EN

Oxçuçayı zəhərləyən şirkət Paşinyandan büdcənin dörddə biri qədər cərimə tələb edir...

Image

Ramil Hüseynov: “Tərəflər arasında yaranan qarşıdurmanın kökündə siyasi amillər dayanır”

Ermənistanın ən böyük mədənçilik şirkətində kiçik səhm paketinə malik olan balıqqulağı şirkəti Ermənistan hökumətinə qarşı 1.2 milyard dollarlıq məhkəmə iddiası qaldırıb. Kiprdə qeydiyyatdan keçmiş şirkət Ermənistan hökumətini onun qanuni səhmdar hüquqlarını ciddi şəkildə pozmaqda ittiham edir. 

Walnort Finance Ltd. şirkətinin İrəvandan tələb etdiyi təzminat Ermənistanın dövlət büdcəsinin təxminən dörddə biri qədərdir. Walnort ötən həftə elan edib ki, Paşinyan hökumətini 1998-ci ildə Ermənistan və Kipr arasında imzalanmış qarşılıqlı investisiyaların müdafiəsi razılaşmasını ciddi şəkildə pozduğuna görə məhkəməyə verib. Ermənistandakı Qacaran şəhərində yerləşən Zəngəzur kombinatında 4 minədək işçi var. Bu həmin kombinatdır ki, bilavasitə Zəngilandakı Oxçuçayı tullantıları ilə çirkləndirir.

“İddia təmin edilsə, Ermənistan hökuməti bunun altından çıxa bilməz” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov tərəflər arasında yaranan konflikti əsasən siyasi amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, Zəngəzur Mis-Molibden Kombinatı ilə müqavilə əvvəlki hakimiyyət dönəmində imzalanıb. Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli Mərkəzinə bu iddia 2021-ci ilin oktyabrında Zəngəzur Mis-Molibden Kombinatının Rusiya milyarderi Roman Trotsenkoya bağlı qurumlar tərəfindən alınmasının ardınca qaldırılıb. Trotsenko Rusiyaya qarşı Avropa İttifaqı sanksiyalarının son – 14-cü paketinin siyahısına salınıb. Trotsenkonun şirkətləri Mis-Molibden Kombinatı səhmlərinin 75 faizini Almaniya metallurgiya şirkətləri qrupundan alıb. Paşinyan hökuməti bundan əvvəl vergidən yayınmaya görə barələrində cinayət işləri açılmış kiçik erməni şirkətlərinin payına da sahiblənib. Bundan sonra tərəflər arasında münasibətlər daha da kəskinləşib. Düzdür, Zəngəzur kombinatı rəhbərliyinin həmin vaxta qədər də Paşinyanla münasibətləri pis idi. 2021-ci ilin parlament seçkisi kampaniyasında Paşinyan kombinatı hədələmişdi. Bəzi məlumatlara görə, həmin şirkət seçki kampaniyası dönəmində revanşist müxalifətə maliyyə dəstəyi verib. Məhz bu amil hakimiyyətlə şirkət arasında münasibətləri daha da kəskinləşdirib. Bütövlükdə, özünü demokrat hesab edən Paşinyan bu kimi şirkətlərə qarşı dözümsüzdür və onları özünə təhlükə hesab edir. Şirkətin beynəlxalq məhkəməyə müraciəti təmin edilməyib. Hesab edirəm ki, burada siyasi amillərin rolu var. Məsələ ondadır ki, Paşinyan Qərbə yaxın siyasi fiqurdur. Beynəlxalq məhkəmələr də Qərbin təsir dairəsində olduğu üçün Paşinyanı çətin duruma salmırlar. Əks təqdirdə, iddia təmin edilsə, Ermənistan hökuməti bunun altından çıxa bilməz. Çünki 1,2 milyard dollarlıq iddia Ermənistan üçün böyük vəsaitdir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources