Bir zamanlar “Keşlə”nin formasını geyinmiş Con Kamara Filippinin “Yunayted Siti” klubundan qovulub.

Offsideplus.az xəbər verir ki, buna Syerra-Leoneli yarımmüdafiəçinin atasının ölümünü saxtalaşdırması səbəb olub. Belə ki, futbolçu atasının vəfat etməsini əsas gətirərək, ölkəsinə yollanıb, Filippin rəhbərliyi oyunçudan qayıtmasını istəsə də, pul tələb edib.

 Sonradan üzə çıxıb ki, Kamara 2021-ci ildə “Keşlə”də (hazırkı “Şamaxı”) çıxış edərkən də, atasının dünyasını dəyişməsi barədə açıqlama verib. Filippin klubu məsələ ilə bağlı “Keşlə”nin sabiq rəsmiləri ilə əlaqə saxlayıb və 3 il öncə Conun Azərbaycan təmsilçisinə valideyninin vəfat xəbəri verdiyi ilə əlaqədar təsdiq cavabı alıb.

“Yunayted Siti” klubunun CEO-su Erik Qotşalk saytımıza açıqlamasında futbolçu ilə müqaviləyə xitam verildiyini bildirib. Oyunçudan atasının ölüm sertifikatı tələb olunsa da, sənədi ala bilmədikləri üçün futbolçunun “Keşlə”yə, yoxsa ən son klubuna yalan danışdığı bəlli olmayıb.

Günay XƏLİL