üçün gördüyü işlərdir. Biz də prosesin dostu kimi bu işə cəlb olunmuşuq”.

Vurğulandığı kimi, ötən 30 ildə proseslə bağlı vasitəçilik missiyaları həyata keçirilsə də, ümumi nəticəyə heç bir effektiv təsir göstərməmişdi. Son 3 il ərzində fərqli vasitəçi missiyalar prosesdə iştirakçı olsalar da, ümumi iş irəliyə yol tapa bilmədi - son 6 ay ərzində ikili təmasların daha da intensivləşdirilməsi isə artıq nəticələr verməkdədir. Məsələn, iki ölkə arasında müəyyən ərazilər üzrə delimitasiya prosesi həyata keçirilib, hətta sülhlə bağlı müsbət fikirlər belə səsləndirilib. Bu mənada, prosesin indiki mərhələsində sülhə töhfə vermək üçün yeganə addım Ermənistanı siyasi iradə nümayiş etdirməyə inandırmaq gərəkir - son aylarda İrəvanla münasibətlərini yeni mərhələyə daşımaq istəyən Vaşinqton Ermənistanı əbədi və davamlı sülhə razı salmaq üçün Konstitusiya dəyişikliyi, konstruktiv mövqe nümayişi kimi vacib məsələlərdə yardımçı ola bilər. 

Regional ticari imkanlar - ABŞ Zəngəzur dəhlizi məsələsində israr edir

ABŞ rəsmisinin səfərində ən diqqət çəkən məqmlardan biri də Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı mövqeyində daha qəti ştrixlərin müşahidə olunmasıdır. Məsələn, bir neçə ay öncə Ceyms O’Brayn ölkəsinin bununla bağlı mövqeyini açıqlayarkən bildirirdi ki, ABŞ Mərkəzi Asiyadan Türkiyəyə Transqafqaz vasitəsilə ticarət yolu yaratmaq cəhdlərini dəstəkləməyə hazırdır - “əgər ticarət Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə gedə bilsəydi, onda bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayardıq”, - deyən O’Brayn bu dəfəki səfərində daha dəqiq konturlara müraciət edir. O bildirib ki, region ölkələri arasında əməkdaşlıq nəinki təhlükəsizlik vəziyyətini yaxşılaşdıracaq, həm də malların Mərkəzi Asiyadan Azərbaycana, daha sonra isə Gürcüstan və Ermənistan vasitəsilə dünya bazarlarına çatdırılmasına imkan verəcək. Bu da, öz növbəsində, marşrut üzrə yerləşən bütün ölkələr üçün faydalı olacaq və ölkələr üçün geniş iqtisadi imkanlar yaradacaq.

Gürcüstanla yanaşı, Ermənistanın da adının tələffüz edilməsi ABŞ-ın yeni mərhələdə Orta Dəhliz seqmentinə Zəngəzur dəhlizinin də əlavə edilməsi ilə bağlı marağını nümayiş etdirir. Vaşinqton artıq özü üçün müəyyən edib ki, Azərbaycanın qətiyyəti ilə ortaya çıxan bu təşəbbüs yeni mərhələdə ticari əlaqələrin daha da genişlənməsi üçün mühüm fürsətlər yaradır. Beləliklə, Azərbaycanın liderliyi ilə ortaya qoyulan iradə Vaşinqton tərəfindən də qəbul edilir.  

Regional və ən əsası iqtisadi layihələrin təhlükəsizliyi məsələsində də real mənzərə ortadadır - O’Brayn bildirib ki, son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verdi ki, bu da, öz növbəsində, sülhün bərqərar olmasına şərait yaradıb. Bu, həm də ölkələr arasında illərdir davam edən mübahisənin həlli üçün bir yol, gələcəkdə dinc münasibətlər qurmaq imkanıdır və bütövlükdə, regiona fayda verəcək. 

ABŞ dərk edir ki, bütün proseslərin tək stimulvericisi sülhün əldə olunmasıdır. Başqa sözlə, Azərbaycanın şərtləri əsasında sülhün imzalanması həm bölgənin ümumi, həm də yeni iqtisadi xəttlərin təhlükəsizliyinin təminatına ən bariz şəkildə töhfə verəcək. 

Təhlükəsizliklə bağlı əməkdaşlıq - Vaşinqton Azərbaycanın liderliyini etiraf edir

ABŞ ilə Azərbaycan arasında beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaş hesab edilir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Qeyd edək ki, Ceyms O’Brayn da ABŞ-ın və Azərbaycanın regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcəyini gözlədiyini dilə gətirib. O bildirib ki, iki ölkə artıq bunu səmərəli şəkildə edir: “Lakin irəlilədikcə daha çoxunu edəcəyimizə ümidvarıq. Regionda sülhü təmin etmək diqqətimizi bölgədən kənarda olan təhdidlərə yönəltməyə imkan verəcək. Ümumiyyətlə, regionda inamın və etimadın yaradılması çox vacibdir”. 

Eyni zamanda, ABŞ rəsmisi Azərbaycanın və Ermənistanın NATO sammitinə dəvət edildiyini söyləyib. O bildirib ki, dövlət katibi Antoni Blinken sammit çərçivəsində NATO tərəfdaşları üçün tədbir təşkil edəcək: “Buraya Azərbaycan və Ermənistan da daxildir. Mən hər iki ölkənin tədbirdə xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyini gözləyirəm. Onlarla birlikdə, ümumilikdə, 30 tərəfdaş ölkə bu tədbirə qatılacaq”.

907-ci düzəliş - mahiyyətini itirmiş akt

Ceyms O’Brayn səfəri çərçivəsində keçirdiyi brifinqdə ABŞ ilə Azərəbaycan arasındakı ikitərəfli əlaqələrin ruhuna zidd olan “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş məsələsinə də toxunub. O, ABŞ Konqresinin “907-ci düzəliş”in ləğvi məsələsini nəzərdən keçirmək istəyinin olduğunu hesab etmədiyini söylə?ib: “Ancaq istisnalar mövcuddur. Hər bir administrasiya - Respublikaçılar və Demokratlar şərtlər tələb etdikdə bundan imtina olunmasına dair qərar qəbul ediblər. Hazırda mövcud durumu təhlil etməyə davam edirik. Düşünürəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var. Xüsusilə “907-ci düzəliş”in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur.

ABŞ Dövlət katibinin köməkçisi vurğulayıb ki, iki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox səmərəli yollar tapır. “Bir çox sahələrdə çox sıx və dərin əməkdaşlığımız var. Ona görə də bunun maneə olduğunu düşünmürəm. Bu, həll etmək üçün birlikdə çalışdığımız problemlərdən yalnız biridir”, - deyə Ceyms O’Brayn bildirib.

Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş bu düzəliş rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edir. “907-ci düzəliş” artıq mövcud olmayan Qarabağ münaqişəsi ilə əlaqədardır və nəzərə alsaq ki, müharibə bitib, bu düzəlişin heç bir siyasi və ya hüquqi əsası ola bilməz. Bu isə o deməkdir ki, “907-ci düzəliş” mahiyyət etibarı ilə də aktual ola bilməz... 

P.İSMAYILOV 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources