EN

Cənubi Qafqaz uğrunda Qərb-Rusiya döyüşü qızışır...

Image

Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında geosiyasi rəqabətin daha kəskin xarakter aldığı və bununla yeni mərhələyə qədəm qoyduğu artıq heç kimdə şübhə doğurmur. Bu fonda Qərb Rusiyanı Ermənistanda sıxışdırmaqda, Kreml isə Gürcüstanda mövqelərini gücləndirməkdədir. 

Azərbaycanla bağlı vəziyyət fərqlidir və ölkəmiz tərəflərin hər biri ilə eyni məsafəli münasibətlər qurur. 

Beləliklə, regionun iki ölkəsində Qərb-Rusiya rəqabəti kəskinləşir. Amma bu fonda Azərbaycanla işbirliyinə də maraq artır. Ümumiyyətlə isə, regionda son bir neçə gündə ABŞ və Avropa İttifaqı Avroatlantik inteqrasiyanı təklif edərək, Cənubi Qafqazda fəallıqlarını nəzərəçarpacaq dərəcədə artırıblar. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn bu fonda Azərbaycanda səfərdə olub. O, ilk növbədə İrəvan, Bakı və Tiflisin NATO sammitinə hərbi blokun tərəfdaşları kimi dəvət olunduğunu bəyan edib. İkincisi, diplomat Ermənistan və Azərbaycan hakimiyyətlərini tezliklə sülh müqaviləsi imzalamağa və kommunikasiyaların qarşısını almağa çağırıb: “Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə, potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”. Diplomat qeyd edib ki, ABŞ Ermənistandan keçəcək marşruta həm də ona görə əhəmiyyət verir ki, bu marşrut coğrafi baxımdan geosiyasi təsirlərdən daha uzaqdır və həm də iqtisadi baxımdan daha ucuz başa gələrdi. Bu layihənin maliyyələşdirilməsinə dair suala cavab verən O'Brayn deyib ki, Qazaxıstan və Azərbaycan layihəyə sərmayə yatıra bilər. Bu prosesdə Dünya Bankı iştirakçı ola bilər. Diplomat xatırladıb ki, II Dünya müharibəsindən sonra Avropada həyata keçirilən siyasi əhəmiyyətli iqtisadi layihələr daha bir müharibəni imkansız edib. O'Brayn vurğulayıb ki, layihəyə hazırlıq üçün əsas iş Ermənistanda görülməlidir və ABŞ nümayəndələri Mərkəzi Asiya ölkələrində bu layihə üzrə iş aparırlar. Amma diplomat vurğulayıb ki, ABŞ-ın bu layihədən məqsədi regiondakı təsirini artırmaq yox, region insanlarına siyasi və iqtisadi faydalar verməkdir. O'Brayn Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinə misal olaraq Ermənistanın Azərbaycanın COP konfransı keçirməsinə dəstəyini, Azərbaycanın əsirləri azad etməsini, sərhədin demarkasiyasına başlanmasını, dörd kəndin Azərbaycana qaytarılmasını göstərib. O deyib ki, istənilən sülh müqaviləsinin əldə edilməsi son dərəcə çətindir, çünki burada müharibənin buraxdığı iz var. Onun sözlərinə görə, bu mənada iki tərəf arasındakı hazırkı diqloq əhəmiyyətlidir, çünki burada söhbət təkcə bugünkü siyasətdən getmir, tərəflər əmin olmaq istəyirlər ki, əldə olunan razılaşma gələcək münaqişələrin qarşısını ala biləcək: “Düşünürəm ki, bu istiqamətdə bu yaxınlarda sərhədin demarkasiyasına başlanması son dərəcə əhəmiyyətli addımdır. Bu onu göstərir ki, tərəflər, hətta ölkə daxilindəki siyasi məqamlara baxmayaraq, bu prosesi davam etdirmək istəyirlər. Tərəflər arasında etimad hər iki ölkənin vətəndaş cəmiyyətlərinin yetkinliyini nümayiş etdirəcək. Hazırda Rusiya bu prosesdən kənardadır, lakin proses uzun çəkərsə, Rusiya qayıdaraq əngəl törətməyə çalışa bilər. Belə bir şəraitdə irəliləyişə nail olmaq mühümdür”. Azərbaycan və Ermənistan arasında danışıqlarda ABŞ-ın birbaşa vasitəçiliyi məsələsinə gəlincə, O'Brayn deyib: “Biz bir ildən də artıq müddətdir bəyan edirik ki, tərəflərin produktiv hesab etdiyi bütün formatlarda danışıqlar prosesinə ev sahibliyi etməkdən məmnunuq. Biz “Vaşqinton adına Azərbaycan-Ermənistan sülh müqaviləsi” əldə olunmasına təmənnalı deyilik. Amma bu istiqamətdə tərəflərə dəstək verməyə hazırıq. Mən ümid edirəm ki, xarici işlər nazirləri tezliklə görüşmək imkanına malik olacaqlar. Vaşinqton yenə də bu danışıqlara ev sahibliyi etməyə hazırdır. İki tərəf hazırda birbaşa dialoqdadır. Onlar bunu öz xalqları üçün edirlər və biz bu prosesin dostu olmağa həmişə hazırıq”.

