EN

İstanbuldakı məşhur Topkapı Saray Muzeyi, yeni təcrübə - Dijital Deneyim Müzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq müzakirə olunub

İstanbuldakı məşhur Topkapı Saray Muzeyi, yeni təcrübə - Dijital Deneyim Müzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq müzakirə olunub.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikası Prezidentinin Milli Saraylar İdarəsi Topkapı Sarayı dairə başçısı İlhan Kocamanla görüşərək, ikitərəfli əməkdaşlığı müzakirə edib.

Görüşdə İlhan Kocaman Osmanlı İmperiyasının 600 illik tarixinin 400 ilində Osmanlı sultanlarının yaşadığı və dövlətin inzibati mərkəzi kimi istifadə edilən sarayın strukturları, memarlığı, kolleksiyaları barədə məlumat verib, 300.000-ə yaxın arxiv sənədləri ilə dünyanın ən böyük muzey-saraylarından olan bu mədəniyyət ocağının Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 3 aprel 1924-cü ildə Cümhuriyyətin ilk muzeyi olduğunu qeyd edib.

Topkapı Sarayının Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığa açıq olduğunu qeyd edən dairə başçısı İlhan Kocaman dövlətlərimiz arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, mədəniyyət sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını söyləyib.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın qarşılıqlı səfərləri, imzaladıqları sənədlər, mədəniyyət sahəsində əməkdaşlıq haqqında danışaraq, muzeylərimiz arasında birgə layihələrin önəmini qeyd edib. O, Azərbaycanda muzey sahəsində həyata keçirilən işlər, ölkənin aparıcı muzeyləri haqqında məlumat verərək, dünyanın ən böyük və unikal muzeylərindən olan Topkapı Saray Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılmasının ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirib.

Diplomat Topkapı Saray Muzeyində Azərbaycan tarixi üçün də əhəmiyyətli eksponatların yer aldığını və gələcəkdə birgə layihələr əsasında bu eksponatların Azərbaycanda da nümayiş etdirilməsi, Azərbaycan mədəniyyətinə dair sərgilərin isə Topkapı Sarayının qalereya və salonlarında sərgilənməsinə dair təkliflərlə çıxış edib.

Görüşdə Azərbaycan muzeyləri ilə qarşılıqlı əməkdaşlıq, Topkapı Sarayının kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmaların tədqiqata cəlb olunması, Saraylar İdarəsinin ixtisas kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə olunması, Sarayda Azərbaycan mədəniyyəti həftəliyinin keçirilməsi razılaşdırılmışdır.

Bundan başqa, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbuldakı muzey sahəsində qabaqcıl təcrübə olan İstanbul Dijital Deneyim Müzesi - Rəqəmsal Təcrübə Muzeyi ilə tanış olub, muzey rəhbərliyi ilə Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə olunub.

Ənənəvi muzey ziyarətindən fərqli, yeni yanaşma olan Virtual muzey - Rəqəmsal Təcrübə Muzeyində sensor ekranlar, süni intellektlə dəstəklənən interaktiv tətbiqlərə qədər geniş çeşidli texnologiyalardan istifadə etməklə ziyarətçilərə əsərlərlə birbaşa ünsiyyət qurmaq və qarşılıqlı əlaqə yaratmaq imkanı təklif olunur.

Qeyd edək ki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində yenilikçi addımları və müasir yanaşmaları sayəsində ənənəvi muzeyşünaslıq anlayışını texnologiyanın sonsuz imkanları ilə birləşdirərək mədəniyyət və incəsənətin universal dilini yaradılıb.

Muzeyin hər bir küncündə ziyarətçilərə incəsənətin müxtəlif ölçüləri ilə qarşılaşmaq imkanı verən interaktiv sərgilər təşkil edilib, nümayiş etdirilən interaktiv dizaynlar və proqram təminatı yerli yaradıcılıq və innovasiyaların nümayişi kimi türk proqram tərtibatçıları və dizaynerləri tərəfindən diqqətlə hazırlanmışdır.

3D və 4D təcrübələri təqdim edən Rəqəmsal Təcrübə Muzeyi hər ziyarətdə yeni hekayə və macəra təqdim edir, hər yaşdan və hər təbəqədən olan ziyarətçilərə sənət və texnologiyanın sehrli dünyasını kəşf etməyə və yaradıcılıqlarını üzə çıxarmağa imkan verir.

Ziyarət zamanı İstanbul Rəqəmsal Təcrübə Muzeyində ziyarətçilər üçün yaradılan imkanlar, müxtəlif guşələr, rəqəmsal otaqlar, dəhlizlər, məlumat sensorlarına baxış keçirilmiş, gələcəkdə Azərbaycan muzeyləri ilə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
olaylar.az

2Sources