EN

İran siyasətində mühüm dəyişiklik- seçkilər ölkəni yeni yola çıxara bilər...

Image

Qonşu İranda keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməyib. Məhz bu fonda ölkənin yeni prezidentinin müəyyən olunması ikinci turda baş tutacaq.

Bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər. İştirakçı namizədlərdən heç biri qalib sayılacaq qədər səs toplaya bilməyib. İslahatçı millət vəkili Məsud Pezeşkian səslərin 42.5 faizini toplayaraq birinci, ultramühafizəkar Səid Cəlili isə 38.6 faizlə ikinci olub. Bu iki namizəd iyulun 5-də keçiriləcək ikinci turda yarışacaq. Seçkinin ibrətamiz dərslərindən biri də parlamentin mühafizəkar spikeri Məhəmməd Bağır Qalibafın zəif nəticə göstərməsidir. Seçkini üçüncü yerdə bitirən Qalibafın dördüncü namizədliyi də uğur gətirməyib. Mühafizəkar düşərgə Cəlili ilə Qalibafı birinin digərinin xeyrinə namizədliyini geri çəkməsi üçün razılığa gəlməyə çağırıb. Ancaq onların heç biri buna razı olmayıb. Qalibafın uduzmasınınsa bir neçə səbəbi var. Qalibaf daha çox ifrat ideologiyanı dəstəkləyən və ideoloji baxımdan daha qətiyyətli seçicilərə üz tutan Cəlili ilə mötədil olan və islahat tərəfdarı kimi seçicilərin dəstəyini cəlb edən Pezeşkianın arasında qaldı. Üstəlik, spiker öz karyerası boyunca çoxsaylı korrupsiya iddiaları və siyasi qalmaqallarla üzləşib və bu da onun reputasiyasını yetərincə korlayıb. Təcrübəli millət vəkili olan Pezeşkian Qərblə münasibətlərin bərpasını dəstəkləyir və Tehranın bəzi mühafizəkar qanunlarını tənqid edir. Ancaq o, islam respublikasının prinsiplərinə sadiqdir və seçilərsə, Xamneinin siyasətinə sadiq qalacağına söz verib. Çoxu etnik azərbaycanlı olan Qərbi Azərbaycan əyalətini təmsil edən islahatçı deputat Məsud Pezeşkian 20 ildir siyasətdə olsa da, adı heç vaxt hər hansı korrupsiya iddialarında, yaxud siyasi qalmaqallarda hallanmayıb. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan rüşvət və qohumbazlıq kimi proseslərdən uzaq olub. Qərbi Azərbaycan əyalətinin kürdlərin üstünlük təşkil etdiyi Soyuqbulaq şəhərində doğulan Pezeşkian kürd və Azərbaycan dillərində sərbəst danışır. İxtisasca həkim olan Pezeşkian 1980-88-ci illərdəki İran-İraq savaşında döyüşmək və həkim kimi xidmət etmək üçün ön cəbhədə olub. Müharibədən sonra isə ürək cərrahlığı sahəsində ixtisaslaşıb. 70 yaşlı Pezeşkian eyni zamanda elm sahəsində də çalışıb. O, 1994-1999-cu illərdə Təbriz Tibb Elmləri Universitetinin rəhbəri olub. Pezeşkian Universiteti tərk etməsindən az sonra - 2000-ci ildə Tehrana köçərək ozamankı prezident Məhəmməd Xatəminin hökumətində səhiyyə nazirinin müavini olub və beləcə, onun siyasi karyerası başlanıb. 2001-ci ildə Xatəmi Pezeşkianı özünün səhiyyə naziri elan edib. İki il sonra tənqidçiləri Pezeşkianı yanlış kadr təyinatlarında və Dünya Bankının kreditlərindən düzgün istifadə etməməkdə günahlandırdığı üçün parlament onu vəzifəsindən azad etməyə çalışıb, ancaq buna nail olmayıb.

Hökuməti tərk etməsindən üç il sonra - 2008-ci ildə Pezeşkian parlamentə namizədliyini verib və Təbriz seçki dairəsinin qalibi olub. O, ard-arda beş dəfə dördillik müddətə millət vəkili seçilib. Mötədil və islahatçıların parlamentə nəzarət etdiyi 2016-2020-ci illərdə Pezeşkian spikerin iki müavinindən biri olub. 2013-cü ildə prezidentliyə namizəd olan Pezeşkian heç bir namizədi dəstəkləmədən geri çəkilib. 2021-ci ildə o, yenidən namizəd olmağa cəhd etsə də, Keşikçilər Şurası onun namizədliyinə imkan verməyib. Konstitusiya Keşikçiləri Şurası ölkədə keçirilən əsas seçkilərdə namizədləri təsdiqləyən qurumdur. Keçmiş səhiyyə naziri islam respublikasının məcburi hicab siyasətini tənqid edib. O, ötən il həmin siyasətin insanların dinə nifrət etməsinə səbəb olduğunu söyləyib.

Qərblə danışıqlara açıq olduğunu bildirən Pezeşkian keçmişdə digər ölkələrə, o cümlədən ABŞ-yə qarşı şüarlar səsləndirilməsini tənqid edib. Pezeşkian bu ilin martında Xameneinin müdaxiləsi ilə parlament seçkilərində namizədliyinin rədd edilmədiyini bildirib. O, öz çıxışlarında azlıqların hüquqlarını da müdafiə edib. Tənqidçiləri onu İranın etnik azərbaycanlı əhalisi arasında millətçi ovqatını qızışdırmaqda suçlayıblar. Onun özü bu ittihamları rədd edib. Seçkilərin ikinci turunda Pezeşkianın rəqibi olacaq Səid Cəliliyə gəlincə, o, Qərblə münasibətlərin yaxşılaşdırılmasının qəti əleyhinədir. Cəlili Qalibafın səslərini də toplayacağına ümid bəsləyir. Ancaq Qalibafı dəstəkləyənlərin Cəliliyə səs verəcəyinə təminat yoxdur. Aşırı mühafizəkar Cəlili isə özünü mərhum İbrahim Rəisi administrasiyasına yaxın siyasətçilərlə əhatə edib. İranda son dəfə 2005-ci ildə səsvermə ikinci tura qalıb. O zaman birinci turda ikinci olmuş populist namizəd Mahmud Əhmədinejad mötədil namizəd Əli Əkbər Haşemi Rəfsəncaniyə qalib gəlmişdi. Qatılma faizi aşağı səviyyədə qalsa, Pezeşkian islahatyönlü seçicilərin daha böyük bölümünü səfərbər edə bilməsə, Cəlili 5 iyul seçkisində qalib gələcək. Ancaq Cəlilinin prezident olması ehtimalı bir çoxlarını Pezeşkiana səs verməyə vadar edə bilər. İranda bir seçici “Radio Fərda”ya bildirib: “Mən ona görə Pezeşkiana səs verdim ki, onun səriştəli olduğuna inanıram, ancaq həm də Cəlilinin prezident olmasından qorxuram”. Mühafizəkar qanadın təmsilçisi Səid Cəlili 1965-ci ildə ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub, hərbiləşdirilmiş Bəsic qüvvələrinə qoşulub və İran-İraq müharibəsində bir neçə dəfə könüllü kimi xidmət edib. O, döyüşdə yaralanıb və sağ ayağını itirib. Fəlsəfə doktoru olan Səid Cəlili “Qurandakı siyasi fikir” mövzusunda doktorluq dissertasiyasını yazıb.

Tahr TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources