EN

Dövlətçilik tariximiz necə təbliğ olunur?

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik tarixinə malik olan xalqlarındandır. Bunu sübut edən kifayət qədər fakt, abidə və salnamələr mövcuddur. Hazırda inteqrasiyanın sürətləndiyi bir vaxtda milli dövlətçilik tarixinin və ənənələrinin yeni nəsillərə ötürülməsi, keçmişə sahiblənərək gələcəyə müasir baxışın sərgilənməsi kimi mühüm məsələlərə xüsusi diqqət yetirilir.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyir ki, hər bir Azərbaycan vətəndaşı özünün müstəqil dövlətə sahib olmağı ilə fəxr etməlidir: “Yer üzündə yaşayan bütün xalqların dövləti olmaq xoşbəxtliyi yoxdur. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var və biz müstəqil dövlətin vətəndaşlarıyıq. Bu, müstəqil cümhuriyyətdən yaranan bir tarixdir. Azərbaycan dövlətçiliyinin tarixi çox qədimdir - e.ə. III minillikdən gələn bir tarixdir. Azərbaycan ərazisində dövlətçiliyimizin varisliyi zaman-zaman yadelli işğalların nəticəsində kəsilibdir. Bütün bunlara baxmayaraq, Azərbaycan böyük bir imperiya yaradan dövlət olub. XV əsrin sonu – XVI əsrin əvvəli Səfəvilər dövləti yaranıb. Bu dövlətin əsasını Azərbaycanəsilli sülalə qoyub. Yəni zəngin bir dövlətçilik tariximiz var. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il öncə bütün türk dünyasında ilk türk cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub. 105 ildir ki, respublika quruluşunda yaşayırıq. Düzdür, 23 aydan sonra birbaşa Sovet Rusiyasının hərbi müdaxiləsinin nəticəsində müstəqil dövlətçiliyimizə son qoyuldu, amma yenə də Azərbaycan Respublikası sovetlər formasında, müttəfiq dövlətlər statusunda öz varlığını saxladı. 1991-ci ildə isə dövlət müstəqilliyini bərpa edəndə özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi bərpa etdi. Bunlar çox qürurverici tarixdir”.

Tarixçi alim qeyd edir ki, milli dövlətçilik tarixinin və ənənələrinin yeni nəsillərə ötürülməsi istiqamətində müvafiq addımlar atılır: “Biz bu tariximizi, dövlətçilik irsimizi nə dərəcədə beynəlxalq ictimaiyyətə və yaxud da gənc nəslə çatdırırıq, bu ayrı bir məsələdir. Təbii ki, orta və ali məktəblərdə Azərbaycan tarixi tədris olunur və onun bir istiqaməti də Azərbaycanın dövlətçilik tarixidir. Sadəcə Azərbaycan dövlətçiliyi tarixini və fəlsəfəsini bilmək bir ayrı şeydir. Tədrisin keyfiyyətindən asılı olaraq, onu deyə bilərik ki, şagirdlərimiz və ya tələbələrimiz dövlətçilik irsimizə nə dərəcədə yaxından bələd olurlar? Çox təəssüf ki, orta məktəb dərsliklərində çoxlu tarix və şəxsiyyət adları proqrama salınır və şagirdlərin zehni yüklənir. Bəzən sadə bilgiləri soruşanda görürük ki, şagirdlər bu barədə məlumatsızdır. Bu, məyusedici bir haldır. Təbii ki, bu işə peşəkar yanaşmaq lazımdır. Eyni zamanda, tədris materialları dövlətçilik tarixini tam əhatə etməlidir. Dərslik yazanlar anlamalıdırlar ki, dərs vəsaitləri hansısa müəllifin monoqrafiyası deyil. Azərbaycanın son 30 ildən artıq işğal altında olan torpaqlarının azad olunması uğrunda aparılan hərbi-siyasi mübarizədə bizim ən böyük silahımız dövlətçilik tariximizi bilməyimiz olmalıdır və bu sahəyə ciddi önəm verilir. Dövlətçilik tarixini bilmək olduqca strateji bir məsələdir. Düzdür, 44 günlük müharibə Azərbaycan gəncliyinin bu yurd uğrunda necə fədakarcasına canından keçməyə hazır olduğunu göstərdi. Təbii ki, yurdda dövlətçilik olubsa, o, milli şüurda da dərin kök salacaq. Yalnız təbliğatla sevgi və ya dövlətçiliyə münasibət tam formalaşmır. Bu konkret əməllər ilə baş tutan bir amildir”.

Millət vəkili, tarixçi Anar İsgəndərov bildirir ki, adət-ənənələr minillər ərzində formalaşır. O, əlavə edib ki, ölkəmizin qədim dövlətçilik tarixi var və bunu təbliğ etməliyik: “Tarix həmişə dövlətçilik ənənəsi ilə diqqəti cəlb edir. Bu baxımdan Azərbaycan dünyanın o dövlətləri sırasındadır ki, tarix boyu ərazisinə, iqliminə, qədim insan məskənlərinə görə qədim ən dövlətlərin siyahısındadır. Füzuli rayon mərkəzindən 14 km kənarda yerləşən Azıx mağarası bunu sübut edir. Xalq olaraq düşüncə sahibi kimi dövlətini qurur, ərazisi, əhalisi, iqtisadiyyatı olur. Beləliklə, illər ərzində elmə, təhsilə, mədəniyyətə xüsusi önəm verir, qonşu dövlətlərlə münasibətlər qurur. Bu cəhətdən tarixi İpək yolunun Azərbaycan torpaqlarından keçməsi, bura gəlib gedənlərin çoxluğuna səbəb olub.Dünyanın ən qədim abidələri bizim ölkədədir. Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi dövlətlər qədim idarəçilik tariximizdən xəbər verir.

Azərbaycan gəncliyinin tariximizi bilməsinin və önəm verməsinin nəticəsində 44 günlük müharibədə vətənin ermənilər tərəfindən işğal edilmiş bütün ərazisini düşməndən geri aldı.

Hər bir cəmiyyət nöqsanlardan səhvlərdən nəticə çıxarır. Azərbaycan dövləti BMT-nin 194 dövlətindən biridir. Ərazisi kiçik, əhalisi az olsa da müstəqil dövlətlərdə biridir. Azərbaycan gəncləri dünyanın hər yerində Azərbaycan həqiqətlərini yayır. Həmçinin öyrəndikləri təcrübələri Azərbaycanda tətbiq edirlər. Azərbaycan dövlətçiliyi həyatın bütün sahələrində, o cümlədən gənclər üçün hər cür şərait yaradıb. Ona görə də gənclərimiz və hər birimiz dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ilə bağlı əlimizdən nə gəlirsə etməliyik”.

Milli Məclisin deputatı Tahir Rzayev də deyir ki, Azərbaycan xalqının özünəməxsus milli-adət ənənələri, mənəvi dəyərləri var: “Bu milli-mənəvi dəyərlərə söykənməklə xalqımız özü tarixini, adət-ənənələrini daim yaşadır. Azərbaycanda son illər həyata keçirilən bir sıra mühüm tədbirlər də bunu deməyə əsas verir. Məsələn, ölkəmizdə bir neçə ildir keçirilən “Muğam müsabiqəsi” milli dəyərlərimizə söykənən, musiqimizin, muğamımızın yaşadılmasına xidmət edən çox mühüm layihədir. “Muğam müsabiqəsi”ni bu gün nəinki Azərbaycan xalqı, bütün müsəlman dünyası izləyir. Bu, milli mədəniyyətimizin, tariximizin təbliğində çox böyük vasitədir. Cənab Prezident hər zaman deyir ki, tariximizi təbliğ etməli, öyrənməliyik. Ulu öndər Heydər Əliyev də vaxtilə deyirdi ki, tariximizi öyrənməsək, keçmişimizə baxmasaq, yol verilən nöqsanlardan nəticə çıxarmasaq, gələcəyə uğurla gedə bilmərik. Bilməliyik ki, Azərbaycan xalqı hansı tarixi yolu keçib, qələbələr qazanıb, səhvlərimiz nə olub? Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox böyük qiymətləndirilib, bununla bərabər o dövrdə müəyyən səhvlərə, gərginliklərə də yol verilib”.

T.Rzayev vurğulayır ki, tarixi öyrənmək, təhlik etmək gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir: “İlk növbədə dilimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyət tariximizi, adət-ənənələrimizi hər birimiz yaşatmalıyıq. Dilimizi mükəmməl bilməsək, təbliğ etməsək, heç vaxt başqa xalqların dilinə müsbət münasibət bəsləyə bilmərik. Bütün bunlar insan mənəviyyatının, həyatının tərkib hissəsidir və mütləq olmalıdır. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsində xüsusən Vətən Müharibəsindən sonrakı dövrdə çox sayda humanitar tədbirlər həyata keçirilib. Bu tədbirlər bilavasitə Azərbaycanın inkişafını beynəlxalq səviyyədə nümayiş etdirməyə əsaslanıb. Ölkəmizdə keçirilən beynəlxalq idman yarışları, konfranslar və s. Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Son dövrlə bunun əhəmiyyətini görürük. Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı nəyə xidmət edirdi? Birbaşa Azərbaycan mətbəxinin milli yeməklərinin təbliğ olunmasına. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı həm Şuşanın tanıdılmasına, həm “Xarıbülbül” adı altında milli dəyərlərimizin təbliğinə xidmət edirdi. Bütün bunlar xalqımızın milli addət-ənənələrinin tanıdılması, mənəvi inkişafımız baxımından çox vacibdir. Min illər boyu formalaşan təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
hafta.az

1Sources