Bunlar fonunda Avropa diplomatiyasının rəhbəri Josep Borrell Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Bu xüsusda Ermənistan tərəfi bildirib: “Həmsöhbətlər beynəlxalq və regional təhlükəsizlik məsələləri, problemlərin güc yolu ilə həlli praktikasının mənfi nəticələri və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət edilməsinin zəruriliyi ilə bağlı fikir mübadiləsi aparıblar”. Tərəflər, həmçinin, Aİ ilə Ermənistan arasında viza rejiminin liberallaşdırılmasını müzakirə ediblər. Gürcüstana gəlincə, ölkə prezidenti Salome Zurabişvili birbaşa bildirib ki, Avropa İttifaqına daxil olmaq onların əsas məqsədidir. Prosesi qismən Avropa İttifaqı liderlərinin Gürcüstanın xarici agentlər haqqında qanununun ölkənin avrointeqrasiyasını dayandırması barədə bəyanatı pozdu. Lakin Gürcüstan hökuməti cəmiyyətdə son bir neçə ayda artıq kəskinləşən qütbləşməni daha da gücləndirməmək üçün bunu görməməyə çalışır. Rus politoloq Aleksey Makarkinin fikrincə, Qərbin Cənubi Qafqazda öz təsirini yaymaqda uğuru onun regional problemləri nə dərəcədə effektiv həll edə biləcəyindən asılı olacaq. Məsələn, ABŞ və Avropa İttifaqı çətin ki, Tiflisə Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etməyə kömək edə bilsin və ya Bakı üçün kifayət qədər əlverişli olmayan şərtlərlə Azərbaycanı Ermənistanla sülh müqaviləsi imzalamağa məcbur etsin: “Eyni zamanda, hazırda bəzi avropalılardan daha çox Avropa İttifaqında yaşamaq istəyən gənclər amili də var. Bu baxımdan, Qərb Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa ümid edə bilər. 1990-cı illərlə və 2000-ci illərin əvvəlləri ilə müqayisədə onun təsiri artıb. Amma Rusiyanı bölgədən tamamilə sıxışdırıb çıxarmaq mümkün olmayacaq”. Onun sözlərinə görə, region ölkələri çoxvektorlu siyasət yürüdəcək, indiki məqamda onlara daha çox faydalı olanlarla münasibətləri daha böyük ölçüdə saxlayacaq. Digər ekspert Nikolay Silayev də Qərbin Cənubi Qafqazda öz təsirini genişləndirmək cəhdləri üçün o qədər də perspektiv görmür: “ABŞ və Avropa İttifaqının bunun üçün çox az hərbi və iqtisadi resursları var. Rusiya, Türkiyə və İranın regional oyunçulara təklif edəcəyi çox şey var. Beləliklə, Birləşmiş Ştatlar hətta Ukraynaya da effektiv təhlükəsizlik təminatları təklif edə bilməz və onlar, şübhəsiz ki, Ermənistana heç nə vəd etməyəcəklər”. Onun fikrincə, Qərb Cənubi Qafqazda fəaliyyətini inkişaf etdirməklə yalnız Rusiyanın regiondakı nüfuzunu sarsıtmağa çalışır. Silayev hesab edir ki, Qərb Rusiyanı əvəz edə bilməyəcək. 

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources