EN

Yaxın Şərqdə 18 ildir hazırlanan böyük savaş yaxın həftələrdə başlaya bilər- ABŞ və İran da hazırlıqlara başlayıb...

Image

Dünya indi İsraillə "Hizbullah" arasında müharibəni qəti olaraq görür. Hər iki tərəf sərhəddə hərbi qüvvə toplayıb. Müharibə ekspertləri ABŞ və Avropanın dəstəyi olmadan İsrailin qalib gəlməsinin mümkün olmadığını iddia edirlər.

İsrail mətbuatı, 2006-cı ildə "Hizbullah"-İsrail müharibəsinin əslində o dövrdə bitmədiyini və hər iki tərəfin 18 ildir bu savaşa hazırlaşdığını bildirib. Yerli media İsrail ordusunun o dövrlə müqayisədə xeyli təkmilləşdiyini, Dəmir Günbəz, David's Sling və Arrow 3 sistemlərinə sahib olduğunu, ordunun daha da müasirləşdiyini və süni intellektlə dəstəklənən pilotsuz təyyarələrin və raketlərin bu müharibədə qələbəyə aparacağını iddia edir. "Hizbullah" isə 2006-cı ildən bəri döyüşçülərinin sayını artırıb və İranın sonsuz dəstəyi ilə ordusunu müəyyən səviyyədə gücləndirib.

200 minə yaxın döyüşçüsü olduğu təxmin edilən "Hizbullah"ın İrandan aldığı ballistik raketlər və hətta tankları var. "Hizbullah"ın Fələstinin HƏMAS və İslami Cihad qrupları da daxil olmaqla, bölgədəki İranın dəstəklədiyi digər qruplarla dərin əlaqələri var. Qərb ölkələri, o cümlədən ABŞ "Hizbullah"ı terror təşkilatı kimi tanıyır. ABŞ-ın müttəfiqi olan Körfəz ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı da eyni şeyi edir. Avropa Birliyi "Hizbullah"ın hərbi qanadını terror qruplaşması kimi təsnif edir, lakin siyasi qanadını yox.

Bölgədə genişmiqyaslı müharibə çox güman ki, bir neçə cəbhəyə yayılacaq və İranın Suriya, İraq və Yəməndə dəstəklədiyi qüvvələrin savaşda iştirakını artıracaq və bəlkə də İranın özü də müharibəyə birbaşa qoşulmağa məcbur olacaq. Qeyd edilir ki, artıq bununla bağlı hazırlıqlar da başlayıb. Müharibə həmçinin İsrailin ən yaxın müttəfiqi olan ABŞ-ı da münaqişənin içinə çəkə bilər. Buna görə də ABŞ bölgəyə əlavə hərbi gəmilər göndərib. İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Orna Mizrahi "Hizbullah"ın müxtəlif mənzillərdə 150 mindən 200 minə qədər raketə malik olduğunu bildirir, bu arsenalın HƏMAS-dan ən azı beş dəfə böyük və çox olduğunun dəqiq olduğunu qeyd edib. "Hizbullah" yaraqlılarının idarə olunan raketləri su, elektrik və ya rabitə vasitələrinə və əhalinin sıx məskunlaşdığı əraziləri vura bilər.

İsrail rəsmisi Yair Katz isə İsrailin İran və onun dəstəklədiyi qüvvələrə qarşı müharibədə "qiyamət silahlarından" istifadə etməyə hazır olduğunu bildirib: "Əgər təhlükənin mövcud olduğunu görsək, İran, Yəmən , Suriya, İraq və əgər bütün Yaxın Şərq ölkələri bizimlə hesablaşmağın vaxtının gəldiyinə qərar versələr, bizim apokalipsis silahlarından istifadə edə biləcəyimizi də bilməlidirlər".

Qərb ölkələrinin İsrailə dəstəyini də vurğulayan Katz deyib ki, amerikalılar, ingilislər və almanlar bizə kəşfiyyat məlumatları verirlər: "Bizi təhlükəyə atacaq hərəkətliliyin harada olduğunu bizə bildirirlər".

Amerika, Avropa və Ərəb vasitəçilər isə İsraillə Livan "Hizbullah"ı arasında artan sərhədyanı hücumların dünyanın aylardır qorxduğu daha geniş Yaxın Şərq müharibəsinə çevrilməsinin qarşısını almağa çalışır. ABŞ-da hesab edirlər ki, İsraillə Livan "Hizbullah"ı arasında savaş yaxın həftələrdə başlaya bilər.

ABŞ "Hizbullah"ın bölgədə gərginliyi artırdığını və mümkün müharibə vəziyyətində İsrailə hərtərəfli dəstək verəcəklərini bildirib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources