EN

Avropa çempionatında 9 medal qazandılar - AÇIQLAMALAR

Yunan-Roma güləşi millimiz Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yarışa qatılan komandanın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb. Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionluğunu qazanıb. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla 3-cü yeri tutub.
Beləliklə, U-17 yunan-Roma güləşi yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub. Millimiz medalların sayına və xallara görə də yeni rekorda imza atıb.

Millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb. Qeyd edək ki, Turan Daşdəmirov və Ayxan Cavadov finalda erməni rəqiblərlə qarşılaşıb. Turan Daşdəmirov (51 kiloqram) Yurik Mxitaryana tam üstünlüklə (8:0), Ayxan Cavadov (60 kiloqram) isə Aleks Marqaryanı 9:4 hesabı ilə məğlub edərək qitə çempionu olublar. Bu, Turanın 2-ci Avropa çempionluğudu. "Futbol+" olaraq, hər iki güləşçi ilə əlaqə saxladıq:
Turan Daşdəmirov:
"Turnir həm mənim, həm də komandamız üçün çox uğurlu keçdi. Özümə güvənirdim. Çünki yığma komandanın müəllimləri ilə necə lazımdı məşqlərimizi etmişdik. Rəqiblərimin hər biri güclü idi. Finalda erməni idmançıyla qarşılaşdım və təmiz qələbə qazandım. Erməni ilə qarşılaşmaq tam ayrı bir hissdi. İnsan daha da məsuliyyətli olur. Şükür Allaha, qələbə qazanıb bayrağımızı dalğalandırdım”. 


Ayxan Cavadov:
"Yarış yüksək səviyyədə təşkil olunmuşdu və gözlədiyimdən də yaxşı keçdi. Bu yarışa neçə müddətdi məşqçilərimizin rəhbərliyi altında tam hazırlaşmışdım, qələbəyə inamım çox idi. Məşqçilərimizə də təşəkkürümü bildirirəm. Rəqib baxımından çətinliyə gəlincə, ehtiyatlandığım rəqibim rus idmançı idi. Ancaq iradəm sayəsində qalib gəldim. Bu qələbəni gözləyirdim. Erməni idmançıya hissədə uduzmağıma baxmayaraq, həm məşqçilərimin mənə dəstəyi və tapşırığı, həm də rəqibimin erməni olması mənə bu qələbəni qazandırdı. İnşallah, qarşıdan gələn dünya çempionatında yenə də ölkəmin bayrağını zirvəyə qaldırmağa çalışacağam". 

GÜNAY SÜLEYMANOVA 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources