EN

İki beynəlxalq təşkilat Qubad İbadoğlu ilə bağlı bəyanat yayıb

Yayımlandı: 1 İyul 2024 14:47 “Aorta damarının diametri həyatı üçün təhlükə yaradacaq həddədir” İki beynəlxalq təşkilat iqtisadçı Qubad İbadoğlunun azad edilməsi ilə bağlı bəyanat verib. Publish What You Pay (PWYP) və Crude Accountability (CA) təşkilatlarının bəyanatında bildirilir ki, Qubad İbadoğlunun aorta damarının diametri onun həyatı üçün təhlükə yarada biləcək həddədir. Bəyanatda Qubad İbadoğlunun sağlıq durumu və hazırkı vəziyyəti ilə bağlı dərin narahatlıq ifadə edilib. Azərbaycan hökumətinə müraciət edilərək, onun ehtiyacı olduğu müalicəni alması üçün xaricə çıxışına izin verilməsi istənilib. “Professor İbadoğlu Azərbaycanın tanınmış siyasi iqtisad alimi və anti-korrupsiya fəalıdır. Hazırda Bakıda ev dustaqlığında saxlanılır. O, 2023-cü il iyulun 23-də saxta ittiham, zorakılıqla həbs olunduqdan 9 ay sonra istintaq təcridxanasından ev dustaqlığına buraxılıb. Təcili cərahi müdaxilə tələb edən ürəkdə aortanın genişlənməsi xəstəliyinin şiddətlənməsinə baxmayaraq, beynəlxalq standartlar pozulmaqla uzun müddət qanunsuz həbsdə saxlandığı müddətdə doktor İbadoğlunun səhhəti pisləşib. Çoxsaylı müraciətlərə və müdaxilələrə baxmayaraq, Azərbaycan hakimiyyəti İbadoğlunun müvafiq tibbi xidmətdən istifadəsinə şərait yaratmır”. Bəyanatda qeyd edilir ki, ABŞ-da yaşayan kardioloqun mövcud tibbi müayinə sənədləri əsasında apardığı son tibbi qiymətləndirməyə görə, Qubad İbadoğlunun aorta damarının diametri həyatı üçün təhlükəli vəziyyətdədir. “Azərbaycan hakimiyyəti Qubad İbadoğluna və Azərbaycanda siyasi motivlərlə saxlanılan bir çox digər hüquq müdafiəçilərinə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı bütün ittihamları ləğv etməli, onları dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır. Beynəlxalq təşkilatlar isə bu məsələlərlə bağlı Azərbaycana təzyiq etməlidir”. Qubad İbadoğlu ötən il iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul… və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Qubad İbadoğlu ittihamları saxta adlandırıb. Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
xural.com

1Sources