EN

Yenilənib güclənən “Qarabağ”

“Qarabağ” ötən mövsüm bitən kimi heyətlə bağlı islahatlara başladı. Çempion və ölkə kubokunun sahibindən gedənlər də oldu, yeni gələnlər də. Qarşıdakı günlərdə Ağdam klubundan başqa kiminsə ayrılacağı inandırıcı görünmür. Ancaq yeni transferlərin davam edəcəyinə şübhə yoxdur. Gəlin görək “Qarabağ” indiki halda ötən sezonla müqayisədə güclənib, yoxsa zəifləyib?

Kapitanın vaxtında gedişi

Çempionlar Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazanan “Qarabağ”dan əvvəlcə gedənlər bəlli oldu. Kapitan Maksim Medvedev ölkə kubokunun “Zirə” ilə finalından sonra karyerasını bitirdi. Qərar gözlənilməz olsa da, Medvedevin gedişini “köhlən atlılar” üçün itki saymaq olmaz. Zatən, Maksim son vaxtlar əsas heyətdəki yerini itirmişdi. Bu mənada, onun daha 1-2 “Qarabağ”da qalmaq şansı olduğu halda, vaxtında karyerasını bitirməsi alqışalayiqdir.

Buntiç Lunyovu unutdura biləcəkmi?

Ağdam klubunun yeni müqavilə ilə bağlı uzun müddət danışıq apardığı Andrey Lunyovla ortaq məxrəcə gəlmək mümkün olmadı, nəticədə rusiyalı qolkiperlə də yollar ayrıldı. “Qarabağ”da ümumilikdə 34 oyun keçirmiş Lunyov Moskva “Dinamo”su ilə sözləşməyə qol çəkdi.

Andrey komandanın ötən sezondakı uğurlarında pay sahibi olub, əziyyətini danmaq olmaz. Sələfi Şahruddin Məhəmmədəliyevlə müqayisədə Lunyovun nəticəyə təsir edən kobud səhvləri az olsa da, o da səhvsiz deyildi və bəzi qolları reaksiya verməyə gecikdiyi üçün buraxırdı. Lakin ümumi götürsək, qapıda özgüvən hiss etdirirdi. Bu baxımdan Lunyovun ayrılığı “Qarabağ”a avrokuboklarda çətinlik yarada bilər. Düzdür, onun yerinə qapıçı gətirilib. Lakin yeni transfer Fabian Buntiçin Ağdam klubu üçün düşərli olub-olmayacağını indidən demək çətindir.

Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə 3 illik müqavilə imzalanıb. Sözləşmənin uzunmüddətli olması baş məşqçi Qurban Qurbanov və köməkçilərinin Buntiçə inandığını göstərir. Adətən “Qarabağ”ın Portuqaliya liqalarından gətirdiyi futbolçular ölkə çempionuna xeyir verib. Ümid edək ki, “Vizela”dan cəlb olunan qolkiper də sələflərinin yolu ilə gedəcək.

“Qarabağ”ın Diakabidən canı qurtuldu

“Qarabağ”la yolları ayrılan futbolçulardan biri Adama Diakabi oldu. Fransalı yarımmüdafiəçinin ayrılığı gözlənilən idi. Əslində, Qurban Qurbanova lazım olmayan 28 yaşlı futbolçunun gedişi çoxdan gündəmdə idi. Diakabiyə hələ bir müddət öncədən özünə yeni komanda tapmaq tapşırılsa da, o, bunu edə bilməmişdi. Buna görə də ağdamlılar müqavilə müddətinin sonunadək Diakabini heyətdə saxlamaq məcburiyyətində qalmışdılar. Sözləşməsi bitən kimi isə Adama ilə yollar ayrıldı və bu, “Qarabağ”ın ziyanına yox, xeyrinə atılmış addımdır. Diakabiyə böyük ümidlər bəslənilsə də, o, Azərbaycanda etimadı doğrultmadı.

Yeri gəlmişkən, Adama bundan sonra Türkiyənin “Bandırmaspor” klubunun formasını geyinəcək.

Quliyev də icarəyə verildi

“Qarabağ” yay “transfer pəncərəsi”ndə müdafiəçisi Nihad Quliyevi “Səbail”ə icarəyə verdi. Bundan əlavə, “Zirə”də icarə əsasında çıxış edən İsmayıl İbrahimli və Rüstəm Əhmədzadənin növbəti mövsümü də qəsəbə təmsilçisində keçirməsinə şərait yaradıldı. Zatən, adıçəkilən futbolçular bugünkü “Qarabağ”ın əsas heyətində özlərinə yer edə bilməzlər. Bu mənada, onların icarə əsasında başqa klublarda oynaması ilk növbədə özlərinin xeyirlərinədir.

