EN

Liderlərlə mübarizə aparmaq üçün bəzi sahələrdə “artırmalıyıq”

“Formula-1” üzrə dünya çempionatının Barselona mərhələsi “Mersedes”in pilotu Lüis Hemiltonun cari mövsümdə ilk dəfə fəxri kürsüyə qalxması ilə əlamətdar oldu.

Britaniyalı pilot yarışdan sonra jurnalistlərin bəzi suallarını cavablayıb.

- Podiuma dönüşünüz münasibəti ilə təbrik edir. Bu nəticə siz və komandanız üçün nə dərəcədə xoşdu?
- Yaxşı nəticə həmişə xoşdu. Möhtəşəm işə görə komandaya, bazadakı hər kəsə, yeniliklər üzərində günlərlə işləyən adamların hər birinə təşəkkür edirəm. Tədricən geriliyi aradan qaldırırıq. Ötən il də Barselona mərhələsində sürətliydik, odu ki, bu nəticəni şişirtməyə dəyməz. Ancaq son iki mərhələdə də rəqabətədavamlı komanda təsiri bağışlamışdıq. Qalan geriliyi də aradan qaldırmaq lazımdı. Bunun üçün mümkün olan hər şeyi edəcəyik.

- Artıq əldə olan yenilikləri tam mənimsəyibsiz, yoxsa geriliyi aradan qaldırmaq üçün başqa yeniliklər də lazımdı?
- Daim maşın üzərində çalışırıq, dəyişikliklər edir, sazlamaları optimallaşdırırıq. Ancaq yenə də önümüzdəki pilotlarla rəqabət aparmaq üçün bəzi detalları tamamlamaq lazımdı.

- Lüis, dediz ki, “Mersedes” “artırır”. Hesab edirsiz ki, qələbə o qədər də uzaqda deyil? Və ilin sonuna qədər “Mersedes”dəki karyeranızı qələbə ilə bitirmək sizin üçün nə dərəcədə önəmlidi?
- Pis olmazdı. Ancaq əvvəlcə sabitlik yaxalamaq və baxmaq lazımdı ki, bir qədər də yüksəyə qalxa bilərikmi? Hədəf budu. Hələ ki qələbə uğrunda mübarizə apara bilmirik, hərçənd Corc Rassell Monrealda buna yaxın idi. Ümid edirəm ki, qarşıdakı 4-5 mərhələdə liderlərə böyük problemlər yaşadacağıq. Maşını yaxşılaşdırmağı davam etdirmək lazımdı. Liderlərlə mübarizə aparmaq üçün bəzi sahələrdə “artırmalıyıq”.

- Gələn il “Ferrari”yə qoşulmaqla bağlı qərarınızı indi necə dəyərləndirirsiz? Belə görünr ki, “Ferrari” hazırda çıxış etdiyiniz maşına uduzur?
- “Mersedes”i sevirəm. 13 yaşımdan bu komandanın maşınlarında çalışıram, həmişə fanatı olacam. Bu il üçün vəzifəm ondan ibarətdi ki, komanda, bazadakı adamlar ilə birgə maksimuma nail olum. Komandanın inkişaf kursunun gələn il hansı yönə dəyişməsindən asılı olmayaraq, elə məsələlər var ki, mən də bunların üzərində çalışmışam – bununla qürur duyuram. Gələn il başqa komandada işləməyə başlayacam, fikrimcə, “Ferrari” də işinin öhdəsindən gəlir. Bəzi mərhələlərdə çətinlik çəksələr də, Monakoda qalib gəldilər. Açığı, onların maşınından problemin nədən ibarət olduğunu, liderlərdən geri qalmalarının səbəbini bilmirəm. Ancaq onlar da Barselonada yeniliklər etdilər, tərəqqi prosesi dayanmır. Mən qərarımın doğruluğuna şübhə etmirəm.

- Dediyinizə görə, təsnifat mərhələsində bir qədər bəxtiniz gətirmir. Sizcə, nəticələri yaxşılaşdırmağın açarı nədi? Sürətiniz çatmır, yoxsa başqa problem var?
- Sürət 3-4-cü nəticə göstərməyə imkan verir. Ancaq maşın daim imkanlarının son həddində mübarizə aparırdı. Bu isə o deməkdi ki, maşın balanslaşdırılmayıb. Maşın çox nadir hallarda balanslaşdırılmış təsir bağışlayır, döngələri rahat keçir. Təkər problemi də var. Növbəti yarışlarda bu yöndə irəliləyişə nail ola bilsək, maşın daha effektli olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources