EN

Xuliqanlıqda ittiham olunan məşqçi və tələbələrinə hökm oxunub

Yayımlandı: 1 İyul 2024 18:33 Digər bir tələbə isə 1500 manat cərimələnib Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun hər biri 6 ay azadlıqdan məhrum edilib. İyulun 1-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə onlara hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Onların ittiham olunduğu hadisə 2023-cü ilin noyabrında “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb. İddia olunur ki, mübahisəyə səbəb Həsən Əzizovun məşqçiyə “sən” deyə müraciət etməsi olub. Ruslan Əfəndiyevin daha bir tələbəsi Tofiq Musayev də onlarla birlikdə mühakimə olunurdu. Lakin o, istintaq və məhkəmə dövründə həbsdə deyildi. Məhkəmə onu da xuliqanlıqda təqsirli bilib, amma ona 1500 manat cərimə cəzası kəsilib. Təqsirləndirilən idmançıların heç biri ittihamı qəbul etmir. Onlar məhkəmədə son sözlərində də bunu vurğulayıb və hakimdən ədalətli qərar çıxarmasını istəyiblər. Təqsirləndirilən məşqçi məhkəmədə bildirib ki, hadisə ittihamda yazıldığı kimi olmayıb, nə özü, nə də tələbələri kimisə döyüb. Onun sözlərinə görə, zərərçəkmiş qismində tanınan Həsən Əzizov tədbirdən əvvəl toplanışda səs-küy salıb, iştirakçılara maneə yaradıb. O isə Həsəni çoxdan tanıdığı üçün ondan sakit olmasını, tədbirə mane olmamasını tələb edib: “Həsən özündən çıxdı, dedi ki, sən kimsən? Dedim, “Ruslan müəllim”. Bunu deyən kimi səsini qaldırdı, dedi, sən elə Ruslansan, Ruslan müəllim yox…” Həsən Əzizov təqsirləndirilən şəxslərdən şikayətçi olmaması barədə ərizə təqdim edib. Adçəkilən məşqçi və tələbələri 5 aydan çoxdur ki, həbsdədir. Onlara verilmiş cəzanın başa çatmasına 1 aydan da az vaxt qalıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
xural.com

1Sources