Almeydaya gərək varmı?

“Qarabağ” bu yay bir neçə futbolçusu ilə yeni müqavilə imzaladı. Əvvəlcə Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeydanın sözləşmə müddətləri uzadıldı. Bəhlul komandanın əsas heyət üzvüdür, Nəriman isə ötən mövsümdə özünü yaxşı tərəfdən göstərdi, yaxın gələcəkdə daha güclü hücumçuya çevriləcəyinin mesajını verdi. Bu mənada, onlarla yeni müqavilənin imzalanması labüd idi.

Almeyda ilə bağlı isə eyni sözləri demək olmur. Birincisi, Riçard karyerasını bitirməyi üstün tutan Medvedevlə eyni yaşdadır. İkincisi, Almeyda artıq avrokubok matçlarındakı yüksək templə ayaqlaşa bilmir. Görünür, uzun illər “Qarabağ”a xidmət etməsi, üstəlik, yerli futbolçu statusu daşıdığı üçün çempionat oyunlarındakı rotasiyalarda istifadə edilmək ehtimalı üzündən onunla yeni müqavilə imzalanıb.

Gec oldu, güc oldu

“Qarabağ”ı yay fasiləsində düşündürən ən vacib məsələlərdən biri Abdullah Zubirlə yeni müqavilənin imzalanması idi. Başqa ölkələrdən sərfəli təklifləri olan Zubir seçim qarşısında qalmışdı və qərar verməkdə tələsmirdi. Bu səbəbdən onun Ağdam klubundakı taleyinə bir qədər gec aydınlıq gəldi. Amma gec oldu, güc oldu. “Qarabağ” Zubirlə uzun sürən danışıqların yekununda yeni – 3 illik müqavilə imzalaya bildi. 2018-ci ildən ağdamlıların əsas heyət üzvü olan Zubiri maddi məsələdə razı sala bilmək təqdirəlayiq haldır.

Musanın dönüşü hücumdakı rəqabəti artıracaq

Ölkə çempionu bu yay qapıçı Buntiçdən əlavə, hücumçu da transfer edib və həmin ad həm “Qarabağ”ın özünə, həm də bizə tanışdır. Ötən yay Ağdam klubundan “Yurqorden”ə transfer olunan Musa Qurbanlının İsveçdəki karyerası istədiyi kimi alınmadı. Nəticədə “Qarabağ” 1 mövsümdən sonra Musanı geri qaytararaq onunla 3 illik müqavilə bağladı. Qurban Qurbanovun oğlunun dönüşü ağdamlıların hücum xəttindəki rəqabəti bir qədər də artıracaq.

Kadi və Kaşuk gələrsə…

Şübhəsiz, tarixində ikinci dəfə Çempionlar Liqasının qrupunda oynamağı hədəfləyən “Qarabağ”dan bu yay daha səs-küylü transferlər gözlənilir. Hazırda danışıqlar aparılan futbolçuların sırasında bizə tanış simalar da var. “Qarabağ”da adından söz etdirmiş, ardınca isə 5 milyon avro qarşılığında “Krasnodar”a transfer olunmuş Kadi Borges də Azərbaycana dönmək istəyir və buna çox yaxındır. “Qarabağ”la Kadi arasında bütün məsələlərdə razılıq əldə olunub, hazırda ruslarla ortaq məxrəcə gəlməyə çalışılır. “Qarabağ”ın bu keçidi həyata keçirmək şansı yüksək dəyərləndirilir.

Qurban Qurbanovun ixtiyarında görmək istədiyi digər futbolçu isə “Sabah”ın sabiq yarımmüdafiəçisi Aleksey Kaşukdur. Hazırda onunla da danışıqlar davam etdirilir. Ən pis halda, “Qarabağ”ın Kadi – Kaşuk ikilisindən birini heyətinə qata biləcəyinə inam böyükdür. Bu baş versə, Ağdam klubu gücünə güc qatacaq. Könül istərdi ki, həm Borges, həm də Kaşukun “köhlən atlılar”a transferi baş tutsun. Bu zaman “Qarabağ” daha qarşısıalınmaz komandaya çevrilər.

CAVAD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources