EN

Bakıda gənc idmançı tanışını bıçaqladı— Peşman olmadığını dedi

Bakının Suraxanı rayonunda 2001-ci il təvəllüdlü Ümidvar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Mirzəyə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 27-də baş verib. Ümidvar həmin gün saat 23 radələrində Mirzə ilə telefonla danışıb. 

Bu zaman Mirzə onun ünvanına söyüş söydüyü üçün  Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış sahəsi, Mida yaşayış kompleksi 1-ci korpus 6 nömrəli binanın qarşısına onu kənara çəkib və söhbət edərkən Mirzə bir neçə dəfə yumruqla onu vurub. 

Bu səbəbdən Ümidvar Mirzə ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı üzərində olan cib bıçağı ilə qəsdən bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Ümidvarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ümidvar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, idmançıdır və ağır atletika üzrə çempiondur: “Mən İsveçrə, Malaziyada keçirilən yarışlarda iştirak edərək 1-ci yerə çıxmışam. Zərərçəkmiş Mirzəni tanıyıram. Mirzəyə telefon satmışam. Telefonla bağlı Mirzə mənə zəng edərək telefonun xarab olduğunu dedi. Mən Mirzəyə telefonun xarab olmadığını dedim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mirzə mənə söyüş söydü”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 27-də, axşam saatlarında Mirzə ilə telefonda yenə mübahisələri yaranıb və o, Mirzəni görüşə çağırıb: “Axşam saatlarında Mirzə ilə görüşdük. Mənə söyüş söydüyünə görə üzərimdə gəzdirdiyim bıçaqla Mirzənin qarnının sol hissəsindən vurdum. Mən əməlimdən peşman deyiləm”.

İş üzrə zərərçəkmiş Mirzənin sözlərinə görə, Ümidvar adlı şəxsi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanıyır: “Ümidvarla aramızda mənə satdığı telefonla bağlı mübahisəmiz olub. Ümidvar mənə “Samsung” markalı telefon satdı. Telefon xarab olduğu üçün Ümidvarla telefonda əlaqə saxladım. Danışarkən onun ünvanına söyüş söydüm. Buna görə aramızda sözlə mübahisə oldu”. 

Zərərçəkmiş bildirib ki, sentyabrın 27-də, axşam saatlarında Ümidvar ilə telefonla danışarkən aralarında sözlə mübahisə yaranıb: “Ümidvara olduğu yerin ünvanını mənə atmasını dedim. Ümidvar mənə məkan atdı. Mənim də həmin yerə gəlməyimi bildirdi. Mən də məkana uyğun öz avtomobili ilə dostlarım Firuz və Əbdülrəhmanla birlikdə həmin yerə getdim. Hövsan qəsəbəsi, “Mida” yaşayış sahəsinə gəldim. Avtomobildən düşüb Ümidvarla görüşdüm. Orada Ümidvardan başqa tanıdığım Sənan və Orxan olub. Mən və Ümidvar bir qədər kənara tənha bir yerə çəkildik. Orada söhbət etməyə başladıq. Digərləri isə bizdən təxminən 50-60 metr aralıda gözlədilər. Ümidvara satdığı telefonun xarab çıxdığını və məni aldatdığını dedim. Ümidvar isə telefonu mənim xarab etdiyimi dedi. Bu vaxt aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Ümidvar məni yumruqla vurmaq istədi. Lakin məndən qısa boylu olduğu üçün vurmağa imkan vermədim. Ona bir neçə dəfə yumruq və təpiklə bədəninin müxtəlif yerlərindən vurdum. Ümidvar mənə gücünün çatmadığını gördükdə cibindən çıxardığı bıçaqla qorxutmaq istədi. Lakin qorxaraq geri çəkilmədiyimi gördükdə, bıçaqla bir dəfə qarnımın sol hissəsindən vurdu. Həmin vaxt bıçaq Ümidvarın sağ əlində olub”. 

Mirzə deyib ki, Ümidvar onu bıçaqla bir dəfə vurduqda ciddi ağrı hiss etməyib, onunla davanı davam etdirib: “Bu vaxt Ümidvar başımın sol yan hissəsindən bıçaqla vurdu. Bizim səs-küyümüzə kənarda gözləyən Firuz, Əbdülrəhman,
Sənan və Orxan hadisə yerinə gəldilər. Həmçinin İntiqam səs küy eşidib həmin yerə gəldi. İntiqam Ümidvarı, Firuz isə məni aralaşdırdı. Həmin vaxt hava qaranlıq olub. Məni İntiqam və Firuz onları aralaşdırdıqdan sonra Ümidvara onunla sonra danışacağımı dedim. Avtomobilimə əyləşib tək oradan uzaqlaşdım. Firuz və Əbdülrəhman orada qaldılar. Avtomobildə olarkən üzərimdə qan ləkələrinin olduğunu və qarnımdan qan gəldiyini gördüm. Mən dərhal avtomobili Hövsan qəsəbəsində yolun kənarında saxladım və tanımadığı bir şəxsdən təcili yardım çağırmasını xahiş etdim. Qan itirdiyim üçün halsızlaşdım və yerdən oturdum. Təcili yardım avtomobili gələrək məni 3 saylı şəhər klinik xəstəxanasına apardı. Orada əməliyyat edildim.. Ayılıb özümə gəldikdə Ümidvar və İntiqamın polis tərəfindən saxanıldığını öyrəndim. Məni hadisə vaxtı bıçaqla Ümidvar vurdum. İntiqam mənimlə dalaşmayıb və məni vurmayıb. Mən xəstəxanadan çıxdıqdan sonra Suraxanı Rayon Polis İdarəsinə gəldim. İşin istintaqını aparan Ramil adlı müstəntiqlə görüşdüm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ümidvar 5 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Ümidvar əvvəllər məhkum olunub. O,  Suraxanı Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə təqsirli bilinib, ona 1 il 7 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Suraxanı Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarına əsasən, təyin edilmiş 1 il 7 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 14 gün hissəsi 4 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. O, həmin qərarla azadlığa çıxıb. Azadlığa çıxandan 2 ay sonra isə bu qanlı cinayəti törədib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
demokrat.az

1Sources