EN

AÇ-2024: Portuqaliya penaltilərlə 1/4 finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, pley-offun üçüncü oyun gününün sonuncu qarşılaşması Köln şəhərində baş tutub.

Burada Avropa çempionatının əsas favoritlərindən sayılan Portuqaliya yığması Sloveniya millisi ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın əsas vaxtı qolsuz yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Baxmayaraq ki, Portuqaliya yığması əlavə vaxtın ilk hissəsində hesabı açmaq üçün əla şans əldə edib. Lakin portuqalların kapitanı Kristiano Ronaldo penaltini boşa verib. Daha dəqiqi, onun zərbəsini rəqib qapıçı Yan Oblak dəf edib.

Əlavə vaxt da qolsuz yekunlaşdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri Portuqaliya yığmasının üzvləri daha dəqiq yerinə yetiriblər. Sloveniyalı futbolçular ardıcıl üç penaltini boşa veriblər. Hər üç zərbəni Portuqaliya yığmasının qapıçısı Dioqo Kosta dəf edib. Onun rəqib həmkarı Yan Oblak isə ilk üç 11 metrlik zərbə qarşısında aciz qalıb. Kristiano Ronaldo, Bruno Fernandes və Bernardo Silvanın dəqiq olan penalti zərbələri qələbə üçün yetərli olub. Nəticədə Portuqaliya yığması 1/4 finala yüksələn tərəf olub.

Xatırladaq ki, daha öncə İsveçrə, Almaniya, İngiltərə, İspaniya və Fransa yığmaları 1/4 finala vəsiqəni təmin etmişdilər.

AÇ-2024
1/8 final
1 iyul

Portuqaliya – Sloveniya 0:0 (penaltilər 3:0)
Baş hakim: Daniele Orsato (İtaliya).
Frankfurt. “Valdstadion”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
arena.az

1Sources