EN

Makronun Fransaya son “töhfəsi”- “Frexit” bəlası...

Image

Elşən Manafov: “Le Penin seçkiləri udması Avropa İttifaqında “Frexit”proseslərinin dərinləşməsinə səbəb ola bilər”

Məlum olduğu kimi, iyunun əvvəlində Avropa Parlamentinin yeni üzvləri seçildi. Seçki ifrat sağçıların yüksəlişi ilə yadda qalıb. Həmin vaxt böyük məğlubiyyətlə üzləşən Fransa prezidenti Emmanuel Makron parlamenti buraxdı. Bu isə Fransa üçün tarixi sayıla biləcək erkən seçkilərə yol açdı. Son rəy sorğuları göstərirdi ki, Makron seçkidə məğlub olacaq. Belə də oldu.

İyunun 30-da keçirilən seçkilərdə Marin Le Penin lideri olduğu Milli Birlik Partiyası və müttəfiqləri Fransada keçirilən parlament seçkilərinin ilk tutrunda 33.4 faiz səslə qalib gəlib. Məlumata görə, solçu Yeni Xalq Cəbhəsi 27.98 faiz səslə ikinci yerdə qərarlaşıb. Fransa Prezidenti Emmanuel Makronun koalisiyası isə 20.76 faiz səslə üçüncü olub. Qeyd edək ki, seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

Seçkinin nəticələrinə görə, prezident və baş nazirin müxtəlif partiyalardan olduğu vəziyyət 22 ildən sonra ilk dəfə baş verə bilər. Belə ki, Makronun partiyası seçkilərdə uduzduğu üçün o, rəqib partiyadan olan baş nazirlə işləməli olacaq. Bu vəziyyət Fransada sonuncu dəfə 1997-2002-ci illərdə, mühafizəkar prezident Jak Şirak və sosialist baş nazir Lionel Jospin hökumətdə birlikdə çalışdıqları zaman baş verib. Digər tərəfdən, Avropa İttifaqında da ciddi narahatlıq var. İttifaq cəbhəsində hesab edirlər ki, seçkidən sonra “Brexit” kimi Fransanın Aİ-dən çıxması mənasına gələn “Frexit” gündəmə gələ bilər. 

Bütün bu deyilənlərin fonunda maraqlıdır, Fransa Aİ- dən çıxa bilərmi?

“Əgər bunun qarşısını almaq üçün qurum təsirli tədbirlər qəbul edə bilməsə, onun perspektivdə...” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “İyunun əvvəllərində Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə prezident Makronun rəhbərlik etdiyi mərkəz mövqelərdə duran "İntibah" partiyasının uduzmasından sonra Makron parlamenti buraxıb növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam verib. Fransada iyunun 30-da keçirilən seçkilərə gəldikdə isə, bu, ölkədə son 40 ildə daha çox seçici fəalığının qeydə alındığı seçkilər olub. Proqnozlaşdırıldığı kimi, seçkilərdə 1-ci yeri Marin  Le Penin rəhbərlik etdiyi ifrat sagçı Milli Birlik partiyası qazanıb. İkinci yerdə Solçu İttifaq və nəhayət sonuncu yerdə Makronun “İntibah” partiyası qərarlaşıb. Le Penin rəhbərlik etdiyi partiya, seçkilərdə 1-ci yeri əldə etməsinə baxmayaraq, parlamentə nəzarət üçün mütləq çoxluğu təmin edə bilməyib. Bununla belə, Makron seçkilərin nəticələrini nəzərə alaraq Le Penin baş nazir olaraq irəli sürdüyü namizədi, 28 yaşlı Jordan Bardeli baş nazir vəzifəsinə təsdiq etməli olacaq. Bu isə Makrona müxalif partiya təmsilçisinin hökumətə başçılıq etməsi deməkdir. Bu da ölkənin siyasətinə təzadlar gətirəcək. Fransada belə bir hal sonuncu dəfə 2002-ci ildə yaşanıb. Le Penin seçkilərdə qələbəsi Fransada millətçilik dalğasının yüksəlişinin nəticəsidir. Buna səbəb olan mühüm amillərdən biri isə Fransa iqtisadiyyatını ucuz işçi qüvvəsi ilə təmin etmək üçün Makronun həyata keçirdiyi miqrasiya siyasəti olub. Ölkəyə miqrant axınının güclənməsi Fransada yerlilər və gəlmələr arasında milli və dini zəmində toqquşmalara gətirib çıxarıb. Hərçənd, əsas səbəb sosial faktor olub. Le Pen uzun müddətdir ki, Fransanın Avropa İttifaqından kənarlaşması tələbləri ilə çıxış edir. O, Aİ-ni Fransanın inkişafını əngəlləyən bürokratik aparat kimi qəbul edir. Avroittifaqın müstəqil iqtisadi və təhlükəsizlik siyasəti yeridə bilmədiyini, onun ABŞ-ın təsir dairəsində olduğunu bildirir. Le Penin seçkiləri udması Avropa İttifaqında “Frexit”proseslərinin dərinləşməsinə səbəb ola bilər. “Brexit”in Aİ üçün 2020-ci ildə Böyük Britaniyanın qurumdan uzaqlaşmasına gətirib çıxardığı məlumdur. Əgər “Frexit”in qarşısını almaq üçün Aİ təsirli tədbirlər qəbul edə bilməsə, onun perspektivdə parçalanması qarşısıalınmaz prosesə çevriləcək. Mütəxəssislər bundan ötru Aİ-də iqtidara saglam qüvvələrin gəlməsinin vacibliyini vurğulayırlar. Məhz belə qüvvələr Aİ-nin Rusiya ilə münasibətlərinə yenidən baxmalı, onun siyasətini ABŞ deyil, Aİ-nin öz maraqları konteksində aparılmasını təmin etməlidirlər. Çünki ABŞ-ın təzyiqi ilə Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyasəti gözlənilən nəticələri doğurmayıb. Ucuz Rusiya yanacağından imtina birlik ölkələrinin iqtisadi və sosial həyatında kataklizmləri gücləndirmişdi”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources