EN

"Qiymət dəyişilirsə, keyfiyyət də yüksələcək" — AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Beləki, şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında və Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə məsafədən asılı olmayaraq 50 qəpik təyin olunub. Həmçinin, Bakı-Sumqayıt avtobuslarında da gedişhaqqı 70 qəpik müəyyən edilib.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasına görə, qiymət dəyişikliyi olursa, əlbəttə ictimai nəqliyyatda gediş də daha təhlükəsiz və komfortlu olacaq. 

Eldəniz Cəfərov qeyd edib ki, burada cəmiyyətin də fikri nəzərə alınıb və özəl daşıyıcıların xahişinə görə, qiymət 100% yüksəlməyib:

“Dünya iqtisadiyyatında baş verən dəyişikliklərə biz də hazır olmalıyıq. Bunu iqnor edə bilmərik. Bir neft ölkəsi olaraq enerji daşıyıcılarının qiymətlərinin bəzən kəskin artması və azalmasına da xüsusi diqqət yetirməliyik. Qiymət dəyişikliyi ilə bağlı hələ 2 il bundan əvvəl ictimai nəqliyyatda çalışan özəl daşıyıcılar dövlətə müraciət etmişdilər. Bu müraciətlər dəfələrlə həm yazlı formada, həm media vasitəsilə olmuşdu. İctimai nəqliyyatın avtobus seqmentində çalışan özəl daşıyıcılar gediş haqqının 60 qəpik civarında olmasını xahiş edirdilər. Bunu onunla əsaslandırırdılar ki, bir sərnişinin daşınması onlara 85 qəpiyə başa gəlir. Ona görə çalışmaq onlara sərf etmir və ziyana işləyirlər. Dövlət onu nəzərə aldı, lakin qiyməti 100% yüksəltmədi və qiymət 30 qəpikdən 40 dəyişdirildi. Bu gün isə həmin qiymət 50 qəpik təşkil edir. Yenə də dövlət özünün sosial yönümlü siyasətini nəzərə alaraq qiymətləri kəskin yüksəltməyib. Bununla yanaşı dövlət özəl daşıyıcılara subsidiya verilməsini təmin edəcək. Yeni bir sistem yaradılır, yeni bir proqram olacaq. Bu Brutto müqaviləsi adlanır. Dünyanın ən inkişaf etmiş bəzi ölkələrində bu sistem mövcuddur. Dövlətin özəl daşıyıcılara olan dəstəyidir. Daşınmasından asılı olmayaraq ona müvafiq olaraq dövlət özəl daşıyıcılara müəyyən konpensasiya təklif edəcək. Payızda biz yeni ekoloji cəhətdən təmiz elektrobusların gəlişini gözləyirik. Qiymət dəyişilirsə keyfiyyət də yüksələcək. Özəl daşıyıcılar da bunun məsuliyyətini hiss etməlidirlər”. 

Eldəniz Cəfərov bildirib ki, hansı özəl daşıyıcı ictimai nəqliyyatda çalışa və öz avtobus parkını yeniləyə bilməyəcəksə o yəqinki özünü artıq başqa sahədə sınaya bilər: 

“Qiymətlərin dəyişməsində biz uzaq perspektivə baxmalıyıq. Artıq Bakının ictimai nəqliyyatında avmosferə zəhərli CO2 karbon qazını buraxan, eyni zamanda dizel mühərriki ilə çalışan avtobusların istismar olunması qadağan olunub. Dizel mühərrikli avtobuslar Bakının ictimai nəqliyyatında çalışa bilməz. Bunu üçün bütün daşıyıcılar avtobus parkını yeniləməli və dizel mühərrikli avtobuslardan imtina etməlidirlər. Bu da təbii ki, özəl daşıyıcılara külli miqdarda ziyan vuracaq. Həm bu avtobusların dövriyyədən çıxarılması, həm də yeni avtobuslarla əvəz etmək heç də ucuz başa gəlməyəcək. Digər tərəfdən biz bunu dövlətin biznesə təklif etdiyi bir güzəşt kimi qəbul etməliyik. Məqsədlərdən biri də odur ki, 2030-cu ilə qədər bizim ölkəmiz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nə çevrilməlidir. Bu, bizim dövlət proqramlarımızda təsbit olunub. 2022-2026-cı illəri əhatə edən sosial inkişafa dair proqramlarda da var. 2030-cu il Azərbaycanın milli prioritetlərində də bu göstərilir. Ona görə də biz bu gündən hazırlaşmalıyıq. Gələcəyə atılan addımlardan biri elə bu qiymət dəyişikliyidir”. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
demokrat.az

2Sources