EN

Sənədli kino ustası Ziya Şıxlinski yeni filmin çəkilişinə hazırlaşır

Sənədli

Bakı, 1 iyul, AZƏRTAC

Sənədli kino ustası, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinski yeni sənədli filmin çəkilişinə hazırlaşır.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, filmin ssenarisi Rusiya dövlət atom gəmiqayırma mərkəzinin baş direktoru və prezidenti, “Sevmaş” maşınqayırma zavodunun direktoru, Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı Davud Paşayevə həsr olunub.

Qeyd edək ki, Ziya Şıxlinski ilə yazıçı, ssenarist Toğrul Cuvarlının birgə yazdığı “Bir ailənin əsri” adlı ssenari Azərbaycan Kinematoqrafçılar İttifaqının A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə 2020-ci ildə birgə keçirilmiş “Rusiyanın görkəmli azərbaycanlıları” adlı ssenari müsabiqəsində qalib olub. Həmin müsabiqənin əsas məqsədi, Rusiyada yaşayıb-yaratmış görkəmli azərbaycanlıların həyat yolununu işıqlandırmaqla yanaşı, həmçinin gənc nəslə onların nailiyyətlərini çatdırmaq və sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarət idi.

Rejissorun Azərbaycan xalçaçılıq sənətinin fonunda Qazax xalçalarından bəhs edən “Qazax xalçaları” adlı sənədli filmi isə artıq hazırdır. Filmin təqdimatı Qazax rayonunda yaradılmış xalça muzeyinin açılış mərasimində baş tutacaq.

Bundan başqa, rejissorun Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyilə çəkdiyi, İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqaviməti Hərəkatının iştirakçısı, İtaliya qəhrəmanı Tahir İsayevin keçdiyi həyat yolundan bəhs edən “Bella çao” qısametrajlı sənədli filmi üzərində olan hazırlıq işləri də yekunlaşmaq üzrədir. Filmin nümayişi Rusiya və keçmiş postsovet ölkələrində 1941–1945-ci illərdə Sovet İttifaqının, Almaniya və onun müttəfiqləri üzərində əldə etdiyi qələbənin 80 illiyində baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
azertag.az

1Sources