EN

İş yerlərində əmək funksiyaları: “Bu, qanunla qadağandır” – Məhkəməyə müraciət edə bilərlər

“İşçilərə əmək funksiyalarından artıq işlərin tapşırılması, istisna halları çıxmaqla, qanunla qadağandır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi müəssisələrdə işçilərin 2 və daha artıq işə cəlb olunması haqda danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, qanunvericilikdə işçinin əmək funksiyaları əmək müqaviləsində göstərilməlidir.

“Qanunvericilikdə işçinin əmək funksiyaları əmək müqaviləsində göstərilməlidir. Ona görə də işçiyə əmək müqaviləsindən əlavə vəzifələr və işlər tapşırıla bilməz. İşəgötürənin də işçini müvəqqəti olaraq başqa işə keçirməyə ixtiyarı var. Lakin qeyd edim ki, bu da istehsalat zəruriyyəti ilə əlaqədar müvəqqəti xarakter daşımalıdır”, – deyə o əlavə edib.

S.Məmmədov qeyd edib ki, işçinin əmək funksiyaları müqavilədə göstərilməlidir və orada abstrakt, “işəgötürənin tapşırdığı digər işləri yerinə yetirir” kimi, cümlələr olmamalı, konkret vəzifələr göstərilməlidir:

“Bu da hər iki tərəfin razılığı ilə həyata keçirilməlidir. Əgər burada başqa hallar varsa, təbii ki bu qanunsuzdur. Bu halla qarşılaşan işçilər də əmək müfəttişliyinə və məhkəməyə də şikayət edə bilər. Amma məsələ ondadır ki, bu hallarla bağlı şikayət edən işçilər sonradan həmin iş yerlərində qalıb, işlərini davam etdirə bilmirlər. Hər halda, işçilərə əmək funksiyalarından artıq işlərin tapşırılması, istisna halları çıxmaqla, qanunla qadağandır”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
yenicag.az

1Sources