EN

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

Azərbaycan

Bakı, 1 iyul, AZƏRTAC

Bəşəriyyəti obrazlı şəkildə aysberqləri yerindən oynada biləcək fırtınanın müşayiəti ilə dənizdə üzən gəmiyə bənzətsək, o, hər an şişuclu sal qayalarla toqquşmaq təhlükəsi ilə üz-üzə gələ bilər. Dünyanın dördbir guşəsində baş verən təbii fəlakətlər, dağıdıcı müharibələr, beynəlxalq terrorizmin güclənməsi, narkomafiyanın sərhədləri genişləndirməsi, kibercinayətkarlığın hətta bir çox dövlət əhəmiyyətli məsələlərə də müdaxilə edə bilməsi, üçüncü dünya müharibəsinin başlanması ehtimalı getdikcə daha çox ölkələri təhdid edir. Dünyanın ən inkişaf etmiş, güclü dövlətləri də özünü həmin təhlükə və bəlalardan sığortalanmış hesab edə bilməz. Bu gərginlik içində yaşana biləcək mümkün kataklizimləri sərhədlərindən uzaqda saxlamaq üçün yalnız xalqın və dövlətin maraqlarına hesablanmış strategiya müəyyənləşdirən, siyasi, iqtisadi, hərbi, sosial sahələrdə inkişafı təmin edən, çoxqütblü dünya ilə balanslaşdırılmış siyasət yürüdən dövlətlərin sayı elə də çox deyil. Azərbaycan məhz belə ölkələrdən biridir. Çünki ölkənin sükanı arxasında yenilməz iradə və qətiyyətlə dayanan, nəyi nə vaxt, necə edəcəyini zərgər dəqiqliyi ilə bilən Prezidenti, məğlubiyyətdən qalibiyyətə gedən yolun bayraqdarı olan Müzəffər Ali Baş Komandanı var. Bir zamanlar təsəvvürə belə gəlməyən beynəlxalq əhəmiyyətli layihələrin Azərbaycanın iştirakı ilə icrasını təmin edən, möhtəşəm Qayıdış strategiyasının müəllifi də məhz odur. Əgər ölkə daxilində dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində on illərlə davam edən möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik olmasaydı, Azərbaycan COP29 kimi dünya səviyyəli mötəbər tədbirin keçirilməsinə ev sahibliyi etmək imkanı verən mandatı qazana bilməzdi. Bu taleyüklü məsələdə polisin fəaliyyəti müstəsnadır və mübahisə mövzusu ola bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirlər araşdırmaçı jurnalist, publisist Səyyad Ağbabalını “Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli” adlı məqaləsində yer alıb.

Məqalədə daha sonra deyilir: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkə polisinin fəaliyyətini tənzimləmək üçün bu prinsipləri hədəf kimi müəyyənləşdirmişdi: intellektual səviyyəni yüksəltmək, peşəkarlığın dünya standartları səviyyəsinə çatdırılmasına nail olmaq, dünyanın qabaqcıl ölkələrinin müvafiq orqanlarının istifadə etdiyi ən müasir texnologiyalara yiyələnmək və Vətənə, dövlətə sadiq olmaq! Bu gün Azərbaycan polisi həmin hədəflərə doğru uğurları genişləndirməklə irəliləyir, Ali Baş Komandan İlham Əliyevin müasir çağırışlara uyğun müəyyənləşdirdiyi yeni vəzifələri dönmədən, hədəfdən yayınmadan, sadiqliklə icra edir. Həlledici anlarda həlledici qərarların qəbulu və icrası isə zaman-zaman Azərbaycanı bir çox silkələnmələrdən xilas etdi. İndi onlar artıq tarixin səhifələrinə çevrilib. Ölkə polisi isə özünün keşməkeşli və şərəfli tarixinə yeni, parlaq səhifələr yazır.

İyulun 2-də Azərbaycan polisinin 106 yaşı tamam olur. Bu gün sənin, mənim, onun, geniş ictimaiyyətin, milyonların sevə-sevə qeyd etdiyi bayramlardan biridir.

Məqalədə bildirilib ki, Azərbaycan polisinin fəaliyyəti vətəndaş məmnunluğunun nisbəti ilə qiymətləndirilir: “Fakt odur ki özlərini demokratiya beşiyi kimi təqdim etməyə çalışan bir sıra Avropa ölkələri və Amerikada həmin prinsipin yazıldığı vərəq çoxdan çevrilib. Etiraf edək ki, xarici ölkələrə səfər edənlərin xeyli hissəsini yerli polisin onlarla necə davranacağı da qayğılandırır. Adi bir səhv, addım və ya hərəkət dəmir barmaqlıqlar arxasına apara bilər. Bəzi hallarda isə xüsusi ilə Fransa və Amerika Birləşmiş Ştatların kimi ölkələrdə polis heç bir araşdırma aparmadan, əlini cibinə apardığına, yaxud avtomobilin göstərişə uyğun dərhal dayandırılmamasına görə atəş aça bilər. Avropanın bir çox ölkələrində, ABŞ-da miqrantlara polis tərəfindən ağlasığmaz işgəncələr verilməsini ekranlarda hər kəs görür. Həmin ölkələrdə polisə getdikcə qədərindən daha çox səlahiyyətlər verilir və nəticədə cəmiyyət polis zorakılığı ilə üzləşir.

Bu gün Azərbaycan polisi Qarabağın hər bir guşəsində, vaxtı ilə işğal olunmuş rayonlarımızın hər yerində xidmət edir. Onların ataları, əmiləri, dayıları zamanında erməni-daşnak separatizminə, işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı ön cəbhədə vuruşublar. O vaxt Qarabağ müharibəsinin ilk vaxtlarında – ordunun təşəkkül tapmadığı, özünümüdafiə dəstələrinin fəaliyyət göstərdiyi vaxtlarda Azərbaycan polisi xalqın ümid yeri olub, düşmənə qarşı sipər rolu oynayıb. Daxili işlər orqanlarının əməkdaşlarının Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaət nümunəsini 44 günlük Zəfər savaşında onların xələfləri ləyaqətlə davam etdiriblər. Şübhəsiz, Azərbaycan Polisi Günündə Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə və işğaldan azad edilən bütün yaşayış məntəqələrində xidməti borcunu yerinə yetirən polis əməkdaşları ata və babalarının şəhid ruhuna dualar oxuyacaq, müqəddəs məkanları ziyarət edəcəklər. Bayramı doğma Qarabağda, Ermənistanla bütün sərhədboyu ərazilərdə qeyd etmək çox böyük qürur və şərəf hissi doğurur. Peşə bayramını yüksək səviyyədə, böyük ruh yüksəkliyi ilə qeyd etmək Azərbaycan polisinin halal haqqıdır. O, bu qürur və şərəfə layiqdir. Bu, həm də ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın bayramıdır. Bayramınız mübarək!”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
azertag.az

2Sources